MTM-in Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin rəsmi internet səhifələrindən toplanmış məlumatlar əsasında apardığı təhlil göstərir ki, son 5 ildə dövlət büdcəsinin xərclərində artım tendensiyası davam edir. Belə ki, 5 il öncə büdcə xərcləri 28 milyard 543 milyon manata bərabər idisə, 2025-ci ildə 41 milyard 407,6 milyon manat nəzərdə tutulub.
Qeyd edək ki, son 5 ildə büdcə xərcləri ilə bağlı ən yüksək artım 2023-cü ildə qeydə alınıb. Həmin ildə əvvəlki illə müqayisədə 13,4% və ya 4,32 milyard manat artım olub.
Xatırladaq ki, 2022, 2023 və 2024-cü illər üzrə dövlət büdcəsinin xərcləri sonradan edilmiş dəyişikliklər ilə qeyd olunub.
Son 5 ildə dövlət büdcəsinin ayrı-ayrı istiqamətlər üzrə xərclərinə baxsaq, bütün kateqoriyalar üzrə artım qeydə alındığını görərik.
2025-ci ilin dövlət büdcəsində ən çox artım müdafiə və milli təhlükəsizlik kateqoriyası üzrə olub. Bu istiqamətdə ötənilkindən 17,82% və ya 1,27 milyard manat çox vəsait ayrılıb. Bu mənada ikinci sırada 15,83% və ya 718,9 milyon manat artımla ümumi dövlət xidmətləri yer alıb.
Cari ildə təhsil sahəsi üzrə xərclərdə də artım nəzərdə tutulub və bu rəqəm 2024-cü illə müqayisədə 8,5% və ya 386,9 milyon manat çoxdur.
Sonrakı sıranı 8,2% və ya 360,3 milyon manat artım ilə sosial müdafiə və sosial təminat istiqaməti tutur ki, 2025-ci ildə minimum əməkhaqqı məbləğinin 345 manatdan 400 manata çatdırılması da bu artımın ilk nəticəsidir.
Ən az artım kənd təsərrüfatı üzrə qeydə alınıb və bu sahə üçün büdcə xərcləri 0,1% və ya 1,2 milyon manat artırılaraq 1 milyard 203,8 milyon manatı ötüb.
Məlumat üçün bildirək ki, dövlət büdcəsinin xərcləri ilə bağlı azalma 2023-cü ildə ümumi dövlət xidmətləri və əsas bölmələrə aid edilməyən xərclər, 2025-ci ildə isə yalnız iqtisadi fəaliyyət istiqamətində olub.
Aparılan təhlil zamanı məlum olub ki, 2025-ci ildə büdcə xərclərinin böyük hissəsi müdafiə və milli təhlükəsizlik, iqtisadi fəaliyyət, ümumi dövlət xidmətləri üzrə ayrılıb. Bu üç kateqoriya üzrə xərclər ümumi büdcə xərclərinin 53,22%-ni (22 025 552 467 manat) təşkil edir. Daha dəqiq desək, müdafiə və milli təhlükəsizlik xərcləri ümumi büdcə xərclərinin 20,28%-ni (8 396 297 596 manat), iqtisadi fəaliyyət 20,23%-ni (8 377 525 915 manat), ümumi dövlət xidmətləri isə 12,71%-ni (5 261 728 956 manat) təşkil edir.
Büdcə xərclərində ən az pay isə mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət (1,5%) , ətraf mühitin mühafizəsi (1%) , mənzil və kommunal təsərrüfatı (0,89%) kateqoriyalarına aiddir. Belə ki, bu üç kateqoriya büdcədən bir milyard manatdan az pul ayrılan sahələrdir.
Hər üç ölkənin Maliyyə Nazirliklərinin rəsmi internet səhifələrindən əldə olunmuş məlumatlara görə, Cənubi Qafqaz regionunda büdcə xərcləri ən çox olan ölkə Azərbaycandır. Daha dəqiq desək, Azərbaycanın 2025-ci il üçün təsdiq etdiyi büdcə xərcləri 24 357 411 765 (41 407 600 000 AZN) dollar, Ermənistanınkı 685 739 869 (14 765 757 777 AZN) dollar, Gürcüstanınkı isə 7 742 635 165 (13 162 479 780 AZN) dollardır. Hər iki ölkənin sözügedən göstəriciləri Azərbaycanla müqayisədə təxminən 3 dəfə azdır.
Nəzərə çarpacaq məqam isə Azərbaycan və Ermənistanın büdcə xərclərinin bir-birinə yaxın hissəsini müdafiə xərclərinə ayırmasıdır. 2025-ci il üçün Azərbaycan büdcə xərclərinin 20,3%-ni, Ermənistan isə 19,3%-ni müdafiə xərclərinə ayırıb. Lakin, müdafiə xərclərinə ayrılan vəsaitin həcminə baxsaq burada Azərbaycanın bu məqsədlə 4,94 milyard dollar, Ermənistanın isə 1,68 milyard dollar vəsait ayırdığını görərik. Bu iki məbləğ arasında isə 2,94 dəfə fərq var.
Gürcüstanın cari il üçün müdafiə xərcləri 638,6 milyon dollar təşkil edir ki, bu da ümumi büdcə xərclərinin 8,2%-nə bərabərdir.