AZƏRBAYCANIN COP29 ÇƏRÇİVƏSİNDƏ “İQLİM ÜÇÜN MƏDƏNİYYƏT” TƏŞƏBBÜSÜ QLOBAL ÇAĞIRIŞLARA ƏSASLANIR

COP29 ərəfəsində aparılan müzakirələr göstərir ki, bu mötəbər konfrans təkcə iqlim dəyişiklikləri ilə mübarizə üsullarının deyil, eyni zamanda, ekoloji tarazlığın pozulmasının cəmiyyət həyatının ən müxtəlif sahələrinə mənfi təsirlərinin elmi-intellektual müzakirəsini təmin edəcək unikal platforma olacaq. Rəsmi Bakının qlobal tədbir ərəfəsində irəli sürdüyü 15-ə yaxın təşəbbüs mahiyyətcə müasir çağırışlara əsaslanmaqla, bəşəriyyəti sülhə, dialoqa, təhlükəsizliyə və əməkdaşlığa səsləyir.

Yüksək təşkilatçılıq məharəti nümayiş etdirən respublikamız son 15 ildə konstruktiv debat və müzakirələr üçün əlverişli platforma formalaşdırmağa nail olub. Azərbaycanın təşəbbüsü ilə ilk dəfə 2008-ci ildə qəbul edilmiş “Mədəniyyətlərarası dialoqun təşviqinə dair Bakı Bəyannaməsi”ndə İslam və Qərb sivilizasiyaları, eləcə də müxtəlif xalqlar və mədəniyyətlər arasında dialoqun inkişafı məqsədilə irəli sürülmüş “Bakı Prosesi” təşəbbüsü dəstəklənib. Bununla da respublikamızın paytaxtında müxtəlif beynəlxalq tədbirlərin keçirilməsi intensiv xarakter alıb.

“Bakı Prosesi”nin davamı olaraq Azərbaycan COP29 çərçivəsində dinlər və mədəniyyətlər arasında dialoqun, multikultural ideyaların, eyni zamanda, mədəniyyətin iqlim problemlərinin həllində rolunu önə çəkən müzakirələrə start verib. Bu günlərdə paytaxtda “Dünya dinləri yaşıl planet uğrunda” şüarı altında keçirilən Dini Liderlərin Qlobal Sammiti qeyd edilənlərin əyani təsdiqi olub. Prezident İlham Əliyevin sammit iştirakçılarına müraciətində vurğuladığı kimi, bəşəri problemlərin müzakirə olunduğu nüfuzlu tədbirlərin Azərbaycanda keçirilməsi ənənə halını alıb: “İnanıram ki, bu Sammit səmərəli fəaliyyəti ilə ölkəmizin sivilizasiyalararası dialoq məkanı statusunu daha da möhkəmləndirəcək, mədəniyyətlərarası əməkdaşlığa dair “Bakı Prosesi”nə sanballı töhfə verəcək, yaşıl dünya naminə həmrəyliyiniz, müdrik təklif və tövsiyələriniz ümumi hədəflərə çatmağımıza dəstək olacaqdır”.

İqlim dəyişikliklərinin mədəniyyətə, dini və tarixi-mədəni irsə təsirlərinin COP29 konfransının əsas mövzularından biri olması obyektiv reallıqlarla şərtlənir. Tarixən yaxşı məlumdur ki, dövrünün incisi sayılan bir sıra mədəniyyət abidələri məhz ekoloji resursların qeyri-adekvat istismarı nəticəsində məhv edilib. BMT-nin ali mədəniyyət qurumu olan UNESCO hazırda ekoloji tarazlığın pozulmasını Ümumdünya Mədəni İrs siyahısında olan mədəniyyət və təbiət abidələri üçün ciddi təhdid kimi dəyərləndirir. Təşkilat hesab edir ki, hazırda hər üçüncü təbiət, hər altıncı mədəniyyət obyekti iqlim dəyişmələri səbəbindən real təhlükə ilə üzləşib. Başqa sözlə, son onilliklərdə iqlim dəyişikliklərinin ağır fəsadları – qlobal istiləşmə, daşqınlar, uçqunlar, meşə yanğınları, sunamilər, qasırğalar, zəlzələlər və digər fövqəladə hadisələr dünya xalqlarının mədəni-tarixi mirasına zərbə vurub. Qlobal iqlim problemləri, ölkələr arasında ərazi və digər amillərlə əlaqədar baş verən müharibələr dünyada təkcə maddi deyil, qeyri-maddi irsi də təhdidlərə məruz qoyur, dini-milli zəmində qarşıdurmalar güclənir.

UNESCO-nun məlumatına görə, bu gün Ümumdünya İrs Siyahısında olan meşələrin 60 faizi, eləcə də yüksək riskə məruz qalan dəniz obyektlərinin, həyati vacib mavi karbon anbarlarının üçdə ikisi təhlükə qarşısındadır. Təşkilat iqlim dəyişiklikləri ilə bağlı fəlakətlərə hazırlıq, onların fəsadlarına uyğunlaşma, həmçinin bu fəlakətlərdən sonra bərpa üçün ölkələrin və icmaların potensialının möhkəmləndirilməsi məqsədinə xidmət edən təşəbbüsləri dəstəkləyir. Bu və digər bəşəri problemlərin COP29-un gündəliyində yer alması isə Azərbaycanın uğurlu sədrliyinin daha bir vacib göstəricisidir.

2024-cü ilin may ayında Bakıda keçirilmiş VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən “Keçmiş və gələcəyin mühafizəsi: iqlim dəyişikliyi fonunda mədəni irs” mövzusunda plenar sessiyada bildirilib ki, Afrika qitəsində UNESCO-nun maddi-mədəni irs siyahısına düşən 2 minə yaxın abidə var və onların 7 faizə yaxını iqlim dəyişiklikləri üzündən təhlükə altındadır. Azərbaycan bu problemin təsirlərinin azaldılması i üçün Afrika Ümumdünya İrs Fonduna maliyyə dəstəyini göstərir.

Hazırda Azərbaycanda 7 mindən artıq memarlıq abidəsi mövcuddur. Həmin abidələrin mühüm qisminin işğaldan azad olunmuş, minaların kütləvi şəkildə basdırıldığı ərazilərdə yerləşməsi onların bərpası və mühafizəsi işini çətinləşdirir. Mina problemi arxeoloji qazıntıların aparılmasında da ciddi çətinliklər yaradır. Ermənistan işğal dövründə ölkəmizin maddi-mədəni, dini abidələrini vandallıqla dağıdıb, ekologiyasına, təbiətinə ciddi ziyan vurub.

Qeyd edilənlər fonunda mədəniyyətin müsbət iqlim gündəmini formalaşdırmaq gücünə malik olması, sülhə təhlükəsizliyə töhfələr verməsi beynəlxalq miqyasda etiraf edilir. Bundan əlavə, insanların maarifləndirilməsi, mədəni-intellektual səviyyəsinin yüksəldilməsi məişət zəminində yaranan ekoloji problemlərin həllində mühüm rol oynaya bilər. Azərbaycanın COP29 çərçivəsində “İqlim üçün Mədəniyyət” təşəbbüsü ilə çıxış etməsi də məhz bu məqsədlərə hesablanıb. Bu təşəbbüs ənənələrin, incəsənətin və mədəni irsin davamlı təcrübə və dəyərləri necə inkişaf etdirə biləcəyinə, mədəniyyətin müsbət iqlim fəaliyyətinə təsirlərinə diqqəti çəkir. Oktyabrın 8-də UNESCO baş qərargahında təşkil edilən təqdimat zamanı Azərbaycanın COP29-da reallaşacağı mədəniyyət tədbirlərindən geniş bəhs olunub. Habelə, noyabrın 15-də, COP29 çərçivəsində Mədəniyyətə Əsaslanan İqlim Fəaliyyətinin Dostları Qrupuna üzv ölkələrin təşkilatçılığı ilə keçiriləcək II Yüksək Səviyyəli Nazirlər Dialoqunun əhəmiyyəti xüsusi vurğulanıb.

COP29 müddətində ölkəmizin mədəniyyət müəssisələri, o cümlədən muzeylər, teatrlar və digər məkanlar iqlim gündəliyini dəstəkləyəcək, fəaliyyətlərində mədəni tərəqqinin yaşıl gələcəklə bağlılığını əks etdirməyə çalışacaqlar. Bir sözlə, iqlim böhranı qarşısında planeti qoruyacaq yeni dəyərləri təşviqi üçün mədəniyyətin gücündən istifadə COP29-un gündəliyində yer alan vacib mövzulardan biridir.

MTM Analitik Qrup