AZƏRBAYCANIN QARÜSTÜ POLO KOMANDASI DÜNYA KUBOKUNDA MÜBARİZƏYƏ BAŞLAYIR

Bu gün İsveçrənin Sankt-Moritz şəhərində qarüstü polo üzrə 41-ci Dünya Kubokuna start veriləcək.

Dövlət Sərhəd Xidmətindən bildirilib ki, Sankt-Moritz gölünün donmuş buz qatı üzərində keçirilən turnirdə dünya miqyasında tanınmış və ən güclü idmançılar mübarizə aparacaq.

Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycan Atçılıq Federasiyasının təşkilatçılığı ilə bu nüfuzlu yarışda ölkəmizi “Land of Fire” komandası təmsil edir.

1985-ci ildən etibarən hər il təşkil olunan bu ənənəvi yarış Enqadin vadisinin qarla örtülmüş möhtəşəm dağları fonunda yüksək səviyyəli oyunlar və eksklüziv sosial tədbirlərlə yadda qalır.

Tədbir çərçivəsində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə ölkəmizin tarixi, mədəniyyəti, zəngin turizm imkanlarını təbliğ edən Azərbaycan pavilyonu fəaliyyət göstərir. Povilyonda müxtəlif milli brendlər, sənətkarlıq nümunələri və eksponatlar nümayiş olunur.

Dünya Kuboku uğrunda “Land of Fire”, “Sankt Moritz”, “Flexjet”, “Standing Rock”, “Investec” və “Mackage” komandaları mübarizə aparacaqlar.

Yanvarın 22-də yarış öncəsi yoldaşlıq oyununda komandamız “Flexjet” komandası ilə qarşılaşıb. Çempionatda komandamız ilk rəsmi görüşünü bu gün Bakı vaxtı ilə saat 15:15-də “Sankt Moritz”ə qarşı keçirəcək. İlk yarış günündən sonra 4 komanda yarımfinal mərhələsinə vəsiqə qazanacaq. Turnirin sonuncu günü – yanvarın 25-də üçüncü yer uğrunda görüş və final oyunu keçiriləcək.

Final qarşılaşmasından sonra turnirin qalibi, ən yaxşı oyunçusu və ən yaxşı polo atı mükafatlandırılacaq.