AZƏRBAYCANIN LİDERLİYİ İLƏ DÜNYA İQLİM BÖHRANINA QARŞI MÜBARİZƏDƏ YENİ MÜHÜM NAİLİYYƏTLƏRƏ İMZA ATIR

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına uyğun olaraq təşkil edilən Tərəflər Konfransı (COP) beynəlxalq iqlim danışıqlarının təməl daşı hesab olunur. Ötən illər ərzində bu tədbirlərə ev sahibliyi edən dövlətlər qlobal iqlim gündəmini formalaşdıraraq və beynəlxalq əməkdaşlığı inkişaf etdirərək təkcə özləri yox, həm də bəşəriyyət üçün mühüm nailiyyətlər əldə ediblər. Həmin nailiyyətlər əlamətdar sazişlərdən tutmuş innovativ təşəbbüslərin irəli sürülməsinə kimi geniş diapazonu əhatə edir. COP tədbirlərinin keçirildiyi ölkələr isə iqlim dəyişikliyinə qarşı qlobal mübarizədə əsas töhfə verən tərəflərdən biri kimi beynəlxalq müstəvidə rollarını  möhkəmləndirirlər. Artıq həmin ölkələr sırasında COP29-a ev sahibliyi edən və bunu uğurla həyata keçirməyi bacaran Azərbaycan da yer alır.

COP29-dan əvvəlki analoji tədbirlərin bəziləri müəyyən konkret nailiyyətlərə görə yaddaşlara əbədilik həkk olunub və bunu konkret nümunələr timsalında da görmək mümkündür. Məsələn, Danimarkada 2009-cu ildə keçirilən COP15-də iqlim dəyişikliyinə həsr olunan tədbirlərin dünya üçün nə qədər zəruri əhəmiyyət kəsb etdiyi əsas diqqət mərkəzində yer aldı. COP15 zamanı Danimarka bərpa olunan enerjidən istifadə kimi karbon emissiyası olmayan layihələr və  tədbirlər həyata keçirməklə COP hadisələrinin ətraf mühitə təsirini necə minimuma endirə biləcəyini nümayiş etdirdi. Düzdür, COP15-də iqlim dəyişikliyinin təsirlərinin neytrallaşdırılmasına hesablanmış hər hansı məcburi bir müqavilə imzalamaq mümkün olmadı. Lakin bu tədbir iqlim problemlərini qlobal diqqət mərkəzinə gətirməklə və ölkələri emissiyaların azaldılması vədlərini təqdim etməyə təşviq etməklə sonrakı razılaşmaların əsasını qoydu.

2014-cü ildə Perunun Lima şəhərində keçirilən COP20 iqlim fəaliyyətində yerli icmaların rolunu ön plana çıxardı.  Tədbirdə gender bərabərliyini iqlim siyasətinə inteqrasiya etməyə çalışan “Gender üzrə Lima İş Proqramı” təqdim edildi.  Burada ekoloji və sosial problemlərin bir-birinə bağlılığı ön plana çıxarıldı. İqlim dəyişikliyi ilə mübarizədə əsas strategiya kimi təbii ekosistemlərin qorunmasının vacibliyi də dünyanın diqqət mərkəzinə gətirildi.

2015-ci ildə Fransada keçirilən COP21-də mühüm  nailiyyətlərdən biri  Paris İqlim Sazişinin imzalanması oldu. Saziş qlobal temperatur artımını sənayedən əvvəlki səviyyədən 1,5 dərəcə Selsi həddində məhdudlaşdırmağı nəzərdə tutur. Sazişin icrası məcburi xarakter daşıyır.

Mərakeşin 2016-cı ildə ev sahibliyi etdiyi COP22 Paris Sazişinə əsasən götürülmüş öhdəliklərin yerinə yetirilməsinə daha çox diqqət yetirilməsi ilə yadda qaldı. Bununla yanaşı, Mərakeş bərpa olunan enerji sahəsində nailiyyətlərini, xüsusən də günəş enerjisinə iddialı sərmayələrini dünyaya nümayiş etdirdi, bu sahədə inkişaf etməkdə olan ölkələrin də uğurlu nümunə yaratmasının mümkünlüyünü göstərdi. Ölkə təmiz enerjiyə sadiqliyinin sübutu olaraq dünyanın ən böyük cəmləşdirilmiş Günəş Elektrik stansiyalarından biri olan “Noor Ouarzazate” kompleksi təqdim etdi. Bu nailiyyət digər ölkələri bərpa olunan enerji infrastrukturuna sərmayə qoymağa ruhlandırdı. Mərakeşin iqlim problemləri ilə mübarizədə rolu onun hüdudlarından kənara çıxdı, çünki COP22 Afrika xalqlarına dəstəyi prioritetləşdirdi.

2017-ci ildə Almaniyanın Bonn şəhərində keçirilən COP23 də ciddi bir məqamla diqqət cəlb etdi. Tədbirə Fici ev sahibliyi etməli idi. Lakin Fici genişmiqyaslı bir tədbirə ev sahibliyi etmək imkanına malik olmadığından Almaniya yardım əlini uzatdı. Bu unikal əməkdaşlıq iqlimə həssas olan ölkələr üçün maddi-texniki və maliyyə dəstəyinin vacibliyini önə çıxardı. COP23 Yaşıl İqlim Fondunun fəaliyyətə başlaması ilə də iqlim dəyişmələrinə qarşı mübarizədə mühüm nəticə əldə etdi.

2018-ci ildə Polşada  baş tutan COP24-də iqlim ədaləti prinsipi, yoxsul ölkələrin aşağı karbonlu iqtisadiyyata keçiddə geridə qalmamasını təmin etmək gündəmə gətirildi. COP24 zamanı razılaşdırılmış Katovitse Qaydalar Kitabı Paris Sazişinin həyata keçirilməsi üçün əməliyyat təlimatlarını özündə ehtiva etdi.

Böyük Britaniyanın Qlazqoda 2021-ci ildə ev sahibliyi etdiyi COP26 iqlim tədbirlərinin aktuallığını vurğulayan daha bir mühüm hadisə oldu. COP tarixində ilk dəfə Böyük Britaniyada kömür və qalıq yanacaq subsidiyalarının mərhələli şəkildə azaldılmasını nəzərdə tutan Qlazqo İqlim Paktı qəbul olundu. 150-dən çox ölkə 1,5 dərəcə Selsi hədəfinə uyğunlaşmaq üzrə öhdəliklərinə yenidən baxdı. 100-dən çox ölkənin 2030-cu ilə qədər metan emissiyalarını 30 faiz azaltmağa razılaşdığı Qlobal Metan Vədinin işə düşməsində COP26 mühüm rol oynadı. Böyük Britaniyada sözügedən tədbir zamanı həmçinin bərpa olunan enerji və davamlı təcrübələrə keçidi sürətləndirmək üçün hökumətlər və bizneslər arasında tərəfdaşlığın asanlaşdırılması istiqamətində mühüm addım atıldı. 

Bu nümunələr göstərir ki, COP tədbirlərinə ev sahibliyi edən ölkələr konkret müqavilələr, öhdəliklər və innovativ iqlim həllərini əhatə edən nailiyyətlərlə iqlim böhranının həllində mühüm rol oynayırlar. Qeyd edilənlər fonunda COP29-a dünya miqyasında böyük ümidlər bəslənməsi, gözləntilərin olması təsadüfi xarakter daşımır. Xüsusən də iqlim dəyişmələrinə qarşı mübarizədə maliyyə öhdəlikləri ilə bağlı COP29-da qəbul edilməsi gözlənilən sənəd planetin xilasında mühüm rola malik olacaq.  COP29 çərçivəsində irəli sürülən  təşəbbüslər, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının tarixində ilk dəfə olaraq qəbul edilən konkret sənədlər Azərbaycanın liderliyi ilə iqlim böhranına qarşı mübarizəyə böyük töhfələr verəcək. Əvvəlki COP-larda razılaşdırılmayan bəzi məsələlər də COP29-da öz çözümünü tapır. Paris İqlim Sazişinin 6-cı maddəsinin konkret bəndləri üzrə məhz Bakıda razılıqların əldə olunması buna misal kimi göstərilə bilər. Ümumiyyətlə, beynəlxalq miqyasda gözləntilər bundan ibarətdir ki, COP29 iqlim dəyişmələrinə qarşı mübarizədə yeni bir mərhələnin başlanmasında həlledici rol oyanayacaq.

MTM Analitik Qrup