AZƏRBAYCANIN BRİTANİYADAKI SƏFİRLİYİNİN YENİ BİNASININ AÇILIŞ TƏDBİRİ COP29 MÖVZUSUNA HƏSR EDİLİB

Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin yeni inzibati binasının açılışı ilə əlaqədar iyulun 25-də təntənəli tədbir keçirilib.

COP29 mövzusuna həsr olunan tədbirdə iki ölkə arasında əlaqələrin tarixinə və inkişaf perspektivlərinə də nəzər salınıb.

COP29-un müəyyən olunmuş Prezidenti, Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin iştirakı ilə keçirilən tədbirə Britaniyanın enerji təhlükəsizliyi və sıfır emissiya məsələləri üzrə dövlət katibi Ed Miliband, beynəlxalq iqlim və enerji naziri Kerri Makkarti, Britaniyadakı diplomatik korpusun marşalı Alistair Harrison, COP26-nın Prezidenti, Britaniya parlamentinin Lordlar Palatasının deputatı Alok Şarma, Britaniya Baş nazirinin Azərbaycan üzrə keçmiş ticarət elçisi Baronessa Nikolson, parlamentarilər Baronessa Uddin, Bob Bləkmən, Lord Maknikol, Britaniyadakı diplomatik korpusun duayeni – Hondurasın Britaniyadakı səfiri İvan Romero Martinez və diplomatik korpusun təmsilçiləri, COP sədrlikləri “Troyka”sına daxil olan Braziliya və Birləşmiş Ərəb Əmirliklərinin Londondakı səfirləri, “The City of London”un yüksəkvəzifəli nümayəndələri, Commonwealh Təşkilatının Londondakı qərargahının təmsilçiləri, BP şirkətinin istehsalat və əməliyyatlar üzrə vitse-prezidenti Qordon Birrel və digər şəxslər də qatılıblar.

Azərbaycanın Britaniyadakı səfiri Elin Süleymanov ölkəmizin Birləşmiş Krallıqdakı səfirliyinin yeni binasında keçirilən ilk rəsmi tədbirin COP29-a həsr edilməsinin önəmini xüsusi vurğulayaraq, bu vacib tədbirdə COP29-un müəyyən olunmuş Prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin, Britaniyanın enerji təhlükəsizliyi və sıfır emissiya məsələləri üzrə dövlət katibi Ed Milibandın iştirakının rəmzi məna daşıdığını deyib. Səfir bu ilin noyabrında COP29-a ev sahibliyi edəcək Azərbaycanın diqqətinin tam şəkildə iqlim fəaliyyətinə yönəldiyini və ölkəmizin bütün dünya üçün həyati əhəmiyyət daşıyan iqlim məqsədlərinin irəli aparılması üçün əlindən gələni etdiyini bildirib. Diplomat bu məsuliyyətli işdə ilk gündən Azərbaycana dəstəyini əsirgəməyən Britaniya tərəfinə təşəkkürünü ifadə edib.

E.Süleymanov, həmçinin “Avropa Siyasi Birliyi”nin bir neçə gün əvvəl Oksford şəhərində keçirilən Zirvə toplantısı zamanı Britaniyanın Baş naziri Kir Starmer tərəfindən Azərbaycan Prezidenti İlham Əliyevə göstərilən qonaqpərvərliyə, eləcə də Britaniyanın xarici işlər naziri David Lammi ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında keçirilən səmimi görüşə görə Britaniya tərəfinə minnətdarlıq edib. Səfir ölkəmizin Britaniyanın Azərbaycan ilə Ermənistan arasında normallaşma prosesinə töhfə vermək istiqamətində səylərini yüksək qiymətləndirdiyini deyib.

COP29-un Prezidenti Muxtar Babayev bir neçə gün əvvəl Azərbaycan Prezidenti İlham Əliyevin “Avropa Siyasi Birliyi”nin Zirvə toplantısında iştirak etmək üçün Britaniyaya işgüzar səfər etdiyini xatırladaraq, Azərbaycanın Britaniyadakı səfirliyinin yeni binasında keçirilən və COP29-a həsr olunmuş tədbirdə həm də ikitərəfli dostluq münasibətlərinin qeyd olunduğunu vurğulayıb. Londonun iqlim fəaliyyətində vacib mərkəz rolu oynadığını qeyd edən M.Babayev iyunun sonunda London İqlim Fəaliyyəti Həftəsində iştirak üçün Britaniyaya səfəri zamanı keçirdiyi görüşlərdən və qatıldığı tədbirlərdən söz açıb. Bu xüsusda o, Millətlər Birliyi Təşkilatının baş qərargahında kiçik ada dövlətlərinin səfirləri ilə keçirilmiş görüşə toxunaraq, həmin ölkələrdə iqlim dəyişikliyinin mənfi nəticələrinin aradan qaldırılmasına yardım məqsədilə Azərbaycanın bu təşkilatla yaxından əməkdaşlıq etdiyini bildirib. COP26-ya ev sahibliyi etmiş Birləşmiş Krallığın vacib tərəfdaş olduğunu deyən M.Babayev britaniyalı həmkarlara COP29-un uğurla keçirilməsi istiqamətində göstərdikləri dəstəyə görə təşəkkür edib. Londona hazırkı səfəri çərçivəsində dayanıqlı bazarlar təşəbbüsünün müzakirəsi üçün özəl sektor və maliyyə institutları ilə rəsmi görüşlər keçirəcəyini deyən COP29-un Prezidenti M.Babayev ölkəmizin bu mötəbər tədbirə hazırlıq prosesində gördüyü işlərdən və irəli sürülən təşəbbüslərdən danışıb.

Birləşmiş Krallığın enerji təhlükəsizliyi və sıfır emissiya məsələləri üzrə dövlət katibi Ed Miliband çıxışında Azərbaycanın Britaniyadakı səfirliyinin yeni binasında təşkil olunan ilk rəsmi tədbirdə iştirak etməkdən şərəf duyduğunu bildirib. O, iqlim dəyişikliyinin qarşısının alınması və dünyanın yaşıl inkişafı üçün ölkələri bir araya gətirən COP tədbirlərinin əhəmiyyətini xüsusi vurğulayıb. Dövlət katibi indiyədək keçirilmiş COP görüşlərində razılaşdırılmış tədbirlərin davam etdirilməsinin, habelə COP29-da iqlim maliyyələşməsi məsələsi üzrə vacib razılığa gəlinməsinin iqlim məqsədlərinin təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb. Bu kontekstdə o, iqlim problemlərindən ən çox əziyyət çəkən ölkələrə dəstək verilməsinin önəminə diqqət çəkib. Ed Miliband vurğulayıb ki, Britaniya COP29-un uğurla keçməsi və gözlənilən nəticələrin əldə olunması üçün Azərbaycana hər cür dəstək verməyə və yaxından tərəfdaşlıq etməyə hazırdır.

Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyevin COP29-da iştirakla bağlı Britaniyanın Baş naziri Kir Starmerə ünvanladığı dəvət məktubunun orijinal nüsxəsi Ed Milibanda təqdim edilib.

“The City of London” merinin rəsmi nümayəndəsi Alderman Qreq Couns çıxışında dünyanın maliyyə və biznes mərkəzi olan “The City”nin COP29-un uğurla keçməsinə hər cür dəstək verməyə hazır olduğunu qeyd edib.

Çıxışlardan sonra tədbir ziyafətlə davam edib.

Qeyd edək ki, Azərbaycan-Britaniya əlaqələri tarixində ilk dəfə olaraq bu tədbirdə Britaniya Kabinetinin ən yüksək ranqlı nazir vəzifəsində olan dövlət rəsmisi – dövlət katibi iştirak edib.