
Son illərdə Azərbaycanın müxtəlif bölgələrində beynəlxalq tədbirlərin, forumların, konfransların, idman yarışlarının, sərgilərin və bu qəbildən olan digər tədbirlərin təşkili daha geniş vüsət alıb və bu hal demək olar ki, ölkənin inkişaf strategiyasının mühüm tərkib hissəsinə çevrilib. Paytaxt Bakı uzun illərdir beynəlxalq arenada mühüm tədbirlərə ev sahibliyi etsə də, regionlarda belə tədbirlərin keçirilməsi həm ölkə daxilində tarazlı inkişafı, həm də Azərbaycanın dünyadakı imicini gücləndirən strateji addımlardandır. Xüsusən işğaldan azad edilən ərazilərdə təşkil olunan beynəlxaql tədbirlər bu yerlərdə həyata keçirilən və dünya üçün uğurlu nümunəyə çevrilən abadlıq-quruculuq işlərinin qlobal miqyasda da tuğurlu əqdimatı kimi dəyərləndirilə bilər.
Digər tərəfdən bu proses regionların iqtisadi, sosial və mədəni inkişafına mühüm təkan verir, onların turizm və investisiya potensialını artırır. Qəbələdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşünə həm də qeyd edilən kontekstdən yanaşıla bilər. Tədbir təkcə iştirakçı ölkələrin yox, ümumən beynəlxalq ictimaiyyətin diqqətini Qəbələyə yönəldib. Eyni sözləri bundan öncə Azərbaycanın digər regionlarında, o cümlədən işğaldan azad edilmiş ərazilərdə keçirilən beynəlxalq əhəmiyyətli tədbirlər kontekstində də söyləmək mümkündür.
Ümumiyyətlə, Azərbaycan ərazilərini işğaldan azad etdikdən sonra beynəlxalq xarakterli tədbirlərin regionlarda keçirilməsi daha geniş vüsət alıb. Elə cari il ərzində regionlarda keçirilən belə tədbirlər bunun daha bir təsdiqidir. Məsələn, bu ilin may ayında Laçında Azərbaycan Prezidenti İlham Əliyevin, Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin Zirvə görüşü keçirilib. Yenə cari ilin iyulunda İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü Xankəndidə baş tutub. “Dayanıqlı və İqlim Dəyişikliyinə Davamlı Bir Gələcək Naminə Yeni İqtisadi Əməkdaşlıq Təşkilatı Vizyonu” mövzusunda keçirilən tədbirdə Azərbaycan lideri ilə yanaşı, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Qırğızıstan Prezidenti Sadır Japarov, Tacikistan Prezidenti Emoməli Rəhmon, İran Prezidenti Məsud Pezeşkian, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar, Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif, Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri, COP28-in Prezidenti Sultan Əhməd Əl-Cabir, Türkmənistan Nazirlər Kabineti Sədrinin müavini, xarici işlər naziri Rəşid Meredov, Əfqanıstan Baş nazirinin müavini Əbdül Qəni Baradar, Nigeriyanın büdcə və iqtisadi planlama naziri Abubakar Atiku Baqudu və digər rəsmi şəxslər iştirak ediblər.
“Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumu da bu ilin iyulunda məhz Xankəndidə start götürüb, Şuşada davam edib. Forum 52 ölkədən 140 qonağı, 30-a yaxın informasiya agentliyinin və 80 media qurumunun nümayəndələrini bir araya gətirib. Gəncədə təntənəli açılışı olan III MDB Oyunları da Azərbaycan regionlarının uğurlu inkişafının daha bir göstəricidir. Bundan əlavə, Azərbaycanda ən yüksək səviyyədə qəbulların da regionlarda baş tutması halları tədricən özünü büruzə verir. Məsələn, Prezident İlham Əliyevin bu ilin iyul ayında Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovla, sentyabrda isə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla Şuşada görüşləri baş tutub.
Ayrı-ayrı dövlət qurumları tərəfindən də regionlarda beynəlxalq xarakterli tədbirlərin təşkili artıq yüksək dinamika ilə müşayiət edilir. Başqa sözlə, təkcə Bakı yox, artıq ölkə regionları da bu cür tədbirlərə ev sahibliyi üçün lazımi şəraitə malikdirlər və bu da ölkənin uğurlu inkişaf göstəricisini özündə ehtiva edir. Eyni zamanda beynəlxalq əhəmiyyətli tədbirlərin regonlarda keçirilməsinin digər məqamlar baxımından da əhəmiyyəti yüksəkdir. Burada ilk növbədə o qeyd olunmalıdır ki, beynəlxalq tədbirlərin regionlarda keçirilməsi yerli iqtisadiyyata birbaşa müsbət təsir göstərir. Belə tədbirlər zamanı bölgəyə xarici qonaqlar, diplomatlar, biznes nümayəndələri və media nümayəndələri gəlir. Bu isə turizm, ictimai iaşə, nəqliyyat, otelçilik və ticarət sektorlarında canlanma yaradır. Regionlarda beynəlxalq tədbirlərin təşkili yerli sahibkarlığın inkişafına və kiçik bizneslərin gəlir əldə etməsinə şərait yaradır.
İkinci mühüm məsələ infrastrukturun inkişafıdır. Beynəlxalq tədbirlərin keçirilməsi üçün yollar, hava limanları, otellər, mədəniyyət mərkəzləri və digər sosial obyektlər yenilənir, yeni infrastruktur layihələri həyata keçirilir. Bu, təkcə tədbir zamanı deyil, uzunmüddətli perspektivdə də regionun inkişafına xidmət edir. Üçüncü istiqamət kimi, beynəlxalq tədbirlər vasitəsilə regionların dünyada tanıdılması mühüm əhəmiyyət daşıyır. Xarici media və iştirakçılar vasitəsilə Azərbaycan bölgələrinin təbiəti, mədəni irsi, tarixi abidələri və xalq sənətləri barədə məlumatlar geniş yayılır. Beləliklə, ölkənin turizm potensialı beynəlxalq arenada tanıdılır və gələcəkdə daha çox turist cəlb etmək üçün möhkəm əsas formalaşır. Qəbələ Beynəlxalq Musiqi Festivalı və Şəki “İpək Yolu” Festivalı kimi tədbirlər bu baxımdan Azərbaycanın mədəni diplomatiyasının parlaq nümunələridir. Daha bir mühüm faktor isə sosial-mədəni təsirdir. Müxtəlif xalqların nümayəndələrinin bir araya gəlməsi, mədəniyyətlərarası dialoqun təşviqi Azərbaycan cəmiyyətinin tolerantlıq və multikulturalizm ənənələrinin daha geniş tanıdılmasına imkan verir.
Başqa bir aspekt də siyasi və diplomatik baxımdan əhəmiyyətlidir. Beynəlxalq tədbirlərin regionlarda keçirilməsi Azərbaycanın dövlətçilik konsepsiyasının güclü regional siyasətə əsaslandığını göstərir. Bu, həm də Azərbaycanın hər bir bölgəsinin təhlükəsiz və sabit olduğunu dünyaya nümayiş etdirir. Postmüharibə dövründə, xüsusilə Qarabağ və Şərqi Zəngəzur bölgəsində keçirilən beynəlxalq forumlar Azərbaycanın ərazi bütövlüyünü və yeni inkişaf reallıqlarını beynəlxalq ictimaiyyətə göstərmək baxımından xüsusi əhəmiyyət daşıyır. Belə tədbirlər eyni zamanda beynəlxalq investorların bu bölgələrə marağını artırır. İqtisadi və siyasi üstünlüklərlə yanaşı, beynəlxalq tədbirlərin regionlarda təşkili ekoloji və mədəni baxımdan da davamlı inkişafın təmin edilməsinə töhfə verir. Təşkil olunan tədbirlər zamanı ekoturizm, kənd turizmi və mədəni irsin qorunması ilə bağlı layihələr reallaşır. Nəhayət, beynəlxalq tədbirlərin regionlarda keçirilməsi milli birliyin və dövlətin nüfuzunun möhkəmlənməsinə xidmət edir. Bu, azad olunmuş torpaqlarda həyata keçirilən yenidənqurma proseslərinə ideoloji və mənəvi dəstək yaradır. Belə tədbirlər dünyaya Azərbaycanın yenidən qurulan bölgələrində həyatın bərpa olunduğunu göstərir. Bütün bunlar bir daha təsdiq edir ki, beynəlxalq tədbirlərin Azərbaycan regionlarında da təşkili çoxsaylı məqamlar baxımından strateji əhəmiyyət kəsb edir. Məhz bu mənada bir daha təsdiq olunur ki, dövlətin regionların inkişafı ilə bağlı siyasəti kifayət qədər uğurludur, səmərəli nəticələr verir.