
Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasları fonunda Azərbaycanın qlobal enerji təhlükəsizliyi sistemində müstəsna yeri və rolu bir daha təsdiqlənib. Prezident İlham Əliyevin tədbirdəki dərin məzmunlu çıxışı, enerji strategiyası ilə bağlı səsləndirdiyi fikirlər ölkəmizin ənənəvi, habelə bərpa olunan enerjinin ixracı sahəsində zəngin potensialının dünyaya təqdimatı, qarşıya qoyduğu hədəflərlə bağlı dolğun təsəvvürlərin formalaşdırılması baxımından diqqəti xüsusilə cəlb edir.
Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin iclaslarının ənənəvi olaraq Bakıda təşkili Azərbaycanın layihənin əsas təşəbbüskarı, investoru və iri təbii qaz təchizatçısı olması ilə şərtlənir. Beynəlxalq əhəmiyyətli enerji toplantılarının hər il Bakıda keçirilməsi həm də ölkəmizin etibarlı təchizatçı və tərəfdaş olmasının beynəlxalq səviyyədə təsdiqi kimi dəyərləndirilməlidir. Keçirilən tədbirlər fonunda təsdiqlənir ki, müasir dünyada yanacaq-enerji resursları ilə təchizat, həmçinin enerji effektivliyi dövlətlərin inkişaf səviyyəsinin mühüm göstəricilərindən birinə çevrilib.
İstehsal etdiyi neft və qazın əsas qismini Avropa bazarlarına nəql edən Azərbaycan bu geosiyasi arealda yerləşən ölkələr tərəfindən strateji əhəmiyyətli enerji təzhizatçısı kimi qəbul olunur. Avropa ölkələri mümkün alternativlər sırasında ölkəmizin yeri və rolunu, eyni zamanda, Xəzər dənizinin zəngin karbohidrogen ehtiyatlarının Qərb bazarlarına çıxarılması üçün irəli sürdüyü təşəbbüsləri yüksək dəyərləndirirlər. Hazırda enerji amili həm siyasi, həm də beynəlxalq layihələr baxımından Azərbaycanın üçün strateji əhəmiyyət kəsb edir və ölkəmizin Qərbdən daha çox siyasi dəstək almasını şərtləndirir.
Xatırlatmaq yerinə düşər ki, 2006-cı ildə imzalanmış “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlıq üzrə Anlaşma Memorandumu”, 2011-ci ildə imzalanmış “Cənub Qaz Dəhlizi haqqında Birgə Bəyannamə”, 2022-ci ilin iyul ayında imzalanmış “Enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu” təşkilatla ölkəmiz arasında enerji əməkdaşlığının yüksək dinamizmlə inkişafını təmin edib.
Azərbaycan ötən dövrdə Avropa üçün bütün sahələrdə etibarlı tərəfdaş olduğunu təsdiqləyib. Təsadüfi deyil ki, Azərbaycanla enerji müstəvisində işbirliyində olan ölkələr bu sahədə əməkdaşlığın daha da dərinləşməsinə, digər bəzi ölkələr isə müvafiq tərəfdaşlıq münasibətləri qurmağa çalışırlar. Ölkəmizin etibarlı tərəfdaş olması ilə yanaşı, enerji ehtiyatları və infrastrukturu da prosesə təsir edən əsas məqamlar sırasında yer alır. Digər bir vacib amil Azərbaycanın coğrafiyasının digər mənbələrdən də enerji idxalına və ixracına imkan verməsidir. Mövcud vəziyyətdə bütün bunlar Avropa məkanında yerləşən ölkələrin böyük əksəriyyəti üçün mühüm əhəmiyyətə malikdir.
Dünyada və Avropada enerjiyə artan ehtiyacı düzgün dəyərləndirən Prezident İlham Əliyev Azərbaycanda neft-qaz istehsalı və ixracı, habelə yaşıl enerji istehsalı potensialının gücləndirilməsi istiqamətində düşünülmüş strategiya, habelə səmərəli şaxələndirmə siyasəti yürüdür. Dövlət başçısı Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasında haqlı olaraq bildirib ki, enerji müstəqilliyi hər bir ölkənin milli təhlükəsizliyinin vacib komponentidir: “Bu gün heç vaxt olmadığı qədər enerji təhlükəsizliyi milli təhlükəsizliyin, ölkələrin təhlükəsizliyinin ayrılmaz bir hissəsidir və bu gün biz, həmçinin sənaye təhlükəsizliyi haqqında danışa bilərik…Çünki sənayeni inkişaf etdirmək üçün bizə enerji ehtiyatları, neft-kimya məhsulları, gübrələr lazımdır. Azərbaycan isə xam neftin, təbii qazın, neft məhsullarının və gübrələrin istehsalçısı və ixracatçısıdır”.
TAP-ın istismara verilməsindən ötən 4 il müddətində Azərbaycandan Avropa qitəsindəki 12 tərəfdaş ölkəyə 45 milyard kubmetrdən çox təbii qaz tədarük olunub. Son illərdə kəşf olunan yeni potensial yataqlar və aparılan rekonstruksiya işləri Azərbaycanın təkcə neft deyil, təbii qaz ehtiyatlarının həcmi ilə bağlı nikbin proqnozları yeniləyib. Bu da ölkəmizə uzun illər ərzində karbohidrogen ehtiyatlarının etibarlı təchizatçısı olaraq qalmasına etibarlı təminat yaradır.
Hazırda Azərbaycan qazının Avropa bazarlarına nəqli sahəsində ən ciddi maneə ölkəmizdən TAP və TANAP-ın ötürücülük imkanlarının nisbətən məhdud olmasıdır. Avropa Komissiyası ilə Azərbaycan arasında 2022-ci ilin iyul ayında imzalanmış “Enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu” bu məsələdə ölkəmizə dəstəyin artırılmasını nəzərdə tutur. Sənəddə TAP vasitəsi ilə idxal ediləcək təbii qazın həcminin iki dəfə artırılması nəzərdə tutulur. Kəmərin ötürücülük imkanlarının artırılması üçün birgə texniki layihələrin reallaşdırılması diqqət mərkəzindədir.
Azərbaycan alternativ və bərpa olunan enerji istehsalı sahəsində zəngin potensialını da uğurla realizə edir. Respublikamız bu sahələrin inkişafına yönəltdiyi investisiyaların həcmini artırmaqla, perspektivdə Avropanın təkcə təbii qazla deyil, elektrik enerjisi ilə təchizatında da həlledici rol oynamaq niyyətindədir. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının ötən ilin ilin noyabr ayında Azərbaycanda keçirilməsi ölkəmizin enerji mənbələrindən səmərəli istifadə və karbonsızlaşdırma sahəsində həyata keçirdiyi kompleks tədbirlərin dünyada ciddi dəstək aldığını göstərir. Bu qlobal tədbir çərçivəsində əldə olunan razılaşmalar, imzalanan sənədlər dünya ölkələrinin, habelə alternativ enerji istehsalı sahəsində ixtisaslaşmış aparıcı şirkətlərin Azərbaycana marağını daha da artırıb.
Azərbaycan iri elektrik enerjisi ixracatçısına çevrilməklə yanaşı, Mərkəzi Asiya ölkələri üçün tranzit ölkə rolunu oynamağa da iddialıdır. Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında imzalanmış Birgə Kommunike və “yaşıl enerji dəhlizi”nin yaradılmasını nəzərdə tutan Əməkdaşlıq Memorandumu bu hədəfin reallaşdırılmasına hesablanıb. Qeyd edilən Mərkəzi Asiya ölkələri Azərbaycanın əsas rol oynadığı elektrik enerjisinin Avropaya ixracı layihəsinə qoşulmağa hazır olduqlarını bəyan ediblər.
Ümumilikdə, ölkəmizin təşəbbüsü ilə reallaşdırılacaq “Xəzər-Qara dəniz-Avropa”, “Azərbaycan-Türkiyə-Avropa” və “Azərbaycan-Mərkəzi Asiya-Avropa” yaşıl enerji dəhlizləri Azərbaycanın bu sahədə tranzit ölkəyə çevrilməsini təmin edəcək.
MTM Analitik Qrup