AZƏRBAYCANIN TƏŞƏBBÜSLƏRİ İLƏ CƏNUBİ QAFQAZIN GEOSİYASİ, GEOİQTİSADİ ARXİTEKTURASI  YENİDƏN QURULUR

Cənubi Qafqazın geosiyasətində Azərbaycanın sülh təşəbbüsləri sayəsində fundamental dəyişikliklər başlanıb və bu hal bütün dünyada böyük maraqla, xüsusi diqqətlə izlənilir. Bu fonda hazırda müşahidə edilən odur ki,  Bakı və İrəvan passiv tranzitdən aktiv ticarətə keçir. Amma buna paralel olaraq, tranzit məsələsində də yeniliklərin miqyası genişlənir və belə vəziyyət  Cənubi Qafqazın geoiqtisadi mənzərəsində də mühüm dəyişikliklərlə müşayiət edlir.

Azərbaycan regionda sülh və əməkdaşlıq təşəbbüslərinin reallaşması üçün Ermənistanla münasibətlərin normallaşmasında maraqlıdır, sözügedən istiqamətdə müvafiq addımlar atır. Bu fonda ölkəmiz üzərindən Ermənistana ixracın həcmi artan xətt üzrə inkişaf edir və bunu “Rossiya 24” telekanalına müsahibəsində Rusiya baş nazirinin müavini Aleksey Overçuk da təsdiq edir. Onun sözlərinə görə, Rusiya yaxın vaxtlarda Azərbaycan ərazisindən Ermənistana təkcə taxıl deyil, həm də digər məhsullar, xüsusən gübrələr tədarük etməyi planlaşdırır. Bu ixrac dəmir yolu marşrutu ilə gerçəkləşdiriləcək. Aleksey Overçuk  Rusiya taxılının Azərbaycan və Gürcüstan ərazisindən keçməklə Ermənistana göndərilməsini mühüm hadisə kimi quiymətləndirib: “30 ildən artıq müddətdə, Ermənistanla Azərbaycanın müstəqilliyi dövründə ilk dəfə olaraq taxıl yüklü qatar hərəkət etdi. Bu, Rusiya taxılı idi, sonra Qazaxıstan taxılı da keçdi və biz bu xəttin digər növ yüklərlə, o cümlədən gübrələrlə yüklənməsi imkanlarını müzakirə edirik”.

Xatırlatmaq lazım gəlir ki, Rusiya Ermənistana ilk taxıl partiyasını 2025-ci il noyabrın əvvəlində göndərib. Ermənistan ildə təxminən 500 min tona kimi taxıl idxal edir, bunun, demək olar ki, hamısı Rusiyadan gətirilir. Əvvəllər ixrac əsasən quru sərhəd-keçid məntəqələri vasitəsilə avtomobil nəqliyyatı ilə, eləcə də Gürcüstan limanları üzərindən dəniz yolu ilə gerçəkləşib. Azərbaycan və Gürcüstan ərazisindən keçməklə yeni marşrut isə nəqliyyat xərclərini azaltmağa və tədarüklərin dayanıqlığını artırmağa imkan verir. Azərbaycan və Ermənistan arasında birbaşa dəmir yolu əlaqəsinin bərpası isə İrəvan üçün əlavə üstünlüklər və daha sərfəli şərtlərlə təminat deməkdir. Elə bu fonda Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsində bir neçə digər dəmir yolu hissəsinin bərpasının artıq həyati əhəmiyyət kəsb etdiyini bəyan edib.   O, misal kimi İcevan, Arazdəyən və Axurik dəmir yolu hissələrini göstərib: “Bu dəmir yolları Ermənistanı Azərbaycan və Türkiyə ilə birləşdirir. Xeyli fəal siyasi proseslər gedir”. Paşinyan qeyd edir ki, dəmir yolunun bu hissələrinin yenidən açılması ilə bağlı hazırlıq işlərinin aparılması zərurəti yaranıb.

Onu da qeyd etmək lazımdır ki, son aylara qədər inanılması mümkünsüz görünən daha bir hadisə də Azərbaycan neft məhsullarının Ermənistana çatdırlmasıdır. Dekabrın 19-da 22 vaqonlu qatar Ermənistana  Azərbaycan istehsalı olan 1300 ton Aİ-95 markalı benzin çatdırdı.  Bu, 1990-cı illərdən bəri  Ermənistan üçün Azərbaycandan ilk birbaşa enerji məhsulları idxalı oldu. Revanşist qüvvələr istisna olmaqla, baş verən proseslər Ermənistanda alqışlanır. Ermənistanın hakim “Vətəndaş müqaviləsi” Partiyasının təmsilçisi, parlamentin iqtisadi məsələlər komitəsinin sədr müavini Babken Tunyan qeyd edir ki, baş verənlər diversifikasiya məntiqinə uyğundur: “Biz Rusiyanın tamamilə yerini tutmaq məqsədi qoymamışıq. Biz diversifikasiya məqsədi qoymuşuq”. Onun sözlərinə görə, alternativ təchizat kanalının olması, ehtiyacların 100 faizini ödəməsə belə, dominant təchizatçını yanacaqdan təsir gücü kimi istifadə etmək imkanından məhrum edir: “Təchizatçı əlverişli qiymət təklif edərsə, biz alırıq. Bazar belədir”. “Vətəndaş müqaviləsi”  fraksiyasından olan parlament üzvü Sergey Baqratyan Azərbaycandan idxala qarşı çıxan radikal müxalifətin arqumentlərini absurd adlandırıb: “İqtisadi münasibətlər olmadan sülh qurmaq mümkün deyil”.

Azərbaycan və Ermənistan arasında münasibətlərin tədricən bərpası Qərbdə də alqışlanır. Məsələn,  Avropa İttifaqı  iki ölkə arasında nəqliyyat və iqtisadi əlaqələrin açılmasını müdafiə edir, bunu uzunmüddətli sülhün təməli kimi görür. Eyni yanaşma ABŞ tərəfindən də sərgilənir. Bütün bunlar həm də Azərbaycanın regonda həyata keçirdiyi sülh və əməkdaşlıq siyasətinin beynəlxalq aləmdə dəstəklənməsi deməkdir. Azərbaycan bu istiqamətdə siyasətini davam etdirməyə hazırdır və Ermənistan da mövcud vəziyyətdən məmnundur. Adıçəkilən ölkənin baş nazirin müavini Mher Qriqoryan bildirir ki,  Azərbaycandan göndərilən məhsul çeşidinin genişləndirilməsi, o cümlədən Ermənistan məhsullarının Azərbaycana ixracı gözlənilir. 

Həyata keçirilən fəaliyyət sayəsində regionda kommunikasiyaların açılması, nəqliyyat dəhlizlərinin bərpası və qarşılıqlı iqtisadi inteqrasiyanın mümkünlüyünü təsdiq edir. Ermənistan da qəbul edir ki, Azərbaycan Cənubi Qafqazın əsas logistika və nəqliyyat mərkəzinə çevrilmək strategiyasını uğurla həyata keçirir. Bakı-Tiflis-Qars dəmir yolu, beynəlxalq dəniz limanı, avtomobil magistralları və Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycanın regiondakı rolunu daha da gücləndirib. Bu infrastruktur potensial olaraq Ermənistan üçün də iqtisadi imkanlar yarada bilər. Digər tərəfdən, regional iqtisadi əməkdaşlıq sülh və sabitliyin möhkəmlənməsinə xidmət edən mühüm vasitə kimi də dəyərləndirilir. Beynəlxalq təcrübə göstərir ki, qarşılıqlı ticarət əlaqələri münaqişə risklərini azaldır.

Hazırda Azərbaycan öz qalib mövqeyindən çıxış edərək, milli maraqlarına uyğun, beynəlxalq hüquqa əsaslanan və regional sülhü möhkəmləndirən siyasət yürütməkdə davam edir. Ermənistanda bütün cəzmiyyət anlamalıdır ki, iqtisadi imkanlar revanşizm və qeyri-konstruktiv davranış fonunda deyil, yalnız sülh və əməkdaşlıq şəraitində mümkündür. Elə bundan irəli gələrək, erməni tərəfi Zəngəzur dəhlizinin açılmasını da tezləşdirməklə, qarşısında əlavə fürsətlər pəncərəsi aça bilər.  Bu fonda  ABŞ hazırda həm Ermənistan, həm də Azərbaycanla Zəngəzur dəhlizi ayihəsinin təfərrüatları ilə bağlı intensiv ikitərəfli məsləhətləşmələr aparır. Bunun daha bir təsdiqi Ermənistan və Azərbaycanın ABŞ-dakı səfirləri Narek Mkrtçyanla Xəzər İbrahimin ABŞ-da Zəngəzur dəhlizi ilə bağlı  müzakirələri oldu. Dəyirmi masa müzakirəsinə Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistandan olan diplomatlar da qoşulublar. Müzakirə Zəngəzur dəhlizinin infrastruktur inkişafını necə sürətləndirə, regional əlaqələri necə gücləndirə biləcəyinə həsr edilib. Bütün bunlar Azərbaycanın xüsusi maraq dairəsində olan Zəngəzur dəhlizinin tezliklə işə düşmə ehtimalını artırır ki, bu da regionda sülh və əməkdaşlıq üçün olduqca mühümdür.

MTM Analitik Qrup