
Hər bir xalqın tarixində taleyüklü dönəmlər olur ki, bunlar da onun gələcəyinə, suverenliyinə, inkişaf yoluna mütləq şəkildə təsir edir, hətta bu istiqamətdə proseslərin əsas axarını müəyyənləşdirir. Azərbaycanın müasir tarixində belə əlamətdar dönəmlərdən biri də 15 iyun – Milli Qurtuluş Günüdür. Müasir Azərbaycanın formalaşması, təkcə regional yox, artıq beynəlxalq miqyasda ən güclü subyektlərdən birinə çevrilməsi məhz Milli Qurtuluş Günündən başlayır. Həmin gün ölkəmizdə sabitliyin və həmrəyliyin bərqərar olmasının, vətəndaş müharibəsinin qarşısının alınmasının, dövlətçiliyin qorunmasının, milli inkişaf yolunun əsasının qoyulmasının, bir sözlə, yeni Azərbaycanın formalaşmasının simvoludur.
1990-cı illərin əvvəllərində baş verən hadisələr, meydana çıxan çoxsaylı problemlər, xüsusən də ərazilərimizin bir hissənin Ermənistan tərəfindən işğalı, genişmiqyaslı iqtisadi böhran, sosial qeyri-sabitlik, siyasi idarəetmədə təcrübəsizlik və xaotik vəziyyət ölkəni parçalanma, fəlakət həddinə çatdırmışdı. 1992-1993-cü illərdə hakimiyyətdə olan qüvvələr ölkəni nəinki idarə etmək iqtidarında deyildilər, əksinə, onu daha böyük sürətlə uçuruma doğru yuvarlayırdılar. Ermənistanın davam edən işğal siyasəti nəticəsində ərazi itkilərinin artması, ordu daxilində baş alıb gedən qarşıdurmalar, cəmiyyətdə qütbləşmə, məlum Gəncə hadisələri, xalqın hakimiyyətə etimadının itməsi Azərbaycanı vətəndaş müharibəsinə sürükləyirdi. Müstəqilliyini yenicə bərpa edən Azərbaycan artıq onu itirmək təhlükəsi yaşayırdı. Ən böyük təhdid isə o idi ki, hadisələrin belə səpkidə cərəyanı Azərbaycanın bir ölkə kimi varlığına son qoya bilərdi. Amma bu dəfə də Azərbaycan xalqının müdrikliyi ölkənin xilasına gətirib çıxardı. Xalqın təkidi və istəyi ilə Ulu Öndər Heydər Əliyev 1993-cü ilin iyun ayının 9-da Naxçıvandan Bakıya dəvət olundu. Onun qayıdışı Azərbaycanın yeni tarixində xilaskarlıq missiyası olaraq təsbit edilib. Çünki məhz Ulu Öndər Heydər Əliyevin liderliyi ilə 1993-cü ildə yeni bir Azərbaycan doğuldu.
Ümummilli lider Heydər Əliyev Azərbaycan tarixinin həmin mərhələsini belə xarakterizə etmişdi: “Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı”.
Görkəmli dövlət xadimi olan, həyatını xalqına həsr edən Ulu Öndər 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Bu tarix sonradan Milli Məclisin qərarı ilə Milli Qurtuluş Günü olaraq elan edildi. Ulu Öndərin siyasi müdrikliyi, zəngin təcrübəsi və qətiyyətli qərarları ölkəni düşdüyü böhrandan çıxarmağa başladı. İlk növbədə ölkədə sabitlik bərqərar edildi, parçalanma təhlükəsi aradan qalxdı, dövlətçiliyin əsasları möhkəmləndirildi. Xalqın inamı Ulu Öndərə bütün bu prosesləri olduqca sürətlə həyata keçirməyə imkan verdi. Həmin vaxt qarşıya qoyulan məqsədlərə məhz çevikliklə, intensivliklə nail olunması Azərbaycan üçün həyati əhəmiyyətə malik idi. Bu, çoxsaylı daxili xə xarici təhdidlərlə üzləşmiş Azərbaycanın xilasının əsas şərtlərindən biri kimi çıxış edirdi. Ulu Öndər Heydər Əliyev müdrik dövlət xadimi kimi zaman amilini də düzgün dəyərləndirərək, ölkənin qurtuluşu istiqmətində qəbul etdiyi qərarların opertiv icrasına xüsusi diqqət edirdi. Sözügedən kontekstdə qısa müddətdə hüquqi, siyasi və iqtisadi islahatlara start verildi, xarici siyasətdə balanslaşdırılmış kurs yürüdülməyə başlandı. Xalqla hakimiyyət arasında etimadın bərpa olunması ölkədə davamlı tərəqqinin əsas təməl daşlarından biri oldu. 1993-cü il oktyabrın 3-də Ümummilli liderin Prezident seçilməsi milli qurtuluş missiyasının daha sürətlə həyata keçməsinə zəmin yaratdı.
Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” təkcə Azərbaycanın beynəlxalq enerji bazarına çıxışını, ölkəyə xarici investisiya axınını təmin etmədi, bu, həm də iqtisadi inkişafın möhkəm təməlini formalaşdırdı. Eyni zamanda, ölkədə hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinin başlanması, Silahlı Qüvvələrin yenidən təşkili, vahid komandanlığın yaradılması, digər istiqamətlərdə atılan addımlar Azərbaycanın qarşısında tamamilə yeni, uğurla zəngin bir mərhələ açdı. Ən əsası Azərbaycan ərazilərinin işğalının davamının qarşısı alındı, zəbt olunmuş torpaqların azad olunmasına start verildi. Bütün bunlar fonunda faktdır ki, Milli Qurtuluş Günü təkcə bir siyasi dönüş nöqtəsi deyil, həm də Azərbaycan xalqının öz taleyinə sahib çıxmasının rəmzi hesab olunur. Digər tərəfdən bununla Azərbaycan xalqı sübut etdi ki, düzgün lider seçimi ilə ən çətin sınaqlardan belə qalib çıxmaq iqtidarındadır.
Bu gün Ulu Öndər Heydər Əliyevin siyasi xətti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz bu uzaqgörən və ardıcıl siyasət nəticəsində digər nailiyyətlərlə yanaşı, Azərbaycan müzəffər Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə 2020-ci ildə 44 günlük Vətən müharibəsində tarixi Qələbə qazandı. 2023-cü ildə Silahlı Qüvvələrimizin Qarabağda apardığı birgünlük lokal xarakterli antiterror tədbirləri Azərbaycanın əraziləri üzərində suverenliyini tam təmin etdi. Ölkəmizin Cənubi Qafqazda yaratdığı yeni reallıqlar bütün dünyada, 30 ilə yaxın ərazilərmizi işğal altında saxlayan, lakin sonda sarsıdıcı məğlubiyyətlə üzləşən Ermənistanda da qəbul olundu. Bu möhtəşəm uğurlar Ümummilli Liderin Heydər Əliyevin yaratdığı güclü dövlətin və milli birliyin növbəti təntənəsi oldu.
Beləliklə, Milli Qurtuluş Günü Azərbaycan xalqının yaddaşında yalnız bir tarixi gün deyil, həm də milli oyanışın, birlik və həmrəyliyin, güclü ölkənin yaranmasının təcəssümüdür. Milli maraqlarını uğurla təmin edən, dünyada söz sahibi olan bir dövlət qismində çıxış edən Azərbaycan getdikcə daha böyük nailiyyətlərə imza atmaqla qüdrətini hər keçən gün daha da artırır.
MTM Analitik Qrup