AZƏRBAYCANIN CÜDO ÜZRƏ GƏNC OĞLANLARDAN İBARƏT MİLLİ KOMANDASI AVROPA KUBOKU TURNİRİNİ İKİNCİ YERDƏ BAŞA VURUB

Azərbaycanın cüdo üzrə gənc oğlanlardan ibarət milli komandası Afinada keçirilən Avropa kuboku turnirində uğurla çıxış edərək 4 medal qazanıb.
Qızıl medalları yığmamızın aktivinə Məhərrəm İmamverdiyev (81 kq) və Kənan Nəsibov (100 kq) yazdırıblar. Ruslan Nəsirli (100 kq) və Hüseyn Məmmədov (+100 kq) isə turnirin gümüş medallarını qazanıblar. Komandamız 27 ölkə təmsilçisinin qatıldığı Avropa kuboku turnirini ümumilikdə 2 qızıl və 2 gümüş medalla oğlanlar arasında ikinci yerdə başa vurub. Ümumi komanda hesabında isə yığmamız üçüncü pillədə qərarlaşıb.
Qeyd edək ki, Azərbaycan Respublikasının Yunanıstandakı fövqəladə və səlahiyyətli səfiri Anar Hüseynov və səfirliyin digər əməkdaşları cüdoçularımıza dəstək olmaq məqsədi ilə Avropa kuboku turnirində iştirak ediblər.
Anar Hüseynov qaliblərin mükafatlandırma mərasimində iştirak edib.