AZƏRBAYCANIN ORTA DƏHLİZİN İNKİŞAFINDA STRATEJİ ROLU YÜKSƏK DƏYƏRLƏNDİRİLİR

Təkcə Cənubi Qafqazda deyil, ümumən Avrasiya qitəsində strateji əhəmiyyəti ilə seçilən bir sıra layihələri uğurla reallaşdıran Azərbaycanın qlobal nəqliyyat dəhlizlərinin inkişafı sahəsindəki  təşəbbüslər və praktiki addımları beynəlxalq maliyyə təşkilatları tərəfindən ciddi dəstək alır. Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) may ayı üçün açıqladığı “Regional iqtisadi perspektivlər” hesabatında Azərbaycanın Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutundakı (Orta Dəhliz və yaxud TBNM) rolunun artması, eləcə də ölkəmizin beynəlxalq yükdaşımalarındakı roluna xüsusi yer verilib.

Hesabat ümumilikdə Avropa, Asiya və Xəzər bölgəsinin iqtisadi inkişafını və qarşılaşdığı əsas problemləri təhlil edən sənəddir. Hesabatda vurğulanan əsas məqamlardan biri Azərbaycanın logistika və tranzit sahəsindəki strateji mövqeyinin güclənməsi ilə bağlıdır. Hesabatda həmçinin, Azərbaycanın xarici iqtisadi siyasətinin və beynəlxalq təşkilatlarla olan əlaqələrinin qlobal iqtisadiyyata təsiri də yüksək qiymətləndirilir. Belə ki, ölkəmizin iqtisadi və siyasi sabitliyi, geosiyasi mövqeyi, enerjidaşıma potensialı, yalnız Cənubi Qafqaz üçün deyil, həm də Avropa və Asiya bazarları üçün mühüm əhəmiyyət kəsb edir. Orta Dəhlizlə bağlı bu qlobal əməkdaşlıq ticarət və nəqliyyat sahələrində sərhədlərin azaldılması, ticarət maneələrinin aradan qaldırılması, gömrük-sərhəd prosedurlarının asanlaşdırılması kimi vacib aspektləri əhatə edir.

Sənəddə qeyd edilir ki, Orta Dəhliz Asiya və Avropa arasında ticarət axınlarını asanlaşdıran ən qısa, təhlükəsiz marşrutlardan biridir. Bu dəhliz, həmçinin “Şərq-Qərb” nəqliyyat dəhlizi kimi tanınır, enerji, mal və sərnişin daşımaları üçün istifadə edilir. Dəhliz, təkcə Azərbaycanın deyil, Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinin iqtisadi əlaqələrini gücləndirir, xüsusən də Çinin təşəbbüsü olan “Bir Kəmər, Bir Yol” layihəsinin perspektivini gücləndirir.

Orta Dəhliz Azərbaycan və Gürcüstan üzərindən Avropa ilə Asiya arasında birbaşa nəqliyyat kommunikasiyalarını təmin etməklə yanaşı, yükdaşımaların sürətini, iqtisadi rentabelliyini artırır. Mal daşımalarının daha səmərəli və qısa müddətdə həyata keçirilməsi ticarət həcmini artırır, iqtisadi inkişafı təmin edir. Eyni zamanda, bu dəhliz həm də neft və maye qazın Avropa bazarlarına daşınmasında vacib rol oynayır, alternativ yollar təqdim edərək enerji təhlükəsizliyini artırır. Qeyd olunan marşrut, xüsusilə Rusiya və İranın nəzarət etdiyi ənənəvi marşrutlardan asılılığı azaltmağa kömək edir, alternativ tranzit imkanları təqdim edir.

TBNM Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan vasitəsilə Çindən Avropaya qədər uzanan beynəlxalq marşrut olmaqla, qlobal geosiyasi dəyişikliklər və logistika zəncirlərinin yenidən istiqamətləndirilməsi fonunda ənənəvi nəqliyyat marşrutlarına ciddi alternativ kimi nəzərdən keçirilir. “Ortamüddətli perspektivdə Çini Avropa ilə birləşdirən Orta Dəhliz üzrə ticarət Azərbaycanın nəqliyyat və logistika sektorları üçün yeni imkanlar yarada bilər, çünki sülhün gücləndirilməsi üzrə səylər yeni ticarət yollarına və investisiya axınına çıxışı aça bilər”, – deyə AYİB-in hesabatında vurğulanır.

Rəsmi statistikaya görə, ötən il yükdaşımaların həcminin 62 faiz artaraq 4,5 milyon tona çatması, 2025-ci il üçün proqnozlaşdırılan rəqəmin 5,2 milyon ton civarında olması həmin dəhlizin yüksək iqtisadi dividendlərindən xəbər verir. Dəhlizin ötürücülük qabiliyyəti 2027-ci ilə qədər ildə 10 milyon tona çata bilər və bu da Azərbaycanın tranzit potensialının genişləndirilməsinə, infrastruktura əlavə investisiyaların cəlb edilməsinə davamlı zəmin yaradır.

Orta Dəhlizin inkişafı, habelə ölkəmizin tranzit potensialının yüksəldilməsi üçün mövcud yol-nəqliyyat, dəmiryolu, liman infrastrukrlarının müasirləşdirilməsi də təmin edilir. Son 10 ildə reallaşdırılan Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı bu baxımdan xüsusi qeyd edilə bilər. Sözügedən liman hazırda Orta Dəhliz vasitəsilə həyata keçirilən tranzit yük daşımalarında mühüm paya malikdir. Liman Xəzər dənizi üzərindən keçməklə, Avropaya daşınacaq yük axınlarını qəbul edir və dünya bazarlarına ötürür.

Bu layihələr təkcə Azərbaycanın deyil, Mərkəzi Asiya ölkələrinin də tranzit əhəmiyyətini artırmaqla, qlobal nəqliyyat zəncirinin formalaşmasına təkan verir. Azərbaycanın logistika infrastrukturu inkişaf etdikcə, Orta Dəhliz daha səmərəli işləyəcək və rəqabət qabiliyyətini artıracaq. Ölkəmiz Xəzərdəki strateji mövqeyindən, Qara dəniz limanlarına çıxış imkanlarından faydalanaraq qlobal ticarət axınlarında iştirakını genişləndirəcək.

Orta Dəhlizin inkişafı sayəsində inkişaf edən ticarət və nəqliyyat əlaqələri regional siyasi sabitliyə, təhlükəsizliyə də müsbət təsir göstərir. Ticarət marşrutları arasındakı əlaqələr ölkələrimiz arasında əməkdaşlığa və qarşılıqlı əlaqələrə təkan verir. Məhz bu baxımdan AYİB hesab edir ki, Azərbaycan Orta Dəhlizin şaxələndirilməsinə yeni töhfələr verməklə, Cənubi Qafqaz və Orta Asiya arasında körpü rolunu gücləndirir.

Bundan əlavə, TBNM müxtəlif regionlar arasında yaşıl enerji əməkdaşlığına da töhfələr verir. Bu isə son illərdə xüsusilə narahatlıq doğuran qlobal ekoloji problemlərin həlli, karbon emissiyalarının azaldılması baxımından faydalıdır. Azərbaycan Orta Dəhliz vasitəsilə həm özünün, həm də Orta Asiya ölkələrinin istehsal etdiyi yaşıl enerjini Avropa bazarlarına nəql etmək imkanları qazanacaq və bu  da Avropanın Rusiyadan enerji asılılığının azaldılmasına imkan verəcək.

Ölkəmizin Orta Dəhlizdəki rolu yalnız iqtisadi və nəqliyyat məsələləri ilə məhdudlaşmır, həm də diplomatik-siyasi məzmun kəsb edir. Rəsmi Bakı nəqliyyat və enerji infrastrukturunu inkişaf etdirməklə, beynəlxalq geosiyasi mövqelərini gücləndirir və yeni strateji tərəfdaşlıqlar qurur.

MTM Analitik Qrup