Mərkəzi Asiya regionu müasir dünyanın ən mühüm geosiyasi mərkəzlərindən birinə çevrilib və bunu çoxsaylı səbəblər şərtləndirir. Türk dövlətlərinin mütləq çoxluq təşkil etdiyi Mərkəzi Asiya geniş ərazilərə maikdir və Asiya qitəsinin ərazisinin təxminən 10 faizini tutur. Avrasiyanın mərkəzi hissəsində yerləşən regionun Dünya Okeanına birbaşa çıxışı yoxdur. Amma regionun geosiyasi əhəmiyyəti onun Avropa, Yaxın Şərq və Asiya ölkələri arasında ticarət və digər əlaqələr üçün qitələrarası əhəmiyyəti ilə müəyyən edilir.
Tarixi Böyük İpək Yolu keçdiyi bu ərazi karbohidrogenlərin, qızılın, misin, uranın, nadir və ağır metalların böyük ehtiyatlarına malikdir, eləcə də tranzit və kommunikasiya yollarının üzərində yerləşir. Qeyd edilənlər kontekstində Mərkəzi Asiya ölkələrinin qarşısında duran strateji vəzifə dünya dövlətləri ilə beynəlxalq münasibətlər sistemində milli maraqlara əsaslanan əlaqələr qurmaqdır. Bunun üçün Mərkəzi Asiya ölkələrinin dünya bazarlarına etibarlı çıxışı da vacib şərtdir. Azərbaycan sözügedən region ölkələri üçün belə imkan yaradır.
Hazırda Mərkəzi Asiyanın təbii resurslarının dünya bazarlarına nəql edilməsində, həmçinin region ölkələrinin idxalında Azərbaycanın ərazisində yaratdığı tranzit imkanlar müstəsna önəm kəsb edir. Cari ilin iyulunda Türk Dövlətləri Təşkilatının Şuşada keçirilən qeyri-rəsmi Zirvə görüşündə imzalanan Qarabağ Bəyannaməsi, qəbul edilən qərarlar da buna əlavə töhfələr verir. Mərkəzi Asiyanın resurslarının idxalında indi xüsusi maraqlı olan Qərb dünyası, o cümlədən Avropa ölkələri üçün də Azərbaycanın tranzit əhəmiyyəti daha da yüksəlib.
Ümumiyyətlə, Qərbdə Azərbaycan Mərkəzi Asiyaya əsas giriş qapısı hesab olunur. Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Josep Borrellin Mərkəzi Asiyaya səfəri, aparılan müzakirələr bir daha sözügedən qurumla Mərkəzi Asiya arasında iqtisadi bağların qurulmasında Azərbaycanın həlledici rol oynamaqda davam edəcəyini göstərir. Avropa İttifaqı təchizat zəncirlərinin şaxələndirilməsinə can atır. Bunun üçün Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin imkanlarında yararlanmaq Avropa İttifaqının prioritetləri sırasında yer alır. Bu dəhliz Avropa və Mərkəzi Asiyanı birləşdirən ən müasir, multimodal və səmərəli marşrut hesab olunur. Avropa İttifaqının elan etdiyi “Global Gateway” strategiyasında da Mərkəzi Asiyaya səmərəli çıxış üçün Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi ön planda yer alır. Azərbaycanın ərazisində həyata keçirdiyi nəqliyyat infrastrukturu layihələri, avtomobil və dəmiryollarının tikintisi və yenidən qurulması, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu ilə yükdaşımaların həcminin artırılması üçün böyük investiya layihəsini reallaşdırması, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının imkanlarını artırması, bu qəbildən olan digər hallar Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin əhəmiyyətini daha da yüksəldir. Perspektivdə işə düşəcək və Zəngəzur dəhlizi Azərbaycanın yükkeçirmə potensialının artırılmasına əlavə töhfələr verəcək. Bütün bunlar Azərbaycanın regional tranzit və ticarət qovşağına çevrilməsi ilə müşayiət olunur və ölkəmizin mühüm uğurlarından biri kimi çıxış edir.
MTM Analitik Qrup