Müasir dünya iqtisadiyyatının inkişaf trendləri daha çox transmilli şirkətlərin cəmləşdiyi işgüzar çevrələrdə müəyyənləşir. Bunu nəzərə alan rəsmi Bakı BMT-nin İqtisadi və Sosial Şurası yanında məsləhətçi statusa malik olan Dünya İqtisadi Forumu (Davos Forumu) ilə əməkdaşlığa xüsusi önəm verir. Azərbaycan son 15 ildə qurumla sıx əməkdaşlıq edən, onun bir sıra təşəbbüslərində iştirak edən ölkələrdəndir. Respublikamız bir qayda olaraq Davos şəhərində keçirilən illik toplantılarda yaxından iştirak edir.
Forum qlobal iqtisadi əməkdaşlığın və biznes tərəfdaşlığının inkişafına yardımçı olur, bu istiqamətdə faydalı müzakirələr platforma rolunu oynayır. Prezident İlham Əliyevin 2007-ci ildən başlayaraq mütəmadi iştirak etdiyi Davos Forumunun sessiyaları kifayət qədər işgüzar və səmimi atmosferdə keçir, aparılan müzakirələr qlobal iqtisadi proseslərin nəzarətdə saxlanması, dünya dövlətlərinin iqtisadi-ticari əlaqələrinin genişləndirilməsi, iri şirkətlər arasında əlaqələrin formalaşdırılması, qarşılıqlı sərmayələrin təşviqi baxımından yaxşı imkanlar açır. Dövlət başçısının qlobal tədbir çərçivəsində keçirdiyi işgüzar görüşlər, apardığı müzakirələr, eləcə də müsahibələri zamanı səsləndirdiyi fikirlər ölkəmizin investisiya imkanları haqqında dolğun təsəvvür formalaşdırır.
Forumdakı müzakirələr bir qayda olaraq iqtisadi əməkdaşlıq üçün səmərəli mexanizmlərin, habelə investisiya qoyuluşlarını təşviq edən konkret təklif və ideyaların irəli sürülməsi ilə yaddaqalan olur. Azərbaycan Foruma Cənubi Qafqaz bölgəsində iqtisadi cəhətdən sürətlə inkişaf edən, qlobal iqtisadi-siyasi proseslərə nüfuz imkanları ilə seçilən, Avropanın enerji təhlükəsizliyində vacib rol oynayan dövlət kimi hər il dəvət alır. Prezident İlham Əliyev tədbirdə hər zaman diqqət mərkəzində olan dövlət başçısı olaraq aparıcı dövlətləri və transmilli şirkətləri Azərbaycanda sərmayə qoyuluşlarına dəvət edir.
Ölkəmizin investisiya reytinqinin ildən-ilə yaxşılaşması, strateji valyuta ehtiyatlarının artımı, kosmik sənayenin inkişafı, yaşıl enerji və nəqliyyat sahəsində reallaşdırdığı qlobal layihələr, digər bir sıra təbii üstünlükləri Foruma qatılmış ölkələr və işgüzar çevrələr üçün kifayət qədər cəlbedici görünür. Son illərdə azad edilmiş ərazilərimizin zəngin iqtisadi potensialının müxtəlif tədbirlər, forumlar, sərgilər və s. vasitəsilə dünyaya təqdimatı, qlobal şirkətlərin buraya investisiya qoyuluşlarının stimullaşdırılması məsələləri xüsusilə diqqət mərkəzindədir.
Azərbaycan Davos Forumu vasitəsilə azad edilmiş ərazilərdə həyata keçiriləcək layihələrin icrasına, eləcə də sərmayə qoyuluşlarına dünyanın aparıcı şirkətlərini cəlb etməkdə maraqlıdır. Qarabağ və Şərqi Zəngəzurda reallaşdırılmaqda olan infrastruktur layihələri – yolların, dəmiryolu xətlərinin, energetika sisteminin bərpası, yeni beynəlxalq hava limanlarının inşası da məhz bu məqsədə xidmət edir. Bu tədbirlər yerli və xarici sahibkarların həmin ərazilərin zəngin resurslarından, infrastruktur potensialından daha səmərəli istifadə etmələrinə geniş imkanlar açır.
Rəsmi Bakının adətən xüsusi azad zonalar üçün səciyyəvi olan stimullaşdırıcı güzəştlər tətbiq etməsi, qlobal infrastruktur layihələrini reallaşdırması azad edilmiş ərazilərimizdə biznes və sərmayə mühitinin cəlbediciliyini artırır. Burada işgüzar fəaliyyətə real imkanlar açan mühüm amillər sırasında Qarabağ və Şərqi Zəngəzurun zəngin təbii resursları və xammal ehtiyatları ilə yanaşı, bərpa-quruculuq işlərinin baş planlar əsasında, müasir trendlər əsasında reallaşdırılmasını da xüsusi qeyd etmək olar. Qeyd olunan iqtisadi rayonların “Ağıllı şəhər”, “Ağıllı kənd”, “Yaşıl enerji” konseptləri əsasında yenidən qurulması, habelə müasir texnoloji yeniliklərin, innovasiyaların tətbiqi yerli və əcnəbi sahibkarlar üçün xüsusilə maraqlıdır.
Prezident İlham Əliyevin 10 dekabr 2021-ci il tarixli “İşğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Sərəncamı azad edilmiş ərazilərin iqtisadi potensialının səmərəli realizəsi baxımından bir sıra stimullaşdırıcı tədbirlərə imkan açıb. Sərəncam əsasında Azərbaycan Respublikasının Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər həmin ərazilərdə fəaliyyət göstərən rezidentləri 2023-cü il yanvarın 1-dən 10 il müddətinə mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş və digər vergilərdən azad edib.
Davos İqtisadi Forumu çərçivəsində aparılacaq müzakirələr ölkəmizin yaşıl enerji sahəsində həyata keçirdiyi tədbirlərin, eyni zamanda, 2024-cü ildə Bakıda keçirilmiş COP29 çərçivəsində qarşıya qoyulmuş hədəflərin müzakirəsi, alternativ və bərpa olunan enerji potensialının transmilli şirkətlərə nümayişi baxımından da yeni imkanlar açır. Respublikamız Forumun yaratdığı imkanlardan səmərəli istifadə edərək real sərmayə mühiti, iqtisadi inkişaf və enerji təhlükəsizliyi strategiyası barədə reallıqları bir daha dünyanın siyasi və işgüzar dairələrinin diqqətinə çatdırır.
MTM Analitik Qrup