AZƏRBAYCANIN QLOBAL İQLİM PROBLEMLƏRİNİN HƏLLİNƏ YÖNƏLMİŞ TƏŞƏBBÜSLƏRİ DÜNYADA MARAQLA QARŞILANIR

Son onillikdə dünyanın ekoloji təmiz enerjiyə ehtiyacı ildən-ilə artır, idxala artan tələbin hansı mənbələr hesabına təmin edilməsi məsələsi geniş müzakirə olunur. Alternativ və bərpa olunan enerji mənbələrindən geniş istifadənin təşviqi məqsədilə müxtəlif beynəlxalq təşəbbüslər irəli sürülür, kampaniyalar aparılır. Bu sahədəki zəngin potensialından səmərəli realizə istiqamətində müxtəlif layihələr həyata keçirilən Azərbaycanın yaşıl enerji strategiyası dünyada maraqla izlənilir.

Xatırladaq ki, 2015-ci il dekabrın 12-də Tərəflərin 21-ci Konfransında qəbul edilmiş Paris Sazişinə əsasən, Azərbaycan baza ili ilə (1990) müqayisədə 2030-cu ilədək istixana effekti yaradan qaz emissiyalarının 35 faiz azalma səviyyəsində saxlanılmasını hədəf kimi götürüb. 2021-ci ilin noyabr ayında Qlazqo şəhərində keçirilmiş COP26 Konfransında isə ölkəmiz 2050-ci ilə qədər könüllü öhdəlik kimi emissiyaların 40 faizədək azaldılmasını və işğaldan azad edilmiş ərazilərdə “netto sıfır emissiya” zonasının yaradılmasını nəzərdə tutan yeni öhdəlik qəbul edib. Bu hədəflərə nail olmaq üçün 2030-cu ilə qədər ölkənin ümumi enerji balansında bərpa olunan enerji üzrə qoyuluş gücü payının 30 faizə çatdırılması əsas hədəf kimi müəyyən olunub.

Azərbaycan hazırda dünya ölkələrində istifadə olunan bütün enerji mənbələri üzrə geniş potensiala malikdir. Bunlardan günəş enerjisi maya dəyərinə, ekoloji təmizliyinə və tükənməzliyinə görə digər alternativ enerji mənbələri sırasında ən sərfəlisidir. Energetika Nazirliyinin məlumatına əsasən, ölkəmizin bərpa olunan enerji mənbələrinin texniki potensialı quruda 135 QVt, dənizdə 157 QVt-dır. Bərpa olunan enerji mənbələrinin iqtisadi potensialı 27 QVt, o cümlədən, külək enerjisi üzrə 3 000 MVt, günəş enerjisi üzrə 23 000 MVt, bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı 520 MVt həcmində qiymətləndirilir.

Ölkəmizdə bu sahənin inkişafına təkan verən digər mühüm amil İkinci Qarabağ müharibəsinin nəticəsi olaraq işğaldan azad edilmiş ərazilərimizin mühüm alternativ enerji mənbəyi olması, bu sahədə yeni imkanların açılmasıdır. Qeyd olunan ərazilərin zəngin su ehtiyatları, çayları, su anbarları, termal bulaqları bərpa olunan enerji mənbələrindən məqsədyönlü strategiyanın reallaşdırılmasını zəruri edir. Məqsəd həm də uzun illər ekoloji terrora məruz qalmış bu regionun münbit atmosferini, zəngin flora və faunasının bərpasıdır. Belə ki, “yaşıl enerji zonası” elan olunması bərpa olunan enerji mənbələrindən geniş istifadə füsunkar təbiətə malik bu ərazilərin turizm cəlbediciliyinin yüksəlməsini təmin edir. Hazırda dünyanın bütün əsas turizm məkanlarında alternativ və bərpa olunan enerjidən istifadə olunur.

Yaşıl Enerji Zonasının yaradılması çərçivəsində işğaldan azad edilmiş ərazilərdə bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalı, enerji səmərəliliyi tədbirləri, elektrik nəqliyyat vasitələrindən istifadə, tikililərin damlarında bərpa olunan enerji qurğularının (xüsusən günəş panellərinin) qurulması, həmçinin küçələrin və yolların işıqlandırılmasında günəş enerjisi əsaslı LED lampalardan istifadə, istilik, soyutma və isti su təchizatında bərpa olunan enerji texnologiyalarından istifadə, ağıllı enerji idarəetmə texnologiyalarının tətbiqi, tullantıların enerji məqsədli idarə edilməsi kimi tədbirlər nəzərdə tutulub.

Bu il noyabrın 11-dən 22-dək Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası ərəfəsində təşkil edilən çoxsaylı tədbirlər Azərbaycanın alternativ enerji mənbələrindən səmərəli istifadə və karbonsızlaşdırma sahəsində həyata keçirdiyi tədbirlərin dünyada təbliği baxımından əlverişli platforma rolunu oynayır. Bu tədbirlər fonunda əminliklə demək olar ki, rəsmi Bakının təşəbbüsü ilə regionda həyata keçirilən enerji layihələri Azərbaycanın qlobal təchizatda sabitləşdirici rol oynamasına zəmin yaradıb. Ölkəmiz qlobal konfransa ev sahibliyi etməklə, beynəlxalq nüfuzunu və ekoloji gündəliyə sadiqliyini nümayiş etdirir, dünya səhnəsində fəal və nüfuzlu oyunçu kimi rolunu gücləndirir.

Rəsmi Bakının yaşıl enerji strategiyası qısa zamanda Azərbaycanın həm Avropa, həm müsəlman dünyası, həm də Yaxın və Uşaq Şərq ölkələri ilə əlaqələrinə ciddi təkan verib. COP29 ərəfəsində ölkəmizin dünya ölkələri ilə yaşıl enerji sahəsində əməkdaşlığının genişlənməsi, bu məqsədlə reallaşdırılan müştərək layihələr və imzalanan sazişlər qlobal əmkdaşlıq həlqəsi formalaşdırır. COP29 dövlətlərin bir araya gəlməsi və iqlim dəyişikliyinin təsirlərini azaltmaq, mövcud vəziyyətə uyğunlaşmaq üçün strategiyaların müzakirə edilməsi baxımından mühüm forum rolunu oynayır.

Tədbir çərçivəsində aparılacaq müzakirələrin məqsədi ölkələri istixana qazı emissiyalarını azaltmaq səylərində istiqamətləndirən məcburi öhdəliklər və çərçivələr yaratmaqdır. COP29 iqlimlə bağlı qlobal vəziyyətin aktuallığını əks etdirən yeni və daha iddialı hədəflər təyin etməyə hazırdır.  

MTM Analitik Qrup