AZƏRBAYCANIN ƏRƏB DÜNYASINDA YERİ MÖHKƏMLƏNİR, ROLU ARTIR

Azərbaycanla Yaxın Şərq və Şimal Afrika regionunda yerləşən ərəb ölkələri arasındakı münasibətlər yeni mərhələyə qədəm qoyub. Yüksək dinamikası ilə seçilən bu münasibətlər hər iki tərəfin maraqlarına cavab verməklə yanaşı, onların beynəlxalq münasibətlər sistemində yeri və rollarını da əhəmiyyətli dərəcədə gücləndirməyə xidmət edir. Real vəziyyətin təhlili göstərir ki, günümüzdə qlobal siyasi və iqtisadi nizamın dəyişməsi, enerji təhlükəsizliyi məsələlərinin daha da aktuallaşması, xüsusən də Azərbaycanın beynəlxalq arenadakı nüfuzunun yüksəlməsi bu əlaqələrin strateji səviyyəyə çatmasına şərait yaradıb. Ərəb dünyası ilə münasibətlərin inkişafı həm Azərbaycanın çoxşaxəli xarici siyasət kursunun tərkib hissəsidir, həm də qarşılıqlı maraqlara söykənən əməkdaşlıq modelinin formalaşmasını təmin edir.

Burada nəzərə alınması vacib nüanslardan biri də odur ki, ərəb ölkələrinin müasir beynəlxalq münasibətlər sistemindəki yeri bir sıra amillərin — iqtisadi, coğrafi, hərbi-siyasi və demoqrafik amillərin kombinasiyası ilə müəyyən edilir. Ərəb dünyasının iqtisadi əhəmiyyəti ilk növbədə onun ərazisində ən böyük karbohidrogen yataqlarının yerləşməsi ilə bağlıdır. Təkcə Fars körfəzi bölgəsində dünyanın neft ehtiyatlarının az qala üçdə ikisi və qaz ehtiyatlarının üçdə biri cəmləşib. Dünyanın heç bir başqa bölgəsində bu qədər enerji ehtiyatları toplanmayıb ki, bu da təkcə qlobal iqtisadiyyat üçün vacib deyil, həm də müasir sivilizasiyanın mövcudluğunu təmin edən mühüm faktorlardandır.  Avropanı Asiya və Sakit okean regionu ilə bağlayan dəniz və hava yollarının birləşdiyi Yaxın Şərqin qlobal nəqliyyat mərkəzi kimi müstəsna rolu da diqqətəlayiqdir. Hörmüz boğazı və Süveyş kanalı Avropa, Cənubi Asiya və Uzaq Şərqə karbohidrogenlərin tədarükünü, eləcə də Avropa ilə  Asiya ölkələri arasında yük daşınmasını asanlaşdırır.

Ərəb Şərqinin beynəlxalq münasibətlər sistemindəki yerini müəyyən edən digər amil onun üç qitənin qovşağında, müsəlman və Qərbi Avropa sivilizasiyalarının sərhədində yerləşməsidir. Antik dövrdən bəri bu bölgə dünya tarixinin əsas inkişaf məkanlarından biri olub. Ərəb dünyasının hazırkı geosiyasi mövqeyi isə onun Avropa, Yaxın Şərq, Zaqafqaziya, Mərkəzi Asiya, Sahel bölgəsi və Afrika Buynuzuna yaxınlığı ilə formalaşır. Bütün bunlar fonunda Azərbaycanın da ərəb dünyası ilə münasibətlərinin inkişafıan xüsusi diqqət etməsi tamamilə təbii xarakterə malikdir. Eyni zamanda Azərbaycanın müasir beynəlxalq münasibətlər sistemində rolu da ölkəmizə ərəb dünyasının maraq və diqqətini artırır. Elə bu kontekstdə Ərəb Parlamentinin prezidenti Mohamed Alyammahi Qahirə şəhərində Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşündə vurğulayıb ki, Azərbaycan ərəb ölkələri üçün xüsusi yerə malikdir. Öz növbəsində spiker Sahibə Qafarova Azərbaycanla müsəlman ölkələri arasında münasibətlərin inkişafından məmnunluğunu ifadə edərək əlaqələrimizin əsasında ortaq dini, mədəni və mənəvi dəyərlərin dayandığını vurğulayıb. Bununla yanaşı, söhbət əsnasında Ərəb Parlamentinin Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan və hazırda Milli Məclisin sədrlik etdiyi Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə əlaqələrə də böyük əhəmiyyət verdiyi bildirilib. Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Ərəb Parlamenti yanında müşahidəçi statusuna malik olduğu, Ərəb Parlamentinin də Parlament Şəbəkəsinin bütün tədbirlərində iştirak etdiyi vurğulanıb.

O da faktdır ki, Azərbaycanın ərəb ölkələri üçün mühüm əhəmiyyət kəsb etməsi ölkəmizin müxtəlif regionlar arasında körpü rolunu oynamasıdır. Coğrafi mövqeyinə görə Azərbaycan Avropa ilə Asiya, Xəzər hövzəsi ilə Yaxın Şərq arasında yerləşir. Bu mövqe ona enerji, logistika, nəqliyyat və ticarət sahələrində unikal üstünlüklər verir. Məsələn, Bakı-Tiflis-Ceyhan neft kəməri və Bakı-Tiflis-Qars dəmir yolu kimi layihələr ərəb ölkələrinin Avrasiya bazarlarına çıxışında mühüm tranzit imkanları yaradır. Eyni zamanda, ərəb dövlətləri Azərbaycanın nəqliyyat dəhlizlərinə maraq göstərərək, ticarət yollarının şaxələndirilməsində Bakını mühüm tərəfdaş kimi görürlər. Perspektivdə Zəngəzur dəhlizinin açılması isə ərəb ölkələrinə də əlavə üstünlüklər yaradacaq.

Qeyd edildiyi kimi ərəb ölkələri, xüsusilə Fars körfəz dövlətləri uzun illərdir enerji ixracatçısı kimi tanınır. Azərbaycan isə Cənubi Qafqaz regionunda enerji təhlükəsizliyi məsələlərində mühüm rola malikdir. Bu iki tərəf arasında enerji sahəsində təcrübə və texnologiya mübadiləsi üçün geniş imkanlar mövcuddur. Azərbaycan neft hasilatı və bərpa olunan enerji layihələrində Körfəz ölkələrinin sərmayəsini cəlb edir. Məsələn, “Masdar”, “ACWA Power” şirkətlərinin  Azərbaycanda günəş, külək və külək enerjisi layihələrinə yatırdığı sərmayələr bu əməkdaşlığın real göstəricisidir. Bundan əlavə, Azərbaycanın müsəlman dünyasındakı nüfuzu və fəal diplomatik fəaliyyəti ərəb ölkələrinin diqqətini cəlb edir. Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı kimi beynəlxalq platformalarda fəal rol oynayır. Bakı bu təşkilatlarda həm müsəlman həmrəyliyini möhkəmləndirir, həm də müasir dövrün çağırışlarına cavab verən təşəbbüslərlə çıxış edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan islamofobiyaya qarşı qlobal mübarizənin önündə gedən ölkələrdən birinə çevrilib. Bu mövqeyinə görə ərəb ölkələri Azərbaycanın prinsipial siyasətini yüksək qiymətləndirir və onu İslam dünyasında lider ölkələrdən biri kimi qəbul edirlər.

Azərbaycanın ərəb dünyasında nüfuzunun artmasının növbəti istiqaməti humanitar və mədəni əlaqələrin inkişafı ilə bağlıdır. Heydər Əliyev Fondu və digər təşkilatlar ərəb ölkələrində humanitar layihələr həyata keçirir, təhsil, səhiyyə və mədəniyyət sahəsində əməkdaşlığı genişləndirir. Azərbaycanın ərəb ölkələri üçün əhəmiyyətinin artmasına iqtisadi şaxələnmə və investisiya mühiti də ciddi təsir göstərir. Ölkəmiz  regionda sabitlik adası kimi tanınır və investorlar üçün etibarlı tərəfdaş sayılır. Ərəb kapitalı artıq Azərbaycanın turizm, daşınmaz əmlak, kənd təsərrüfatı və informasiya texnologiyaları kimi qeyri-neft sektorlarına da yönəlməyə başlayıb.

Ölkəmzi tərəfindən  illərlə həyata keçirilən balanslaşdırılmış xarici siyasətin, iqtisadi sabitliyin, multikultural dəyərlərin və qarşılıqlı hörmətin nəticəsi ərəb dünyası ilə münasibətlərdə də özünü göstərir. Şübhə yoxdur ki, qarşıdakı dövr ərzində Azərbaycanla ərəb ölkələri araında  əlaqələrinin daha da dərinləşməsi, yeni strateji tərəfdaşlıqların qurulması və qarşılıqlı investisiya layihələrinin artması gözlənilir. Bu, bütün tərəflərin maraqlarına cavab verdiyindən proses məhz qeyd edilən istiqamətdə uğurla inkişaf edir.

MTM Analitik Qrup