Sülh imitasiyası yaradan Ermənistanın son zamanlar regionda sabitliyi təhdid edən davranışları, habelə Amerika Birləşmiş Ştatları ilə imzaladığı strateji tərəfdaşlıq sazişi fonunda Azərbaycan strateji müttəfiqləri olan Türkiyə və Pakistanla siyasi məsləhətləşmələrini davam etdirir, mümkün geosiyasi təhdidlərə qarşı adekvat tədbirlər görür. Son günlərdə rəsmi Bakı hər iki ölkə ilə siyasi təmaslarının artıraraq, siyasi, iqtisadi, hərbi-texniki və digər müstəvilərdə əməkdaşlığın genişləndirilməsi istiqamətində müzakirələr aparır. Türkiyənin xarici işlər naziri Hakan Fidanın bir neçə gün əvvəl Bakıya səfəri, habelə Azərbaycanın xarici işlər və müdafiə sənayesi nazirliklərinin yüksək səviyyəli nümayəndə heyətlərinin Pakistana səfəri, İslamabadda aparılan siyasi məsləhətləşmələr də bu baxımdan diqqəti xüsusilə cəlb edir. Azərbaycanın həm Pakistan, həm də Türkiyə ilə strateji müttəfiqlik münasibətlərinin mövcudluğu üçtərəfli formatda əməkdaşlıq üçün geniş imkanlar açıb. Son illərdə üç qardaş ölkənin dövlət qurumları, o cümlədən müdafiə və xarici işlər nazirlikləri arasında çevik münasibətlər formalaşıb. Xarici işlər nazirlərinin görüşləri zamanı siyasi, iqtisadi, sülh və təhlükəsizlik, elm və texnologiya, humanitar sahələr də daxil olmaqla, qarşılıqlı maraq doğuran istiqamətlərdə əməkdaşlığın dərinləşdirilməsi məsələləri müzakirə olunub. Pakistan, Türkiyə və Azərbaycan yerləşdikləri bölgələrdə sülhün, sabitliyin, tərəqqinin təşviqi, üzləşdikləri qlobal təhdidlərə – terrorçuluğa, islamafobiyaya, müsəlman azlıqların təqibinə, kibercinayətkarlığa, hibrid müharibə ilə mübarizə sahələrində səylərini gücləndirəcəklərini bəyan ediblər. Rəsmi Ankara və İslamabadın İkinci Qarabağ Müharibəsi dövründə, eləcə də lokal antiterror tədbirləri zamanı Azərbaycanın haqlı mövqeyini birmənalı müdafiə etməsi, Ermənistanın işğalçılıq siyasətini pisləyən bəyanatlar verməsi, eləcə də qlobal informasiya dəstəyi rəsmi Bakı tərəfindən yüksək dəyərləndirilir. Türkiyə və Pakistanın ötən 30 ildə işğalçı Ermənistanı rəsmən tanımaması, bu ölkə ilə hansısa diplomatik əlaqələr qurmaması onların Azərbaycanla münasibətlərə necə mühüm dəyər verdiklərinin əyani sübutudur. Pakistan parlament səviyyəsində Xocalı qətliamını soyqırımı aktı kimi tanıyan azsaylı ölkələrdən biridir. Azərbaycan öz növbəsində hər zaman Türkiyə və Pakistanla əməkdaşlığa, müttəfiqliyə böyük əkəmiyyət verib, bu strateji tərəfdaş ölkələrin problemlərinə həssas yanaşıb, Kəşmir və Kipr problemləri ilə bağlı dəstəyini əməli şəkildə ifadə edib. İslam Konfransı Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər nüfuzlu beynəlxalq təşkilatların üzvü olan Türkiyə və Pakistanın müsəlman dünyasında böyük nüfuzu var. Bu ölkələrlə üçtərəfli formatda əməkdaşlıq Azərbaycana müsəlman aləmində mənafelərini təmin etmək, daha çox müsəlman dövlətinin dəstəyini qazanmaq imkanı yaradır. Ötən ilin dekabr ayında İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan səkkiz İslam ölkəsini birləşdirən D-8-ə rəsmən üzvlüyü Azərbaycanın həm Türkiyə, həm də Pakistanla əlaqələrinə yeni dinamika verib. Ümumilikdə, hər üç ölkənin strateji müttəfiqlik əlaqələri diplomatik sferada maraqların uzlaşdırılmasına imkanlar açır. Türkiyə, Pakistan və Azərbaycan fəaliyyətlərini kordinasiya edərək beynəlxalq təşkilatlarda bir-birinə fəal siyasi dəstək verir. Hər üç ölkə ən çətin və xoş günlərdə biri-birinin yanındadır. Onu da xatırladaq ki, üç ölkənin parlament sədrlərinin 2021-ci il tarixdə imzaladıqları Bakı Bəyannaməsində mövcud əlaqələrin dərinləşdirilməsi üçün parlamentar dialoqun və əməkdaşlığın gücləndirilməsi, ölkələrin yerləşdikləri bölgələrdə sülhün, sabitliyin, təhlükəsizliyin və inkişafın, qlobal təhdidlərə qarşı birgə mübarizə məsələləri əksini tapıb. Bakı Bəyannaməsi üç ölkənin xarici işlər nazirlikləri ilə yanaşı, parlamentlərinin də fəaliyyətlərinin kordinasiyasına, onların beynəlxalq təşkilatlarda bir-birilərinə fəal siyasi dəstək vermələrinə, qarşılıqlı maraq doğuran məsələlərdə vahid mövqedən çıxış etmələrinə zəmin formalaşdırıb. Türkiyə və Pakistanın nüfuzlu orduya, müdafiə sənayesi potensialına malik olmaları Azərbaycanın bu strateji tərəfdaş ölkələrlə hərbi-texniki əməkdaşlığına və təcrübə mübadiləsinə imkan yaradıb. Hər üç ölkənin müdafiə nazirlikləri arasında qarşılıqlı təcrübə mübadiləsinin və əməkdaşlığın dərinləşdirilməsi istiqamətində məsləhətləşmələr həyata keçirilir. Bu günlərdə Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycan – Pakistan Hökumətlərarası Birgə Komissiyasının VIII iclasında iştirak etmək məqsədilə Pakistanda rəsmi səfərdə olan müdafiə sənayesi nazirliyinin rəhbərliyini qəbul etməsi də bu baxımdan diqqəti çəkir. İki ölkənin hərbi sənaye sahəsində əməkdaşlığının dərinləşdirilməsi üçün hazırda geniş potensial mövcuddur. Bundan əlavə, Azərbaycan Türkiyə ilə yanaşı, Pakistandan müasir təyyarələrin və digər hərbi texnikaların alışını həyata keçirir. Türkiyə və Pakistan şirkətlərinin Azərbaycanın azad edilmiş ərazilərində abadlıq və quruculuq işlərində yaxından iştirakının təmini ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafı baxımından yeni üfüqlər açır. Bundan əlavə, Pakistan Azərbaycanın tranzit-kommunikasiya imkanlarından istifadə etməklə, Qərbə və Türkiyəyə alternativ çıxış imkanlarını genişləndirmək niyyətindədir. Hər iki ölkə ilə sıx əməkdaşlıq Azərbaycana Silahlı Qüvvələrini və müdafiə sənayesi potensialını daha da gücləndirməklə yanaşı, istənilən geosiyasi təhdidi neytrallaşdırmaq baxımından da əhəmiyyətlidir.
MTM Analitik Qrup