Dünya iqtisadiyyatında son illər ərzində özünü göstərən başlıca problemlərdən biri də artım tempi ilə bağlıdır. Beynəlxalq Valyuta Fondunun proqnozlarına əsasən, qlobal iqtisadi artım bu il 3,2 faiz, 2025-ci ildə isə 3,3 faiz təşkil edəcək. Bu da əsrin əvvəlindən koronavirus pandemiyasına qədər olan müddətdəki 3,8 faizlik orta göstəricidən aşağıdır. Qlobal iqtisadiyyatın böyüməsindəki lənglik dünyada yoxsulluq və ölkələr arasında bərabərsizlik problemlərini daha da dərinləşdirir.
Şərqi Avropa və Yaxın Şərqdəki müharibələr, qlobal güc balansında struktur dəyişiklikləri də dünya iqtisadiyyatına təsirsiz ötüşmür. Daha bir mühüm fakt iqtisadi güc mərkəzinin Qərbdən Şərqə, Avropadan Asiyaya doğru yerdəyişməsidir. Təsadüfi deyil ki, indi Asiya ölkələrinin iqtisadi artım templəri daha yüksək göstəricilərlə xarakterizə olunur. Azərbaycan da dünya iqtisadiyyatında qeydə alınan çətinliklərə baxmayaraq, iqtisadi tərəqqisini intensiv tempdə davam etdirir. Hətta proqnozlar Azərbaycana iqtisadi böyümənin əvvəl nəzərdə tutulduğundan daha yüksək rəqəmlərlə ifadə olunacağını göstərir. Maliyyə Nazirliyinin proqnozlarına əsasən, bu il Azərbaycanda ümumi daxili məhsul istehsalının real artımı 3,8 faiz olmaqla nominal ifadədə 121,3 milyard manata çatacağı gözlənilir. Bu, əvvəlki göstəricidən 3 milyard manat çoxdur.
İqtisadi artımın əsas hərəkətverici qüvvəsi qismində yenə qeyri-neft/qaz sektoru çıxış edəcək. Ümumiyyətlə, bu ilin sonuna kimi qeyri-neft/qaz sektorunda ümumi daxili məhsul istehsalı 84,7 milyard manata çatacaq ki, bu da əvvəlki proqnozla müqayisədə 0,6 milyard manat çoxdur. Enerji sektorunda neft və qaz qiymətləri Azərbaycanda ümumi daxili məhsul istehsalının dəyər ifadəsinin ilin sonuna daha yüksək olacağını istisna etmir.
Ölkə iqtisadiyyatının şaxələndirilməsi, xüsusən də qeyri-neft/qaz sektorunun inkişaf etdirilməsi istiqamətində atılan addımlar Azərbaycanın iqtisadi mövqelərini daha güclü hala gətirir. Aparılan hesablamalara əsasən, cari ilin yanvar-iyun ayları ərzində ölkədə 59,5 milyard manatlıq və ya 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 4,3 faiz çox ümumi daxili məhsul istehsal edilib. Ümumi daxili məhsulun 65,2 faizi məhz qeyri-neft/qaz sektorunun payına düşüb. 2024-cü ilin birinci yarımilində əvvəlki ilin müvafiq dövrünə nisbətən qeyri-neft-qaz sektorunda ümumi daxili məhsul 6,9 faiz artaraq 38,8 milyard manat təşkil edib. Bu ilin sonuna kimi qeyri-neft/qaz sektorunda artım göstəricisinin davam edəcəyi, ötən illə müqayisədə daha yüksək rəqəmlə ifadə ediləcəyi gözlənilir. Ölkənin iqtisadi müstəvidə də əldə etdiyi nailiyyətlər dünya miqyasında yüksək qiymətləndirilir. Elə bu günlərdə “Fitch Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanın uzunmüddətli xarici valyuta emitentinin defolt reytinqini “BB+” səviyyəsindən “BBB-” səviyyəsinə yüksəltdiyini və sabit perspektivlə qiymətləndirdiyini açıqlayıb. Bununla 8 ildən sonra Azərbaycanın suveren reytinqi yenidən investisiya dərəcəsinə qaytarılıb.
Ölkə iqtisadiyyatında artım tempi Azərbaycanı daha qüdrətli ölkəyə çevirməklə yanaşı, əhalinin maddi rifah halının da yüksəlməsinə gətirib çıxarır. Yaxın tezlikdə minimum əməkhaqqının artırılması ilə bağlı təkliflərin hazırlanaraq icraya yönləndirilməsi gözlənilir. Bu, büdcədən ayrılan digər ödənişlərə də təsirsiz ötüşməyəcək. Eləcə də digər mənbələr üzrə gəlirlərin artırılması proqnozlaşdırılır.
MTM Analitik Qrup