AZƏRBAYCANIN MÜSTƏQİL SİYASƏTİ QƏRBİN BƏZİ DAİRƏLƏRİNİ NARAHAT EDİR

Azərbaycanın regionda müstəqil xarici və daxili siyasət yürütməsi, milli maraqlarını müdafiə etməsi, ilk növbədə, ölkəmizin iqtisadi gücü ilə şərtlənir. Maliyyə resursları rəsmi Bakıya heç bir ölkədən asılı olmadan qarşıya qoyduğu hədəflərə yetişmək imkanı yaradır. Prezident İlham Əliyev dünyadakı ikili standartlar, ədalətsizliklər fonunda haqlı olaraq bəyan edib ki, hər bir ölkənin siyasi müstəqilliyini onun iqtisadi qüdrəti təmin edir.

Cənubi Qafqazda hər zaman for-post qismində çıxış edən Ermənistanın başqa ölkələrdən siyasi və iqtisadi asılılığı, üzləşdiyi miskin vəziyyət bu reallığı bir daha təsdiq edir. Dövlət başçısı İlham Əliyev beynəlxalq hüquq normalarının işləmədiyi, güclünün “haqlı sayıldığı” müasir dünyada iqtisadi, siyasi və hərbi baxımdan güclü olmağın vacibliyini dəfələrlə vurğulayıb. Ölkəmiz Qarabağ münaqişəsinin ədalətli və beynəlxalq hüquqa uyğun həlli üçün hər zaman iqtisadi cəhətdən güclənməyə üstünlük verib, nəhayət, 2020-ci ildə ərazi bütövlüyünü, 2023-cü ildə dövlət suverenliyini bərpa edib.

Azərbaycanın xarici tərəfdaşları ilə öz maraqları çərçivəsində işbirliyi qurması, beynəlxalq münasibətlər sistemində getdikcə daha güclü mövqe sahibinə çevrilməsi, regionda sülh gündəliyini diktə etməsi Qərbdə müəyyən dövlətlərin narazılığı və qısqanclığı ilə qarşılanır. Rəsmi Bakının irili-xırdalı bütün ölkələrlə sivil və bərabərhüquqlu əlaqələr qurması, maraq və mənafelərindən çıxış etməsi Avropada müəyyən qüvvələri uzun illərdir ki, narahat edir.

Qərbin bəzi dövlət və təşkilatlarının ayrı-ayrı ölkələrin daxili işlərinə qarışmaları, yaxud buna cəhd etmələri halları nəinki davam edir, hətta geniş miqyas alır.  Son 20 ildə postsovet məkanında Ukrayna, Gürcüstan, Ermənistan, eləcə də Orta Asiya ölkələrinin daxili işlərinə, seçki prosesinə kobud müdaxilə edilməsi, o cümlədən daxili vəziyyəti gərginləşdirilməsi, kütləvi etiraz və iğtişaşların təşkili üçün maliyyə ayrılması hallarına geniş rast gəlinib. Bu müdaxilələr əsas etibarı ilə “demokratiyanın, insan haqlarının və ya qlobal təhlükəsizliyin müdafiəsi” adı ilə əsaslandırılsa da, reallıqda vəziyyət başqa olub. İmperalist siyasətini bu gün də davam etdirən bəzi Avropa dövlətləri strateji əhəmiyyətli coğrafi ərazilərdə özlərindən asılı, marionet hakimiyyət formalaşdırmaqla, iqtisadi və siyasi maraqlarını təmin etməyə çalışırlar. Bir çox Qərb müdaxilələrini şərtləndirən başlıca amillərdən biri də təbii resurslarla zəngin regionlar üzərində nəzarəti ələ keçirməkdir.

Ukraynanın son üç ildə Rusiya ilə qeyri-bərabər müharibəyə təhrik edilməsi və çıxılmaz vəziyyətə salınması, eləcə də son günlərdə Gürcüstanda müəyyən Avropa təsisatlarının təsiri ilə cərəyan edən xaotik proseslər fonunda bunu əminliklə söyləmək olar. Eyni ssenariləri 2003, 2005 və 2008-ci illərdə Azərbaycanda da həyata keçirməyə cəhd edən bəzi Qərb dövlətləri və təsisatları niyyətlərinə nail ola bilməyiblər. Aşkar görünür ki, “insan hüquqları” mövzusunu siyasi təzyiq aləti kimi nəzərdən keçirən bir sıra Qərb dövlətləri və təşkilatları rəsmi Bakının müstəqil siyasətinə təsir göstərməyə çalışrlar. Azərbaycan Avropa institutlarının ikili standartlardan çıxış etməsini, təcavüzkar Ermənistanı əsassız şəkildə himayə etmələrini, “siyasi məhbuslar”, “insan hüquqları” kimi mövzularda manipulyasiyaya yol verdiyini hər zaman tənqid edib.

2024-cü il oktyabrın 25-də Avropa Parlamenti ölkəmizdə insan haqlarının vəziyyəti ilə qəbul etdiyi növbəti qərəzli qətnamədə reallığa qətiyyən adekvat olmayan absurd “tələblər” irəli sürülüb. Qətnamədə COP29-un Bakıda keçirilməsinin barədə qərarın ləğvi, ölkəmizlə təşkilat arasında enerji sahəsində imzalanan Strateji Tərəfdaşlıq memorandumundan imtina olunması, Azərbaycanın “Ermənistan ərazilərindən çıxması” kimi əsassız iddialar yer alıb.

Dekabrın 4-də Bakıda keçirilən tədbir zamanı Avropa İttifaqı, eləcə də ABŞ, Böyük Britaniya və İsveçrə səfirlərinin Azərbaycanda “jurnalistlər”in və “siyasi fəallar”ın saxlanması ittihamı ilə iddiaları bu prosesin məntiqi davamıdır. Xarici İşlər Nazirliyinin açıqlamasında deyildiyi kimi, bu bəyanatlar Azərbaycan məhkəmə sisteminin müstəqilliyinə açıq şəkildə zərbə vurmaq cəhdidir. Məhkəmə proseslərinə müdaxilə hüquqi dövlətin əsas prinsipi olan qanunun aliliyinə ziddir.

Son bir ildə xüsusilə də Fransa “blokada”, “etnik təmizlə” kimi cəfəng iddialarla BMT Təhlükəsizlik Şurasında Azərbaycan əleyhinə qərarın qəbuluna çalışsa da, istəyinə nail olmayıb. Rəsmi Bakı Fransanın ölkəmizə qarşı qərəzli mövqedən çıxış etdiyini, iddialarının əsassızlığını konkret faktlar əsasında sübuta yetirməklə yanaşı, rəsmi Parisin müstəmləkəçilik siyasətinin ifşası istiqamətində mühüm addımlar atır.

Azərbaycanın bütün məsələlərdə beynəlxalq hüquqa söykənməsi, ədalətli mövqedən çıxış etməsi ermənipərəst qüvvələrin, xüsusilə də Fransa və Avropa İttifaqı parlamentinin anti-Azərbaycan fəaliyyətini zərərsizləşdirir. Qurumun ölkəmiz əleyhinə qəbul etdiyi qərəzli qətnamələr indiyə qədər Avropa ölkələrinin böyük əksəriyyəti tərəfindən ciddi qarşılanmayıb.

Qərb dövlətlərinin regional və qlobal proseslərə münasibətində obyektivlik, ədalət və beynəlxalq hüquq prinsiplərinin deyil, məhz xristian təəssübkeşliyinin, habelə islamafobiyanın əsas amillərə çevrilməsi qobal sülh üçün ciddi təhlükədir. Bu həm də sivil dünyanın istinad etdiyi dəyərlərlə tamamilə ziddiyyət təşkil edir.

MTM Analitik Qrup