AZƏRBAYCANIN TRANZİT-LOGİSTİKA İMKANLARI DƏNİZƏ ÇIXIŞI OLMAYAN ÖLKƏLƏR ÜÇÜN DƏ MÜSTƏSNA ƏHƏMİYYƏT KƏSB EDİR

Türkmənistanın Avaza Milli Turizm Zonasında keçirilən BMT-nin Dənizə Çıxışı Olmayan İnkişaf Etməkdə Olan Ölkələr üzrə III Konfransı bir çox parametrlər baxımından dünya miqyasında xüsusi diqqət mərkəzində yer alır. Çünki bu tədbirin nəticələri böyük bir coğrafi məkanda geoiqtisadi, hətta geosiyasi müstəvidə mühüm dəyişikliklərə rəvac vermək iqtidarındadır. BMT-nin baş katibi Antonio Quterreşin tədbir çərçivəsində səsləndirdiyi fikirlər də bunu təsdiq edir. Onun sözlərinə görə, coğrafiya dövlətlərin taleyini həll etməməlidir.

Öz növbəsində Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev  qeyd edib ki, məhdud regional nəqliyyat əlaqələri hələ də dənizə çıxışı olmayan ölkələr üçün əsas problem olaraq qalır. Onun sözlərinə görə, dənizə çıxışı olmayan 32 inkişaf etməkdə olan ölkədə yarım milyarddan çox insan hələ də maliyyə resurslarına, texnologiyalara və dünya bazarlarına çıxışda maneələrlə üzləşir. Bütün bunlar fonunda Xəzər dənizinin Türkmənistan sahilində keçirilən konfransda əsas  məqsədlərdən biri  barəsində bəhs olunan 32 dövlətin potensialını üzə çıxarmaq, habelə mövcud nəqliyyat layihələrini gücləndirmək və yeni inkişaf yollarını müəyyən etməkdir. Elə bununla bağlı olaraq tədbir çərçivəsində ikitərəfli və çoxtərəfli səviyyələrdə mühüm danışıqlar aparılıb.

Antonio Quterreş tədbir fonunda 32 ölkənin potensialını üzə çıxarmaq üçün nəzərdə tutulmuş birgə iş üçün dörd əsas sahəyə diqqət yetirib. Bunlardan ilki rəqəmsallaşma və innovasiya vasitəsilə iqtisadi sıçrayışdır. Burada əsas diqqət sənaye və yeni texnologiyalara investisiyaların qoyuluşuna yönəlməlidir. Ticarət və nəqliyyat digər istiqamətdir. Başqa bir sahə iqlimlə bağlıdır. Atmosferə atılan emissiyalarda dənizə çıxışı olmayan ölkələrin payı az olsa da, onlar iqlim böhranından ən çox əziyyət çəkənlər sırasındadır. Bundan əlavə Antonio Quterreş mövcud beynəlxalq iqtisadi sistem və maliyyə arxitekturasında ciddi islahatların aparılmasına ehtiyacın olduğunu bəyan edib: “İkinci dünya müharibəsindən sonra inkişaf etməkdə olan ölkələrin bir çoxunun iştirakı olmadan formalaşan mövcud beynəlxalq iqtisadi və maliyyə arxitekturası bu gün zamanın çağırışlarına cavab vermir və islahata ehtiyacı var”. Baş katib borc yükünün təcili yüngülləşdirilməsi, güzəştli maliyyələşdirmənin artırılması və beynəlxalq maliyyə institutlarının potensialının gücləndirilməsinin zəruriliyini vurğulayıb.

 Quterreş vurğulayıb ki, dənizə çıxışı olmayan ölkələrin nailiyyətləri 2030-cu iləqədər olan gündəliyin uğurunun açarıdır. Onun sözlərinə görə, əsas problem coğrafi maneələri xalqları, bazarları və mədəniyyətləri birləşdirən körpülərə çevirmək, hamı üçün daha ədalətli və davamlı gələcək yaratmaqdır. Bu yanaşma Azərbaycanın da mövqeyi ilə üst-üstə düşür. Əslində, qeyd edilən istiqamətdə Azərbaycan uğurlu inkişaf yolunun ən yaxşı nümunələrindən birini də yaratmağı bacarıb. Rəqəmsallaşma və innovasiya sahəsində Azərbaycanın əldə etdiyi nailiyyətlər beynəlxalq miqyasda da təqdir edilir. İqlim dəyişikliyinə qarşı mübarizə yaşıl enerji keçidi sahəsində indi Azərbaycanın təcrübəsinə beynəlxalq miqyasda böyük maraq var. Ticarət, yükdaşımalar, tranzit-logistika istiqamətində ölkəmizin atdığı addımlar Avrasiyanın nəqliyyat xəritəsini dəyişir. Mövcud beynəlxalq iqtisadi və maliyyə arxitekturasının dəyişməsi istiqamətində də Azərbaycanın aktiv fəaliyyəti var. Bu mənada Azərbaycan modeli dənizə çıxışı olmayan ölkələr üçün ən yaxşı nümunələrdən biri hesab olunur.

Qarşıdakı dövr ərzində Azərbaycanın yaratdığı tranzit imkanları dənizə çıxışı olmayan ölkələr üçün daha böyük əhəmiyyət kəsb edəcək. Bu hal Mərkəzi Asiya ölkələri üçün indidən özünü qabarıq şəkildə büruzə verir. Maraqlıdır ki, indi dünya mediası BMT-nin Avaza konfransı çərçivəsində yeni regional ittifaqın yaranmasından bəhs edir. Azərbaycan, Özbəkistan və Türkmənistan bu fonda üçtərəfli əməkdaşlıq formatına başlayıb. Türkmənistanın lideri, Xalq Məsləhtinin sədri Qurbanqulu Berdiməhəmmədov Azərbaycanın Baş naziri Əli Əsədov və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə görüşərək qarşılıqlı faydalı layihələri müzakirə edib. Enerji, nəqliyyat, sənaye və kənd təsərrüfatına xüsusi diqqət yetirilib. Türkmənistan və Özbəkistan təmsilçiləri Azərbaycanın Mərkəzi Asiyada artan rolunu görüş zamanı xüsusi vurğulayıblar. Bu yeni formatın əhəmiyyətinə toxunan Qurbanqulu  Berdiməhəmmədov qeyd edib ki, sözügedən birliyin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən fəal dəstəklənməsi onu zamanın tələblərinə cavab verən daimi təcrübəyə çevirəcək.

Qarşıdakı dövr ərzində Mərkəzi Asiyanın ixrac-idxal əməliyyatlarında Azərbaycanın tranzit imkanlarından daha geniş miqyasda istifadə etməyə başlayacağı gözlənilir. Bu regionda yer alan ölkələr, eləcə də dənizə çıxışı olmayan dövlətlər üçün Zəngəzur dəhlizinin açılması isə əlavə fürsətlər yaradacaq. Azərbaycan, ABŞ və Ermənistan liderlərinin  Vaşinqton görüşündən sonra Zəngəzur dəhlizinin açılması istiqamətində işlərin daha fəal mərhələyə daxil olması gözlənilir. Əslində, Azərbaycan dəhlizlə bağlı üzərinə düşən öhdəlikləri demək olar ki, başa çatdırmaq üzrədir. Ermənistanın Zəngəzur dəhlizi ilə bağlı yaratadığı maneənin Vaşinqton görüşündən sonra aradan qalxması gözlənilir. Ermənistanda artıq belə bir yanaşma hakimdir ki, Zəngəzur dəhlizinin açılması bu ölkəyə çoxsaylı dividendlər qazandıracaq. ABŞ və Avropa da dəhlizin işə düşməsində maraqlı tərəf kimi çıxış edir. Zəngəzur dəhlizinin açılması dənizə çıxışı olmayan ölkələr üçün də yeni tranzit imkanların yaranması deməkdir.

MTM Analitik Qrup