Leyla Bəşirova, Nəzrin Fərmanova və Mənsumə Məmmədzadədən ibarət qadın qrupumuz Bakıda keçirilən akrobatika gimnastikası üzrə 12-ci dünya yaş qrupları yarışlarının finalına yüksəlib.
13-19 yaş kateqoriyasında mübarizə aparan qrupumuzun təsnifat mərhələsində çıxışı 55,120 xalla qiymətləndirilib. Təsnifat mərhələsində üçüncü olan qrupumuz finala adlayıb.
Həlledici mərhələdə Azərbaycan ilə yanaşı, Rusiya, Belçika, Portuqaliya, İsrail, Fransa, Böyük Britaniya, Almaniya, Niderland və Polşa qrupları mübarizə aparacaqlar.
Bu gün yekun vurulacaq turnirdə idmançılar 13-19 yaş qrupları üzrə kişi cütlükləri, qadın cütlükləri, qarışıq cütlüklər, kişi qrupları, qadın qrupları proqramında qüvvələrini sınayırlar.
Ölkəmizdə ilk dəfə təşkil olunan yarışda 24 ölkədən 438 idmançı iştirak edir.
Qeyd edək ki, yarış Azərbaycan Respublikası Nazirlər Kabinetinin xüsusi icazəsi ilə ölkəmizdə tətbiq edilən mövcud karantin qaydalarına və sanitar-epidemioloji tələblərə uyğun, tamaşaçı iştirakı olmadan keçirilir.