AZƏRBAYCANIN MİLLİ GEYİMİ ABŞ-DA NÜMAYİŞ OLUNUB

ABŞ-ın paytaxtı Vaşinqton şəhərində keçirilmiş sərgidə Azərbaycana məxsus milli geyim nümayiş olunub.

Prezident Vudro Vilsonun ev-muzeyində dünya ölkələrinin milli geyimlərindən ibarət sərgi təşkil edilib. Azərbaycanın ABŞ-dakı səfirliyinin dəstəyi ilə sərgidə nümayiş olunan geyimlər sırasına Azərbaycana məxsus milli geyim də daxil edilib.

Səfirliyin ictimaiyyətlə əlaqələr üzrə əməkdaşı Cəmilə Məmmədovanın sözlərinə görə, geyim Azərbaycanın və müsəlman Şərqin ilk diplomat qadını, dövrünün bacarlıqlı diplomatik vasitəçisi Sara Xatuna həsr olunub.

Ev-muzeyinin icraçı direktoru Elizabet Karçer açılış nitqi zamanı iştirak edən səfirliklərə öz minnətdarlığını bildirib. O qeyd edib ki, tədbir hər il təşkil olunur və bu il sərgidə 40-a yaxın ölkənin milli geyimi nümayiş olunur. Onun sözlərinə görə, sərginin keçirilməsində məqsəd dəbin gücünü göstərmək və dəb vasitəsi ilə sülh mesajlarını çatdırmaqdır.

Təbirdə sərgilənmiş geyimlərin fotolarından ibarət jurnal qonaqlara təqdim edilib. Jurnalın Azərbaycanla bağlı bölməsində təqdim olunmuş geyimdə istifadə olunmuş parçalar, həmçinin Sara Xatunun fəaliyyəti ilə bağlı məlumat qeyd olunub.