AZƏRBAYCANIN BAŞ NAZİRİ İORDANİYA PARLAMENTİNİN NÜMAYƏNDƏLƏR PALATASININ SƏDRİ İLƏ GÖRÜŞÜB

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov mayın 15-də ölkəmizdə səfərdə olan İordaniya Haşimilər Krallığı parlamentinin Nümayəndələr Palatasının sədri Ahmed Al-Safadi ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə Bakıda Milli Məclisin Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan xüsusi iclasının önəmi vurğulandı, İordaniyanın tədbirdə yüksək səviyyədə təmsil olunmasından məmnunluq ifadə edildi.

Azərbaycan-İordaniya əməkdaşlığının bir çox sahələrdə uğurla inkişaf etdiyi bildirildi, parlamentlərarası əlaqələrin müsbət dinamikası yüksək qiymətləndirildi.

Eyni zamanda, iki ölkə arasında iqtisadi-ticari, investisiyaların təşviqi, humanitar, turizm və digər istiqamətlərdə əlaqələrin perspektivləri müzakirə olunub.