
Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlər, aparılan müzakirələr Azərbaycanın qlobal enerji xəritəsində strateji mövqeyini təsdiqləməklə yanaşı, investisiya imkanlarının təqdimatı baxımından da əlverişli fürsətlər yaradır. Dünyanın işgüzar dairələrinin diqqət mərkəzində olan bu tədbir ölkəmizin ümumi iqtisadi inkişaf səviyyəsi, biznes və investisiya mühiti ilə bağlı aydın təsəvvür formalaşdırır, ikitərəfli və çoxtərəfli əməkdaşlıq sazişlərinin imzalanmasına imkan verir.
İqtisadi-siyasi və humanitar forumlar təşkil edən Azərbaycan dünya təsərrüfat sistemində xüsusi yeri olan transmilli şirkətləri, biznes qurumlarını keçdiyi sürətli tərəqqi yolu, əldə etdiyi makroiqtisadi uğurlar barədə məlumatlandırır. Ölkəmiz bu enerji tədbirinə Cənubi Qafqazda iqtisadi cəhətdən sürətlə inkişaf edən, qlobal iqtisadi-siyasi proseslərə nüfuz imkanları ilə seçilən, Avropanın enerji təhlükəsizliyində vacib rol oynayan dövlət kimi evsahibliyi edir.
Prezident İlham Əliyev tədbirin açılışındakı çıxışı zamanı ölkəmizin əldə etdiyi iqtisadi nailiyyətlər, həyata keçirdiyi regional və transmilli layihələr barədə ətraflı məlumat verib: “Bu gün Azərbaycan sabit siyasi sistemə, inkişaf etməkdə olan iqtisadiyyata malik ölkədir. Neft və qazın bizim ÜDM-də payı təqribən 30 faizdən artıqdır. Azərbaycan genişmiqyaslı islahatlar həyata keçirir. Bizim iqtisadiyyatımız özünü təmin edir. Bizim xarici borcumuzun səviyyəsi ÜDM-in 7 faizindən azdır və maliyyə ehtiyatlarımız borcumuzu 14 dəfə üstələyir. Biz milli sərvətlərin düzgün bölüşdürülməsi nəticəsində yoxsulluğun azaldılmasına müvəffəq olduq və bu gün yoxsulluq səviyyəsi 5 faizə bərabərdir”.
Bakı Enerji Həftəsi Azərbaycanın investisiya cəlbediciliyinin artmasına təsir göstərən beynəlxalq platformalardan biri kimi çıxış edir. Tədbirdə dünyanın aparıcı enerji şirkətlərinin, maliyyə institutlarının, texnologiya şirkətlərinin, habelə beynəlxalq təşkilatlarının iştirakı ölkəmizin qlobal biznes dairələri üçün etibarlı və perspektivli tərəfdaş olduğunu təsdiqləyir. Son illərdə ölkəmizin investisiya reytinqinin yaxşılaşması, strateji valyuta ehtiyatlarının artımı, kosmik sənayenin inkişafı, yaşıl enerji istehsalı sahəsində reallaşdırılan qlobal layihələr işgüzar çevrələrdə böyük maraq doğurur. Xarici investorlar üçün yaradılmış münbit şərait, hüquqi təminat, şəffaflıq amilləri ölkəmizə sərmayə qoymaq istəyən şirkətlərin sayının artmasını təmin edir.
Son üç ildə azad edilmiş ərazilərimizin zəngin iqtisadi potensialının müxtəlif tədbirlər, forumlar, sərgilər və s. vasitəsilə dünyaya təqdimatı, qlobal şirkətlərin buraya investisiya qoyuluşlarının stimullaşdırılması məsələləri xüsusilə diqqət mərkəzindədir. Azərbaycan keçirdiyi müxtəlif tədbirlər vasitəsilə azad edilmiş ərazilərdə bərpa və yenidənqurma layihələrin icrasına, eləcə də sərmayə qoyuluşlarına dünyanın aparıcı şirkətlərini cəlb etməyə çalışır. Bu tədbirlər yerli və xarici sahibkarların həmin ərazilərin zəngin resurslarından, infrastruktur potensialından daha səmərəli istifadə etmələrinə, dövlət-özəl sektor tərəfdaşlığına geniş imkanlar açır.
Prezident İlham Əliyevin açıqladığı makroiqtisadi göstəricilər ölkəmizin hazırki iqtisadi mənzərəsini aydın təsvir etməklə yanaşı, həyata keçirilən siyasətin səmərəliliyini də nümayiş etdirir. Son 10 ildə gömrük, vergi, sosial müdafiə və digər sahələrdə aparılan, şəffaflığa xidmət edən islahatlar ölkəmizin rəqabət qabiliyyətini artıran əsas amillər sırasındadır. Bir daha təsdiqlənir ki, Azərbaycan sırf təbii sərvətlərə əsaslanan deyil, diversifikasiya olunmuş, uzunmüddətli dayanıqlığa malik iqtisadi inkişaf yolunu seçib. Hökumət üçün qeyri-neft sektorunun inkişafını önə çəkən, özəl sektorun inkişafını təmin edən, rəqəmsal keçidə uyğunlaşan iqtisadi model formalaşdırmaq hədəfi daim aktual olaraq qalır. Reallaşdırılan investisiya proqramları, xüsusilə infrastruktura yönəldilən vəsaitlər qeyri-neft sektorunun ÜDM-də 70 faizədək paya malik olmasına imkan yaradır.
Azərbaycanın özünü təmin edən iqtisadiyyata sahib olan ölkə kimi təqdimatı da kifayət qədər real əsaslara söykənir. Bu, ilk növbədə, ölkənin idxaldan asılılığının azaldılması, daxili istehsalın gücləndirilməsi, ixracın şaxələndirilməsi və stimullaşdırılması tədbirləri ilə şərtlənir. Xarici ticarət balansında müsbət saldonun saxlanılması milli valyutanın sabitliyinə, investisiya mühitinin cəlbedicliyinə əhəmiyyətli dərəcədə təsir göstərən amillərdəndir. Xarici dövlət borcunun ümumi daxili məhsulda 7 faizdən az olması isə Azərbaycanı qlobal miqyasda ən az borclu ölkələr sırasında saxlayır, maliyyə müstəqilliyinə təminat yaradır.
Bakı Enerji Həftəsi çərçivəsində verilən mesajlar, imzalanan sənədlər, aparılan müzakirələr Azərbaycanın sabit və dayanıqlı inkişaf edən, investisiya reytinqi yüksək olan ölkə olduğunu bir daha təsdiq edib. İqtisadi müstəqillik, maliyyə dayanıqlılığı, sosial rifaha və insan kapitalına yüksək diqqət ölkəmizin daha sürətli inkişafına və regional inteqrasiyada aparıcı rol oynayacağına zəmin yaradır.
MTM Analitik Qrup