AZƏRBAYCANIN ƏRƏB DÜNYASI İLƏ DƏRİNLƏŞƏN ƏLAQƏLƏRİ HƏRB SAHƏSİNİ DƏ ƏHATƏ ETMƏYƏ BAŞLAYIR – TƏHLİL

Dünyanın bir çox ölkələrində olduğu kimi son onilliklərdə ərəb dövlətlərində hərbi sahənin inkişafı regional və qlobal təhlükəsizlik proseslərinin təsiri altında sürətli xarakter alıb. Bunu şərtləndirən səbəb həm də odur ki, Yaxın Şərq və Şimali Afrika regionu uzun müddətdir, geosiyasi gərginliklərin, silahlı münaqişələrin və terror təhdidlərinin mərkəzində yer alır. Bu amillər ərəb dövlətlərini öz müdafiə qabiliyyətlərini gücləndirməyə, ordularını modernləşdirməyə və hərbi sənayeni inkişaf etdirməyə sövq edir.

Ərəb ölkələrində hərbi sahənin inkişafının əsas istiqamətlərindən biri silahlı qüvvələrin texniki modernləşdirilməsidir. Bir çox ölkələr müasir döyüş təyyarələri, hava hücumundan müdafiə sistemləri, pilotsuz uçuş aparatları və yüksək dəqiqlikli silahlar əldə etməklə ordularının döyüş qabiliyyətini artırırlar. Həmin dövlətlər sırasında yer alan Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) də Yaxın Şərq regionunda hərbi sahədə ən sürətlə inkişaf edən ölkələrdən biri qismində çıxış edir. Neft gəlirlərinin düzgün şəkildə diversifikasiyası, uzunmüddətli strateji planlama və müasir texnologiyalara əsaslanan yanaşma sözügedən ölkəni təkcə iqtisadi deyil, eyni zamanda hərbi baxımdan da güclü regional aktor kimi formalaşdırıb. Qeyd olunmalıdır ki, Birləşmiş Ərəb Əmirliklərində hərbi sahənin inkişafının əsasını ordunun modernləşdirilməsi təşkil edir. Ölkə Silahlı Qüvvələri müasir döyüş təyyarələri, hava hücumundan müdafiə sistemləri, zirehli texnika və yüksək dəqiqlikli silahlarla təchiz olunub. ABŞ və Avropa istehsalı olan döyüş təyyarələri, hava müdafiə sistemləri və digər modern silahlar BƏƏ-nin daha qüdrətli ölkəyə çevrilməsini şərtləndirib.

Hərbi sahədə inkişafın mühüm sütunlarından biri milli müdafiə sənayesinin qurulmasıdır. BƏƏ uzun müddət silah idxalçısı olsa da, son illərdə bu asılılığı azaltmaq məqsədilə yerli istehsala xüsusi önəm verir. Silah və hərbi texnika istehsalı üçün aparıcı qlobal istehsalçılarla birgə müəssisələr hərbi sənayenin əsası hesab olunur. Bundan əlavə, xarici şirkətlərin iştirakı ilə yaradılan böyük xidmət mərkəzləri hərbi sənayenin inkişafında mühüm rol oynayır. Bu mərkəzlər idxal olunan hərbi texnika və silahlara xidmət göstərmək, təmir etmək və modernləşdirmək imkanlarına malikdir. BƏƏ-nin milli hərbi-sənaye bazasının inkişafı bu istiqamətdə iqtisadi, inzibati tədbirləri fəal, məqsədyönlü şəkildə həyata keçirən dövlətin birbaşa iştirakı və dəstəyi ilə həyata keçirilir.

1992-ci ildə yerli şirkətlər və xarici tərəfdaşlar arasında əlaqələri müəyyən etmək və qurmaq, həm BƏƏ-də, həm də xaricdə müxtəlif sahələrdə birgə müəssisələr yaratmaq üçün Ofset Proqramları Bürosu yaradılıb. 2002-ci ildə geniş səlahiyyətlərə və əhəmiyyətli maliyyə resurslarına malik dövlətə məxsus “Mubadala Development” investisiya şirkəti qurulub. Onun fəaliyyəti perspektivli yerli, eləcə də xarici şirkətlərin aktivlərinin tam və ya qismən əldə edilməsinə, həm mülki, həm də hərbi məqsədlər üçün yüksək texnologiyalı məhsulların istehsalı ilə məşğul olan xarici şirkətlərlə birgə müəssisələrin yaradılmasına yönəlib. “Mubadala Development” şirkətinin böyük beynəlxalq firmalarla əməkdaşlığına bir nümunə olaraq, 2009-cu ildə Qabaqcıl Hərbi Baxım, Təmir və Əsaslı Təmir Mərkəzinin (AMMROC) yaradılması göstərilə bilər. Mərkəz BƏƏ-də yerləşən “Abu Dhabi Aircraft Technology” və ABŞ-də yerləşən “Lockheed Martin”, “Sikorsky Aerospace Services” şirkətlərinin birgə müəssisəsidir. Burada BƏƏ Hərbi Hava Qüvvələri və regiondakı digər ölkələrlə xidmətdə olan təyyarələrdə, helikopterlərdə və fərdi təyyarə komponentlərində təmir və texniki xidmət işləri aparılır. Mərkəzin təmir müəssisələri Amerikanın “SNCOR Aerospace Services” və “Lockheed Martin” şirkətləri ilə birgə “Apache”, “Bell” və “Puma” çoxməqsədli helikopterlərini, “F-16” çoxməqsədli qırıcılarını, eləcə də “C-130” və “CN-235” hərbi nəqliyyat təyyarələrini idarə edir.

Ümumiyyətlə, BƏƏ rəhbərliyi ölkənin coğrafi mövqeyini, regional ehtiyaclarını, mövcud infrastrukturunu və əlverişli investisiya mühitini nəzərə alaraq, ən perspektivli və potensial olaraq genişmiqyaslı sektor kimi aviasiya sənayesi üçün istehsal bazasının inkişafına ən böyük diqqət yetirir. Məqsəd ölkəni mülki və hərbi aviasiya avadanlıqlarının əsas, dünya səviyyəli istehsalçısına çevirməkdir. Bu sahədə aparıcı qlobal istehsalçılar bu məqsədə çatmaq üçün fəal şəkildə iştirak edirlər. “EDGE Group” kimi iri müdafiə sənayesi holdinqlərinin yaradılması da ölkəyə çoxsaylı üstünüklər qazandırır. BƏƏ zirehli sənayesinin istehsal və təmir bazasının əsasını aşağıdakı şirkətlər təşkil edir: “Advanced Industries of Arabia”, “Nimr Automotive”, “Al Jabsr Land Systems”, “Al Badi Group”, “Advanced Modular Works”, “South Technology”, “Al Taif”. BƏƏ gəmiqayırma sənayesinin əsasını 1995-ci ildə yaradılmış Əbu-Dabi Gəmiqayırma Zavodu təşkil edir. Onun əsas istehsal müəssisələri və gəmiqayırma zavodu “Mussafah” Sənaye Zonasında yerləşir. Bu və digər nümunələr onu təsdiq edir ki, BƏƏ-nin hərbi sektoru aparıcı xarici şirkətlərin texniki və maliyyə iştirakı ilə müəyyən növ yüksək texnologiyalı istehsal sahələrini fəal şəkildə inkişaf etdirir. Bu texnologiyalar şaxələndirilmiş hərbi-sənaye bazasının inkişafını əhəmiyyətli dərəcədə sürətləndirir.

Bütün bunlar fonunda Azərbaycanın BƏƏ ilə hərbi sahədə də əməkdaşlığı inkişaf etdirməsi hər iki tərəf üçün mühüm üstünlüklər vəd edir. Qeyd olunmalıdır ki, Prezident İlham Əliyevin Əbu-Dabidə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla görüşü fonunda ölkələrimiz arasında hərbi əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə mühüm addım atılıb. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Müdafiə Nazirliyi arasında müdafiə əməkdaşlığı razılaşması barədə niyyət məktubu imzalanıb.

Qeyd olunmalıdırki, Əbu-Dabidə Azərbaycan Ordusu ilə Birləşmiş Ərəb Əmirlikləri Silahlı Qüvvələrinin hərbi qulluqçularının iştirakı ilə “Sülh Qalxanı – 2026” birgə əməliyyat-taktiki təlimi də baş tutub. Təlim yaşayış məntəqəsi, dağlıq ərazi və dəniz mühitində keçirilib. Təlim planına uyğun olaraq dağlıq ərazidə fəaliyyət göstərən qanunsuz silahlı dəstələrin aşkar edilərək zərərsizləşdirilməsi, ələ keçirilmiş gəmi üzərində nəzarətin bərpası, terrorçu ünsürlərinin zərərsizləşdirilməsi və girovların azad edilməsi, yaralıların təxliyyəsi, yaşayış məntəqəsində ictimai təhlükəsizliyə təhdid yaradan iğtişaş və sabotaj xarakterli fəaliyyətlərin qarşısının alınması, eləcə də yanğınsöndürmə fəaliyyətləri üzrə tapşırıqlar yerinə yetirilib.

Gözlənilir ki, iki ölkə arasında müdafiə sahəsində əməkdaşlıq bundan sonra sistemli xarakter alacaq. Azərbaycan Silahlı Qüvvələrinin modernləşdirilməsi prosesində müasir silah sistemləri, pilotsuz uçuş aparatları, hava hücumundan müdafiə vasitələri və hərbi sənaye məhsullarının alınması mühüm yer tutur. Ərəb ölkələrinin bir çoxu, o cümlədən BƏƏ bu sahədə mühüm imkanlara malikdir. Birgə istehsal, texnologiya transferi və müdafiə sənayesi sahəsində tərəfdaşlıq da çoxsaylı üstünlüklər vəd edir. Azərbaycanın BƏƏ də daxil olmaqla ərəb ölkələri ilə hərbi əməkdaşlığının əhəmiyyətini artıran əsas amillərdən biri də terrorizm, ekstremizm və transmilli təhlükələrlə mübarizə sahəsində ortaq maraqlardır. Yaxın Şərqdə uzun illər davam edən münaqişələr bu regionda təhlükəsizlik risklərini artırıb. Azərbaycan bu risklərin regionlara yayılmasının qarşısının alınmasında maraqlıdır və ərəb ölkələri ilə informasiya mübadiləsi, kəşfiyyat əməkdaşlığı bu baxımdan xüsusi əhəmiyyət kəsb edir.

Sözügedən əməkdaşlıq eyni zamanda Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsinə xidmət edir. Ərəb dünyası beynəlxalq təşkilatlarda, xüsusilə BMT, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində ciddi siyasi çəkiyə malikdir. Hərbi və təhlükəsizlik sahəsində güclənən əlaqələr bu platformalarda Azərbaycanın milli maraqlarının müdafiəsində dəstəyin artmasına müsbət təsir göstərir. Eyni zamanda, hərbi əməkdaşlıq iqtisadi və sənaye əlaqələrinin inkişafına da təkan verir. Müdafiə sənayesi sahəsində birgə layihələr yeni investisiya imkanları yaradır, yüksək texnologiyaların ölkəyə cəlb olunmasını sürətləndirir və yerli istehsal potensialını artırır. Bu isə uzunmüddətli perspektivdə həm təhlükəsizlik, həm də iqtisadi inkişaf baxımından mühüm üstünlüklər təmin edir. Gələcəkdə müvafiq istiqamətdə münasibətlərin daha da dərinləşməsi Azərbaycanın həm regionda, həm də beynəlxalq arenada etibarlı tərəfdaş kimi mövqeyini daha da gücləndirəcək. Eyni fikirlər BƏƏ üçün də keçərlidir.

MTM Analitik Qrupu