
“Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş” layihəsi bir daha Cənubi Qafqaz üçün yeni dövrün başlandığını nümayiş etdirir. 17 maddədən ibarət sazişin detalları prosesin Azərbaycanın şərtləri, diqtəsi altında inkişaf etdiyini göstərir. Eyni zamanda sözügedən saziş Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni geosiyasi reallıqların daha da güclənməsinə xidmət edir. Ümumiyyətlə, hadisələrin inkişaf axarı göstərir ki, Azərbaycan və Ermənistan arasında sülh quruculuğu Cənubi Qafqaza kənar müdaxilələr üçün istifadə edilən mexanizmlərin bir çoxunun sıradan çıxması ilə nəticələnəcək. Məsələn, sülh sazişinin mətninə əsasən, Azərbaycan və Ermənistan qarşılıqlı sərhədə hər hansı üçüncü tərəfin qüvvələrini yerləşdirməyəcəklər.
Hazırda Ermənistan ərazisində belə qüvvələr fəaliyyət göstərir. Söhbət Avropa İttifaqının Ermənistan ərazisində yerləşdirilən mülki monitorinq missiyasından gedir. Faktdır ki, “binokl diplomatiyası” ilə məşğul olan bu missiya ölkəmizə qarşı əsassız iddialar formalaşdırır, Azərbaycanofobiyanın genişləndirilməsi üçün bir vasitə kimi istifadə olunur. Təbii ki, bu hal da öz növbəsində Azərbaycan və Ermənistan arasında etimad quruculuğuna xələl gətirir və rəsmi bakı qeyd edilə xüsusda Ermənistana, elə Avropa İttifaqına dəfələrlə xəbərdarlıq edib. Bundan əlavə, həmin missiyanın Rusiya və İrana qarşı kəşfiyyat fəaliyyəti ilə məşğul olması nəticədə Cənubi Qafqazda geosiyasi müstəvidə gərginliyin artmasına xidmət edir. Bütün bunlardan irəli gəlir ki, Avropa İttifaqının missiyasının fəaliyyətə son qoyulması təkcə Azərbaycan və Ermənistan arasında sülhün əldə edilməsini tezləşdirməyə xidmət etmir, həm də Cənubi Qafqaz regionunun geosiyasi toqquşma məkanına çevrilməsinə zəmin yaradan mühüm səbəblərdən birini aradan qaldırmış olur.
Sülh sazişinin 7-ci bəndinə əsasən, tərəflər iki ölkə sərhədində üçüncü tərəfin qüvvələrinin yerləşdirilməməsi öhdəliyini götürür. Saziş imzalandıqdan sonra Avropa İttifaqının missiyasının Azərbaycanla sərhəd ərazilərdən çıxarılması artıq Ermənistanınəsas öhdəliklərindən birinə çevriləcək. Bundan sonra da bu və digər qüvvələrin Azərbaycanla sərhəd ərazilərdə yerləşdirilməsi mümkün olmayacaq. Məsələ ilə bağlı sülh sazişində açıq şəkildə qeyd olunur: “Tərəflər qarşılıqlı sərhədə hər hansı üçüncü tərəfin qüvvələrini yerləşdirməyəcəklər. Tərəflər, qarşılıqlı sərhədin delimitasiyası və sonrakı demarkasiyasının başa çatmasına qədər, sərhəd bölgələrində təhlükəsizlik və sabitliyin təmin olunması məqsədilə, hərbi sahə də daxil olmaqla, qarşılıqlı razılaşdırılmış təhlükəsizlik və etimad-quruculuğu tədbirləri həyata keçirəcəklər”. Bütün bunlar nəticə etibarı ilə Cənubi Qafqazda regiondankənar ölkələrin məkrli niyyətlərinin qarşısının alınması niyyətininin əngəlləməsində mühüm əhəmiyyət kəsb edir.
Daha bir önəmli məqam ATƏT-in Minsk qrupu ilə bağlıdır. Artıq Azərbaycan və Ermənistan ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı iştirakçı dövlətlərə müraciət ediblər. Tərəflər xarici işlər nazirlərinin ATƏT-in Minsk Prosesi və əlaqəli strukturların (ATƏT-in fəaliyyətdə olan sədrinin Minsk konfransının müzakirəsində olan münaqişə üzrə şəxsi nümayəndəsi və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun) bağlanması ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciətindən sonra ATƏT Nazirlər Şurasının bağlanma ilə bağlı qərar layihəsi ATƏT iştirakçı dövlətləri arasında yayılıb. Onlar qərarın qəbul edilməsi üçün lazımi prosedurları dəstəkləməyə çağırılıblar. Bəllidir ki, Minsk qrupunun fəaliyyəti üçün predmet olan hal, yəni, Qarabağ münaqişəsi Azərbaycan tərəfindən həll olunub, ölkəmizin ərazi bütövlüyü bərpa edilib. Münaqişə həllini tapdığından Minsk qrupunun vasitəçilik missiyasını davam etdirməsidən hər hansı söhbət gedə bilməz.
İndiki halda Minsk qrupunun mövcudluğu sülh və əməkdaşlıq prosesinə xələl gətirir. Prezident İlham Əliyev hələ 2022-ci ilin iyununda Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransında çıxışında bununla bağlı bildirib ki, Azərbaycan işğala son qoyub, öz ərazi bütövlüyünü hərbi və siyasi yolla təmin edib: “Belə olduğu halda artıq Minsk qrupuna ehtiyac yoxdur, biz Minsk qrupu ilə vidalaşmışıq, onlarla sağollaşmışıq. Lakin təəssüflər olsun ki, Ermənistan tərəfi və digərləri bu qrupu canlandırmaq istəyirlər. Bildirmək istəyirəm ki, bu, qeyri-mümkündür. Artıq o qrup ölüdür, cansızdır. Biz işğaldan xeyli əziyyət çəkmişik və bunu açıq-aydın şəkildə bildiririk. Düşünürəm ki, ATƏT-in Minsk qrupu ilə bağlı hər hansı spekulyasiya nəinki qeyri-məhsuldardır, eyni zamanda dağıdıcıdır, regionda sülhün bərqərar olması üçün dağıdıcı təsirə malikdir”.
Azərbaycanın yanaşmasını Ermənistan və müəyyən qüvvələr uzun müddət rədd etməyə çaılşasalar da, sonda ölkəmzin yanaşması qəbul olundu və ATƏT-in Minsk qrupunun ləğvi üçün birgə müraciət ünvanlandı. Bütün bunlar həm də o deməkdir ki, Minsk qrupundan istifadə edərək, Cənubi Qafqazda konkret məqsədlər güdən qüvvələr artıq daha bir təsir vasitəsini də itirmiş olurlar. İndi Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması yolunda yeganə əngəl Ermənistan konstitusiyasında ölkəmizə qarşı ərazi iddialarının mövcudluğudur. Bunun gələn il ərzində referndum yolu ilə aradan qaldırılması gözlənilir. O da xüsusi qeyd olunmalıdır ki, Azərbaycan Ermənistan konstitusiyasında dəyişikliklər məsələsini qaldırmaqla heç də bu ölkənin daxili işlərinə müdaxilə etmək niyyətində olmadığını ən yüksək səviyyədə bəyan edib. Lakin bu ölkənin baş qanununda Azərbaycana qarşı ərazi iddiasının yer alması ilə ölkəmiz barışa bilməz və bu reallığı Ermənistanda da dərk edirlər.
Ölkələrimiz arasında sülh müqaviləsi imzalandıqdan sonra Cənubi Qafqazda əməkdaşlıq baxımından yeni bir mərhələnin başlanması gözlənilir. Burada bir məqam xüsusi qeyd olunmalıdır ki, hələ İkinci Qarabağ müharibəsindən sonra ölkəmiz region dövlətləri arasında qarşılıqlı münasibətlərin yeni mərhələsinin başlanması məqsədilə Azərbaycan-Gürcüstan-Ermənistan üçlüyündən ibarət olacaq vahid müzakirə platformasının yaradılması təşəbbüsünü irəli sürüb. Prezident İlham Əliyev hələ Çex Respublikasının paytaxtı Praqa şəhərində keçirilən “Avropa Siyasi Birliyi” Zirvə Toplantısı çərçivəsində bu məsələni diqqət mərkəzinə gətirib. Sonrakı mərhələdə də bu məsələ Azərbaycan tərəfindən aktuallaşdırılıb. Gürcüstan Azərbaycanın bu yanaşmasını dəstəkləsə də, Ermənistan müvafiq addımlar atmayıb. Bunun səbəblərindən biri də Ermənistanın Azərbaycanla sülh müqaviləsinin yoxluğu olub. Bu hal Cənubi Qafqazda vahid müzakirə platformasının yaradılması təşəbbüsünün reallaşmasına imkan verməyib. Amma yaxın tezlikdə vəziyyətin dəyişməsi gözlənilir. Cənubi Qafqazda vahid müzakirə platformasının yaranması ilə yanaşı, əməkdaşlıq münasibətləri ilə bağlı yeni bir mərhələnin başlanması qaçılmaz proses sayılır. Bu da öz növbəsində regiona kənar təsir cəhdlərinin qarşısının alınmasında əsas sipərlərdən birinə çevriləcək.
MTM Analitik Qrup