
Bu il sentyabrın 29-dan oktyabrın 3-dək Avstraliyanın Sidney şəhərində keçiriləcək 76-cı Beynəlxalq Astronavtika Konqresi çərçivəsində elmi məqalələrin seçimi prosesi ilə bağlı rəsmi nəticələr açıqlanıb.
“Azərkosmos”dan bildirilib ki, Beynəlxalq Astronavtika Federasiyası tərəfindən Azərbaycanın ümumilikdə 205 elmi məqaləsi qəbul olunub. Bu elmi məqalələrdən 166-sı Azərbaycan Milli Elmi Komandasının üzvləri tərəfindən təqdim olunub və onlar “Azərkosmos”un Kosmik Akademiyası tərəfindən həyata keçirilən birinci mərhələ keyfiyyət yoxlamasından uğurla keçib.
Milli Elmi Komandası üzrə nəticələrin xülasəsi:
* Ümumi təqdim edilmiş elmi məqalələr: 166
* Qəbul edilmiş elmi məqalələr: 140
* Ehtiyat siyahısında: 26
* Gender bölgüsü üzrə: Kişi – 88; Qadın – 78
Bu nəticələr Azərbaycan elmi ictimaiyyətinin beynəlxalq elmi mühitdə artan nüfuzunun, peşəkarlığının və fədakarlığının göstəricisidir.
Qeyd edək ki, 2025-ci ildə ölkəmizdən Sidney Konqresinə 632 elmi məqalə təqdim olunmuşdur. Bu nəticə ilə Azərbaycan elmi məqalələrin sayına görə Konqresdə iştirak edən ölkələr arasında ilk üçlükdə yer alıb. Builki Konqresə 103 ölkədən ümumilikdə 6400-dən çox elmi məqalə təqdim edilib.
“Dayanıqlı Kosmos: Dayanıqlı Yer” (“Sustainable Space: Resilient Earth”) mövzusunda keçiriləcək Sidney Konqresinə təqdim olunan elmi məqalələr maliyyə, sənaye, kənd təsərrüfatı, tikinti, şəhərsalma, İKT və digər sahələrdə kosmosun imkanlarından istifadə, rəqəmsal, yaşıl və dayanıqlı gələcəyin inkişafı üçün kosmik həllər kimi məsələləri əhatə edir.