
Rusiyanın xətaları, yol verdiyi yanlışıqlar üzündən bu ölkənin Azərbaycanla münasibətlərində davam edən gərginliyin necə sonuclanacağı artıq beyəlxalq miqyasda da xüsusi diqqət mərkəzində yer alır. Proseslərin gedişi göstərir ki, Rusiya beynəlxalq hüquqla üzərinə düşən öhdəlikləri yerinə yetirməyənə, imperiya ambisiyalarını cilovlamayana, Azərbaycanın Cənubi Qafqazda, eləcə də postsovet məkanında, hətta onun sərhədlərindən kənarda oynadığı rolu, tutduğu mövqeni nəzərə almayana qədər əlaqələrdə gərginlik davam edəcək. Halbuki, Azərbaycan mehriban qonşuluq münasibətlərinin mövcudluğunda, qarşılıqlı əlaqələrin inkişafında maraqlı tərəfdir. Rusiyada isə hələ də əks mövqe sərgilənir.
Məsələni gündəmində saxlayan və beynəlxalq auditoriyaya yayımlanan müxtəlif media orqanları da qeyd edir ki, Rusiya Azərbaycan faktorunu mütləq nəzərə almalı, SSRİ dönəminin arxivə qovuşduğunu artıq qəbul etməlidir. Məsələn, dünyanın məhşur media vasitələri sırasında yer alan “Deutsche Welle” qeyd edir ki, hələ ötən ilin dekabrın sonlarında Rusiyanın hava hücumundan müdafiə qüvvələrinin Çeçenistan paytaxtının səmasında Azərbaycan təyyarəsini vurmasından və sərnişinlərindən bir neçəsinin həlak olmasından sonra iki ölkə arasında münasibətlər gərginləşməyə başlayıb. Qeyd olunur ki, hələ o zaman Azərbaycan rəhbərliyi məsələyə münasibət bildirərək rəsmi üzr istənilməsini tələb etsə də, Rusuya bunu etməyib və ya normal təzminat ödənişi həyata keçirməyib: “Lakin sonradan çoxlarına elə gəldi ki, Azərbaycan rəsmi olaraq Rusiyanı ölümlərdə günahkar kimi göstərdikdən sonra münaqişə tədricən, demək olar ki, söndü. Əslində isə, qarşıdurmanın Yekaterinburqda başlayan yeni mərhələsi münasibətlərdə gərginliyin yalnız dərinləşdiyini göstərir”.
“Deutsche Welle” bildirir ki, məsələnin geosiyasi tərəfləri də mövcuddur: “Son aylarda sürətli dəyişikliklər baş verib. İran İsrailin hücumuna məruz qalıb və görünür, müvəqqəti olaraq böyük geosiyasi oyunlardan kənarlaşıb. Demək olar ki, eyni vaxtda Ermənistanın baş naziri Nikol Paşinyan tarixdə ilk dəfə Türkiyəyə dövlət səfər edib. Bu müddət ərzində Ermənistan Rusiyadan uzaqlaşıb. O, təhlükəsizlik təminatını Qərbdə axtarır. Yeri gəlmişkən, yeni münaqişə başlayandan sonra Ukrayna rəhbəri Volodimir Zelenski Prezident İlham Əliyevə zəng vurdu… Ermənistanın özündə də Rusiyayönlü müxalifətlə sərt mübarizə başlayıb. Bütün bunlar açıq şəkildə göstərir ki, regionda həlledici rolu indi Rusiya deyil, Azərbaycan və Türkiyə oynayır. Yalnız Gürcüstanda Rusiyanın təsiri qalır. Kreml yavaş-yavaş Cənubi Qafqazı itirir ki, bu da Rusiyada azərbaycanlılara qarşı konvulsiv hücumun əsl səbəbi ola bilər”. Nəşr bildirir ki, Rusiya Azərbaycana hansısa ciddi təzyiq imkanlarına malik deyil: “Rusiya Azərbaycanı müharibə ilə qorxutmağa da qadir deyil. Bu ölkənin ordusu Ukraynada bataqlıq içindədir”. Bildirilir ki, bu şəraitdə Rusiya ərazisindəki Azərbaycan diasporuna qarşı addımlar ataraq, Azərbaycana təsir göstərmək istəsə də, əks mənzərə ilə üzləşib. Vurğulanır ki, Azərbaycan lideri, onun ölkəsi bir daha hansısa kənar təzyiq qarşısında geri çəkilmədiyini növbəti dəfə nümayiş etdirib.
Məsələyə nəzər salan BBC radiosu da diqqəti ilk növbədə ona yönəldir ki, Yekaterinburqda iki azərbaycanlının ölümü Moskva ilə Bakı arasında münasibətlərdə görünməmiş böhrana səbəb olub, lakin bu böhranın digər səbəbləri həm də son illər ərzində toplanıb. Xatırlanır ki, Rusiyanın hava hücumundan müdafiə sistemləri səhvən Azərbaycan sərnişin təyyarəsini vurub, 38 nəfər həlak olub: “Vladimir Putin üzr istəyib, lakin bu kifayət etməyib – Azərbaycan Prezidenti İlham Əliyev Rusiyadan məsuliyyəti boynuna almağı və ətraflı araşdırma aparmağı tələb edib…Azərbaycan mediası 2024-cü ilin dekabrında Rusiya raketinin Azərbaycan təyyarəsini vurduğu anın göstərildiyi iddia edilən səs yazısı dərc edib. Məqalədə atəş əmri verən hava hücumundan müdafiə zabitinin izahat məktubu da yer alıb…Bütün bunlar onu deməyə əsas verir ki, Bakı hələ də Moskvanın bu faciəyə reaksiyasından narazıdır… Ziddiyyətlər arasında əsas olanı Kremlin postsovet məkanında əsas oyunçu olaraq qalmaq istəyidir ki, bu da Bakının Cənubi Qafqazda ən böyük iqtisadiyyata və ən güclü orduya malik regional güc kimi mövqeyinə ziddir”.
BBC bildirir ki, Rusiyanın bu gün Azərbaycana böyük ehtiyacı var: “Sanksiyalar və beynəlxalq təcrid şəraitində Moskvanın tərəfdaşlara ehtiyacı var və Azərbaycan Rusiya üçün Asiya bazarlarına çıxış açan Şimal-Cənub dəhlizində iştirak edir”. Bu media orqanı da məsələnin geosiyasi çalarlarının olduğunu vurğulayır: “Rusiya təbliğatçılarının Paşinyana hücumlarına görə Ermənistan ilk dəfədir ki, Moskva ilə soyuqluq yaşamır. Ermənistanın baş naziri dəfələrlə Rusiyanı tənqid edib, indi də ölkəsini Avropa İttifaqının üzvü kimi görmək istəyir. Paşinyan Erməni Apostol Kilsəsinin liderləri və hakimiyyəti ələ keçirməyə cəhddə ittiham etdiyi rus-erməni milyarderlə mübarizə aparır. Onun ən yaxın müttəfiqləri sui-qəsdçilərin arxasında Kremlin dayandığına eyham vururlar, Rusiya hökumətyönlüləri isə Ukrayna rəhbərliyini təsvir etmək üçün istifadə etdikləri eyni ifadələrlə Paşinyanı təhqir etməklə cavab verirlər. Ermənistan hökuməti Azərbaycan və Türkiyə ilə barışıq yolu ilə Moskvadan asılılığını azaltmaq istəyir və Bakının buna adekvat reaksiya verəcəyinə ümid edir. Amma sülh prosesinin nəticəsindən və Moskva ilə inkişaf edən diplomatik mübahisədən asılı olmayaraq, yaxın illərdə Azərbaycanın Rusiya ilə məsafəsini qoruyacağını gözləmək olar”. Bütün bunları şərtləndirən əsas səbəb Azərbaycanın regionda və beynəlxalq müstəvidə müstəqil aktor kimi çıxış etməsi, milli maraqları uğrunda qətiyyətlə mübarizə aparmasıdır. Bunu Rusiya da mütləq şəkildə nəzərə almağ məcburdur.
Qarabağ münaqişəsinin həlli və ərazi bütövlüyünün bərpası ilə Azərbaycan regionda sabitlik və əməkdaşlıq üçün yeni imkanlar yaradıb. Bütün bu faktorlar Azərbaycanı nəinki Cənubi Qafqazın əsas oyunçusu, həm də Avrasiya regionunda mühüm geosiyasi aktora çevirir. Geosiyasi əhəmiyyəti artmaqda davam edən Azərbaycan, gələcəkdə də regional əməkdaşlıq və enerji təhlükəsizliyi baxımından strateji rola malik olacaq. Bu, artıq dünyada qəbul edilən reallıqdır və Rusiya tərəfi də sözügedən reallığı qəbul etməli, ölkəmizlə münasibətində bu və digər faktorları diqqətə almalıdır.
MTM Analitik Qrup