AZƏRBAYCANIN HƏRBİ POTENSİALI BEYNƏLXALQ TƏŞKİLATLAR TƏRƏFİNDƏN YÜKSƏK QİYMƏTLƏNDİRİLİR

Ölkəmizin hərbi cəhətdən güclənməsi, Ordusunu modernləşdirməsi və Ermənistan üzərində üstünlüyünü artırması bir sıra ixtisaslaşmış təşkilatların hesabatlarında və reytinq cədvəllərində də öz əksini tapır. Azərbaycan yenidən işlənmiş “Global Firepower” (GFP) – “Dünyanın ən güclü orduları – 2025” reytinqində 145 ölkə arasında 60-cı yerdə qərarlaşaraq hərbi potensialına görə Cənubi Qafqazda lider mövqeyini qoruyub. Müqayisə üçün bildirək ki, Gürcüstan siyahıda 94-cü, Ermənistan 91-ci yerdə qərarlaşıb.

Təşkilatın bir sıra parametrlər üzrə apardığı təhlillər hərbi gücünü döyüş meydanında sübuta yetirmiş Azərbaycan Ordusunun potensialının region səviyyəsindən yüksəkdə olduğunu, bir sıra inkişaf etmiş ölkələrin orduları ilə müqayisə ediləcək səviyyəyə qalxdığını təsdiqləyir. “Global Firepower” reytinqi aviasiya, zirehli texnika, müxtəlif qoşunların göstəriciləri, eləcə də təbii ehtiyatlar, işçi qüvvəsi, nəqliyyat və logistika imkanları da daxil olmaqla, 50 meyar əsasında tərtib olunur. Azərbaycan Ordusu son illərdə bu göstəricilər üzrə ciddi uğurlara imza atıb və bu da hərbi sahəyə göstərilən xüsusi diqqət və qayğının nəticəsidir.

Prezident İlham Əliyev hərbi islahatların davam etdirilməsini, qoşunların döyüş qabiliyyətinin, o cümlədən əməliyyat imkanlarının artırılmasını 2025-ci il üçün də əsas prioritetlərdən elan edib. İkinci Qarabağ müharibəsindən sonra qoşun növlərinin fəaliyyətinin qiymətləndirilməsi, döyüş hazırlığı məqsədilə taktiki hərbi təlimlərin keçirilməsi, müdafiə sistemi və onun hərtərəfli təminatı, o cümlədən dövlət sərhədində əməliyyat şəraitinin nəzarətdə saxlanılması məsələləri xüsusi diqqətdə saxlanılıb.

2020-ci ildə ölkəmizin ərazi bütövlüyünü, 2023-cü ildə suverenliyini təmin etmiş Azərbaycan Ordusu müxtəlif vaxtlarda Ermənistan silahlı qüvvələrinin diversiya və hərbi təxribatlarının, uğursuz revanş cəhdlərinin qarşısını dərhal və qətiyyətlə alıb. Bu da təsadüfi deyil ki, dünyanın aparıcı hərbi mərkəzləri, tanınmış hərbi ekspertləri Azərbaycanın döyüş əməliyyatlarında nümayiş etdirdiyi unikal döyüş təcrübəsinin öyrənilməsi və tətbiqi ilə bağlı çoxsaylı fikirlər səsləndirib.

Ölkəmizin hərbi üstünlüyünü təmin edən əsas amillərdən biri də iqtisadi potensialına görə Cənubi Qafqazın lider dövləti olmasıdır. Azərbaycanın 2025-ci il üçün büdcə xərcləri Ermənistan və Gürcüstanın birlikdə büdcə xərclərindən 1,3 dəfə çoxdur. Cari il üçün Azərbaycanın müdafiə və təhlükəsizlik xərcləri 5 milyard təşkil edir və bu da hərbi büdcəsini 1,7 milyarda qaldıran Ermənistandan təxminən 3 dəfə çoxdur. Hərbi xərclərin artım dinamikası, mütəmadi hərbi təlimlərin təşkili deməyə əsas verir ki, ölkəmiz son illərdə əldə etdiyi nəticələr arxayınlaşmır, müdafiə və təhlükəsizlik məsələlərinə xüsusi diqqətin ayrılması təmin edilir.

Ordumuzun döyüş və müdafiə qabiliyyətinin artırılması, hərbi sənaye xarakterli layihə və tədbirlər üçün maliyyə təminatının yaradılması ölkəmizin regiondakı hərbi-siyasi üstünlüyünü qoruyub saxlamaq məqsədi daşıyır. Başqa sözlə, hərbi sahəyə ayrılan xüsusi diqqət Ermənistanın nə zamansa “revanş götürmək”, demək olar ki, məhv edilmiş ordusunu bərpa edərək yeni müharibəyə başlamaq kimi xəyallarını alt-üst etməklə, onu daim psixoloji basqı altında saxlayır. Prezident İlham Əliyev son çıxışlarında xüsusi vurğulayıb ki, silahların əksəriyyətini Qərbdən pulsuz və ya kreditlə almasına baxmayaraq, Ermənistanın nə zamansa Azərbaycan Ordusuna bərabər ordu yaratmaq, silahlanma yarışında üstün olmaq imkanları yoxdur.

Əcnəbi ekspertlərin açıqlamaları, “Global Firepower” və digər beynəlxalq təşkilatların reytinq göstəriciləri Azərbaycanda Ordu quruculuğuna ayrılan diqqət və qayğının səmərə verdiyini təsdiqləyir. Fövqəlgüc dövlətlərin arsenalında olan müasir, “beşinci nəsil” hərbi texnika və silah-sursatla təchiz edilməsi, yerli müdafiə sənayesinin inkişafı fonunda Azərbaycan Ordusunun hərbi qüdrəti ilbəil artır. Müəyyən beynəlxalq təşkilat və dövlətlər Azərbaycanın hərbi xərclərini davamlı şəkildə artırmasına, Ordusunun ən müasir hərbi texnika və silah-sursatla təchizatına xüsusi diqqət ayırmasına qərəzli mövqedən yanaşsalar da, Prezident İlham Əliyev bu məsələdə daim milli maraqları uca tutub.

Dövlətin ordu quruculuğuna xüsusi diqqət yetirməsi, müdafiə və təhlükəsizlik xərclərinin artırılması bir sıra obyektiv səbəblərlə şərtlənir. Bunda məqsəd həm də Azərbaycan Silahlı Qüvvələrinin yeni parametrlər üzrə formalaşdırılması təmin etmək, komando hərbi hissələrinin sayını artırmaq, peşəkar və yüksək döyüş qabiliyyətli ordu formalaşdırmaqdır. Bundan əlavə, azad edilmiş ərazilərində yeni hərbi hissələrin, qərargahların, istehkam-müdafiə qurğularının, sərhəd zastavalarının yaradılması Ermənistan və İranla sərhəd ərazilərdə etibarlı təhlükəsizlik çətirinin formalaşdırılması vacibliyi ilə şərtlənir.

Azərbaycan Ordusunda islahatların NATO və Türkiyə standartları əsasında aparılanması da mühüm nəticələrin əldə olunmasına imkan yaradır. Bölgədəki vəziyyətin doğurduğu aktual çağırışlar strateji tərəfdaşlar olan Azərbaycan və Türkiyənin müdafiə və təhlükəsizlik sahələrində əməkdaşlığının dərinləşdirilməsini zərurətə çevirir. Regionda sabitliyə, sülhə və iqtisadi inteqrasiyaya xidmət edən qlobal layihələri birgə reallaşdıran hər iki ölkə postmünaqişə dövrünün sülhyaratma proseslərinə fəal töhfələr verirlər. Qardaş Türkiyənin qüdrətli orduya və müdafiə sənayesi potensialına malik olması Azərbaycanın bu ölkə ilə hərbi-texniki əməkdaşlığına, təcrübə mübadiləsinə təkan verir. Hərbi əməkdaşlıq haqqında sazişə uyğun olaraq, bu günlərdə Türkiyənin Qars şəhərində iki ölkənin hərbçilərinin iştirakı ilə “Qış təlimi – 2025” birgə təlimi keçiriləcək.

Son illər Azərbaycanın bir sıra digər ölkələrlə də hərbi əməkdaşlığının intensivləşməsi müşahidə edilir. İsrail, Pakistan, Gürcüstan, Özbəkistan, İtaliya ilə hərbi əməkdaşlığın genişləndirilməsi istiqamətində addımlar atılıb, birgə səndlər imzalanıb. Ölkəmizin hərbi potensialının gücləndirilməsini təmin edən bu və digər addımlar, eyni zamanda, ölkəmizə geosiyasi təzyiq göstərməyə uğursuz cəhdlər edən ölkələrə ünvanlanan sərt ismarıcdır.

MTM Analitik Qrup