
Qlobal miqyasda temperaturun artması, quraqlıqlar, sel fəlakətləri, su çatışmazlığı və bu kimi hallar dünya ölkələrini getdikcə daha çox məşğul edən əsas hadisələr sırasında yer alır. Məsələ burasındadır ki, görülən tədbirlərə baxmayaraq, iqlim dəyişmələrinin yaratdığı fəsadlar getdikcə daha sürətli xarakter almağa başlayıb. “The Guardian” qəzeti 23 ölkədən 160 alimin hesabatına istinad yazır ki, hazırda qlobal istiləşmə əvvəlkindən daha sürətlə təhlükəli həddə gətirib çıxarır və bəşəriyyət iqlim dəyişməsi səbəbindən ekosistemlərin çöküşündə ilk “dönüşü olmayan nöqtə”yə artıq çatıb. Qeyd olunur ki, ilk belə “dönüşü olmayan nöqtə” bütün dünyada mərcan riflərinin faktiki olaraq geri dönüşü olmayan yox olub getməsidir. Riflərin 80 faizindən çoxu ekstremal okean temperaturundan zərər çəkib.
Mövcud vəziyyətdə iqlimin modelləşdirilməsi dəyişiklikləri və təsirləri onilliklər öncədən proqnozlaşdırmaq üçün əsas strateji vasitədir. Mütəxəssislər vurğulayırlar ki, bu, həm də yeni iqlim reallıqlarını nəzərə almaq üçün infrastruktur və sosial planlaşdırmanın uyğunlaşdırılmasını tələb edir. Amma o da faktdır ki, iqlim dəyişikliyi həmişə proqnozlaşdırıla bilməyən müxtəlif dalğalanmalarla müşayiət olunur, bununla belə qlobal istiləşməyə antropogen təsir, şübhəsiz ki, təbii prosesləri üstələyir. Məhz bu fonda həmin təsirlərin azaldılması, iqlim dəyişmələrinə qarşı kollektiv mübarizənin daha intensiv xarakter alması mühüm şərtlərdən biri kimi çıxış edir. Bu baxımdan Azərbaycan iqlim dəyişikliyinə qarşı mübarizədə fəal mövqe tutması, həm regional, həm də qlobal səviyyədə mühüm təşəbbüslərlə çıxış etməsi ilə daim fərqlənənlər sırasında yer alır. Prezident İlham Əliyevin “Ozon qatını dağıdan maddələr haqqında” Monreal Protokoluna 2016-cı il 15 oktyabr tarixli Kiqali Düzəlişini təsdiqləməsi də qeyd edilənlərin daha bir təzahürüdür.
Xatırlatmaq lazım gəlir ki, 2019-cu il yanvarın 1-dən “Ozon qatını dağıdan maddələr haqqında” Monreal Protokoluna Kiqali Düzəlişinin qüvvəyə minməsi ilə dünya hidroflorokarbonlar kimi tanınan güclü istixana qazlarının istehsalını və istehlakını kəskin şəkildə azaltmaq, qlobal istiləşməni məhdudlaşdırmaq istiqamətində böyük addım atdı. Dövlətlərin, özəl sektorun və vətəndaşların tam dəstəyi ilə Kiqali Düzəlişi ozon təbəqəsini qorumağa xidmət etməklə bu əsrdə qlobal istiləşmənin qarşısını 0,4 dərəcə Selsi alacaq. Azərbaycan da bu düzəlişə qoşulmaqla Paris Sazişinin məqsədlərinə nail olunmasına öz töhfəsini verəcək.
Kiqali Düzəlişi 15 oktyabr 2016-cı ildə Ruandanın paytaxtı Kiqalidə qəbul olunub və Monreal Protokoluna əlavə kimi formalaşıb. Sözügedən Düzəliş iqlim dəyişikliyinə qarşı mübarizədə qlobal səviyyədə ən mühüm addımlardan biri sayılır. 1987-ci ildə qəbul edilən Monreal Protokolu isə ozon təbəqəsini qorumaq məqsədilə yaradılıb. Bu protokol nəticəsində ozonu məhv edən maddələrin istifadəsi əhəmiyyətli dərəcədə azaldılıb. Lakin həmin maddələrin əvəzediciləri, o cümlədən hidroflorokarbonlar birbaşa ozon təbəqəsinə zərər verməsə də, güclü istixana effekti yaradır. Mütəxəssislərin hesablamalarına görə, hidroflorokarbonların atmosferdə istilik tutma qabiliyyəti karbon qazından dəfələrlə artıqdır. Bu səbəbdən hidroflorokarbonların tənzimlənməsi məsələsi beynəlxalq səviyyədə prioritetə çevrildi və nəticədə Monreal Protokoluna Kiqali Düzəlişi əlavə edildi.
Kiqali Düzəlişinin əsas məqsədi hidroflorokarbonların istehsalının və istifadəsinin mərhələli şəkildə azaldılmasıdır. Bu məqsədlə sənəd ölkələri iqtisadi inkişaf səviyyəsinə görə bir neçə qrupa bölür: İlk sırada inkişaf etmiş ölkələr yer alır. Bu ölkələr 2019-cu ildən başlayaraq hidroflorokarbonlar istehsalını və istehlakını mərhələli şəkildə azaltmağa başlayıblar və qarşılarına 2036-cı ilə qədər 85 faiz azalma hədəfi qoyublar. İnkişaf etməkdə olan ölkələrin birinci qrupu 2045-ci ilə qədər 80 faizlik azalma öhdəliyi götürüblər. Bu ölkələrin ikinci qrupu bu prosesə 2028-ci ildən başlayacaq və 2047-ci ilə qədər 85 faizlik azalma öhdəliyini icra edəcəklər. Beləliklə, sənəd fərqli ölkələrin iqtisadi və texnoloji imkanlarını nəzərə alaraq ədalətli və çevik mexanizm yaradır.
Hidroflorokarbonların azaldılması təkcə atmosferə buraxılan istixana qazlarını azaltmaqla məhdudlaşmır. Bu proses həm də enerji səmərəliliyini artırır, çünki yeni nəsil soyuducu və kondisioner sistemləri daha az enerji sərf edir. Beləliklə, sənaye və məişət sahəsində həm iqlim, həm də iqtisadi baxımdan müsbət nəticələr əldə olunur. Elə bu kontekstdə qeyd olunmlıdır ki, Azərbaycanda enerji mənbələrinin şaxələndirilməsi və bərpa olunan enerji potensialının artırılması istiqamətində mühüm addımlar atılır. Prezident İlham Əliyev tərəfindən elan edilən “Yaşıl enerji zonaları” konsepsiyasının əsas məqsədi Qarabağ və Şərqi Zəngəzur daxil olmaqla digər iqtisadi rayonları bərpa olunan enerji mənbələrinə əsaslanan, ekoloji baxımdan təmiz regionlara çevirməkdir. Bu bölgələrdə günəş, külək və hidroenerji potensialının yüksək olması, Azərbaycanın enerji keçidini sürətləndirmək üçün geniş imkanlar açır.
Azərbaycan BMT, Avropa İttifaqı və İqtisadi Əməkdaşlıq Təşkilatı kimi qurumların iqlim təşəbbüslərində fəal iştirak edir. Ölkə 2024-cü ildə keçirilən BMT-nin COP29 İqlim Konfransına ev sahibliyi etməklə iqlim dəyişikliyinə qarşı mübarizəyə mühüm töhfələr verib. Prezident İlham Əliyev Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışı zamanı bu xüsusda bildirib: “Ötən il iqlim fəaliyyəti, yaşıl keçid və maliyyəyə ədalətli çıxış məsələlərində mühüm nəticələr əldə olunmuş COP29-a ev sahibliyi etməkdən qürur duyduq. COP29-un ev sahibi kimi bütün tərəflərin, xüsusən də inkişaf etməkdə olan ölkələrin səslərinin eşidilməsini təmin etməklə, iddialı və balanslı nəticələrə yönəlmiş danışıqlara rəhbərlik etdik. COP29-da qəbul edilmiş, Bakı Maliyyə Hədəfi kimi də tanınan Yeni Kollektiv Kəmiyyət Hədəfi (NCQG) qlobal iqlim maliyyəsində tarixi mərhələdir. Bu öhdəlik 2035-ci ilə qədər inkişaf etmiş ölkələrin dövlət mənbələrindən inkişaf etməkdə olan ölkələrə illik 100 milyard ABŞ dolları məbləğində ilkin iqlim maliyyələşdirmə hədəfini hər il ən azı 300 milyard ABŞ dollarına çatdırmağı nəzərdə tutur. Azərbaycan, həmçinin Paris Sazişinin 6-cı maddəsinə uyğun olaraq, karbon bazarları üçün uzun müddətdir gözlənilən çərçivəni uğurla yekunlaşdıraraq, Paris Sazişinin qəbulundan doqquz il sonra onun tam fəaliyyətə başlamasını təmin etdi. İqlim dəyişikliyinə məruz qalan həssas icmalara vacib dəstək verən İtki və Zərərlərə Cavab Fondunun tam fəaliyyət göstərməsi üçün COP29-da bir neçə əsas saziş imzalandı”.
Ümimiyyətlə, Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizəyə verdiyi töhfələr sistemli və çoxşaxəlidir. Ölkə həm enerji keçidi, həm də beynəlxalq əməkdaşlıq istiqamətində ardıcıl siyasət həyata keçirir. Artıq Azərbaycanın da Monreal Protokoluna Kiqali Düzəlişinə qoşulması bunun daha bir təzahürüdür.
MTM Analitik Qrup
