AZƏRBAYCANIN ÇEX VƏ ESTONİYA RESPUBLİKALARI İLƏ İMZALADIĞI İKİ TƏRƏFLİ SƏNƏDLƏR TƏSDİQLƏNİB – FƏRMAN

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Çex Respublikasının Sənaye və Ticarət Nazirliyi arasında energetika sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Fərman imzalayıb.

Fərmanda qeyd edilir ki, 2021-ci il sentyabrın 30-da Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Çex Respublikasının Sənaye və Ticarət Nazirliyi arasında energetika sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edilsin.

Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Energetika Nazirliyinə onun müddəalarının həyata keçirmək, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Çex Respublikası Hökumətinə bildiriş göndərmək tapşırılır.

Prezident İlham Əliyevin digər fərmanı ilə “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Estoniya Respublikasının Ədliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu” təsdiq edilib. Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Estoniya Respublikası Hökumətinə bildiriş göndərməlidir.