AZƏRBAYCANIN BEYNƏLXALQ FİZİKA JURNALI “SCOPUS” BAZASINA DAXİL EDİLİB

Azərbaycan alimlərinin təsis etdikləri “Advanced Physical Research” jurnalı dünyanın ən nüfuzlu elmmetrik bazalarından biri olan “Scopus” beynəlxalq indekslənmə bazasına daxil edilib. Jurnal Azərbaycanın “Jomard publishing” nəşriyyatında yer alıb.

Redaksiya heyəti Azərbaycan, Almaniya, Rusiya, Türkiyə, ABŞ, Belarus, Vyetnam, Portuqaliya, İspaniya, Qırğızıstan alimlərindən ibarət olan jurnalın ilk sayı 2019-cu ildə çap edilib. İldə 3 dəfə nəşr olunan jurnal nəzəri və tətbiqi fizikanın bütün istiqamətlərində rəyləşdirilmiş orijinal və icmal məqalələri, eləcə də qısa məlumatları çap edən açıq girişli nəşrdir. Jurnal tədqiqat sahəsində aldığı nəticələri mümkün qədər geniş oxucu auditoriyasına çatdırmaq istəyən tədqiqatçılar üçün platforma təqdim edir. Çap olunan məqalələr konkret mövzu üzrə son dövrlərdə alınmış nəticələrə diqqət etməklə əsas uğurların icmalını verir və baxılan mövzunun gələcək inkişaf tendensiyalarını əks etdirir.

“Advanced Physical Research” jurnalı dərc edilən məqalələrin mötəbərliyi baxımından qısa müddət sonra Amerika Kimya Cəmiyyətinin “Chemical Abstracts Service (CAS)” beynəlxalq indekslənmə bazasına daxil edildi. Jurnalın redaksiya heyətinin əsas hədəfi Azərbaycanın ilk fizika jurnalı olaraq “Web of Science” və “Scopus” kimi geniş beynəlxalq indeksləşmə platformasında yer almaq olduğundan bu işə daim daha inamlı və məsuliyyətli yanaşılıb.

Jurnalın “Scopus” beynəlxalq indeksləşmə bazasında qeydiyyata götürülməsi ilə əlaqədar sentyabrın 8-də müraciət edilib. Oktyabrın 24-də isə baza üzrə bütün mümkün tələb iyerarxiyasından keçərək sistemdə təsdiq edilib. Jurnalın baş redaktoru fizika elmləri doktoru Sakin Cabarovdur.