Dekabrın 11-də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) və Audiovizual Şuranın təşkilatçılığı ilə “Azərbaycanda radioyayımın dünəni, bu günü və sabahı” mövzusunda seminar keçirilib.
Seminarda ötən illərdə radioyayım sahəsində görülmüş işlərə, teleradio yayımçılarına göstərilən dövlət dəstəyi sayəsində əldə olunmuş nailiyyətlərə nəzər salınıb və sahənin gələcək inkişafı ilə bağlı planlar müzakirə edilib.
Çıxışlarda müstəqillik dövrünün ilk vaxtlarından hazırkı dövrədək Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində ölkədə radioyayımın sürətlə inkişaf etdiyi vurğulanıb.
Bakı Teleqüllə Kompleksinin yarımçıq qalmış tikintisinin Ulu Öndərin birbaşa tapşırığı ilə başa çatdırılması və 1996-cı ildə bilavasitə onun iştirakı ilə istismara verilməsi qürurla xatırlanıb.
Bunun sayəsində ölkədə televiziya və radioyayımın keyfiyyətinin artırılması və əhatə dairəsinin genişləndirilməsi ilə yanaşı, həmin dövrün qabaqcıl texnologiyası hesab edilən FM radio yayımlarına başlanıldığı bildirilib.
FM radioyayımın ölkədə geniş tətbiqi, kanalların texniki imkanlarının inkişafı, yayım infrastrukturunun genişləndirilməsi sonrakı dövrdə AM radio yayımların dayandırılmasına imkan verib. Bu texnologiya radioyayım üçün illik enerji istehlakının 14 dəfə, illik karbon emissiyasının 18,7 kilotondan 1,3 kilotona qədər azaldılması ilə ekoloji mühitə öz töhfəsini verib.
Seminarda məlumat verilib ki, 2016-cı ildən başlayaraq cəmiyyətin informasiya ehtiyacının ödənilməsi, əhalinin maarifləndirilməsi, ölkədə və beynəlxalq aləmdə Azərbaycan xalqının mədəni irsinin təbliği işində fəal iştirak edən özəl teleradio yayımçılarının maddi-texniki bazasının gücləndirilməsi məqsədilə dövlətin maliyyə yardımı göstərməsi ilə əlaqədar Azərbaycan Prezidenti tərəfindən müvafiq sərəncamlar imzalanıb.
Beləliklə, dövlətin bu illər ərzində 5 dəfə olmaqla ümumilikdə 15 milyon manat həcmində maliyyə yardımı sayəsində keyfiyyətli radioyayım təmin edilib.
Bu siyasətin davamı olaraq ölkə əhalisinin istifadə etdiyi radio yayımların daha geniş ərazidə və daha keyfiyyətli yayımının təmin edilməsi zərurətindən irəli gələrək ölkə Prezidenti İlham Əliyev tərəfindən 2023-cü il iyulun 24-də “Azərbaycan Respublikasının ərazisində radioyayım şəbəkəsinin genişləndirilməsi üçün maliyyə vəsaitinin ayrılması haqqında” Sərəncam imzalanıb və bu məqsədlə 13,7 milyon manat vəsait ayrılıb.
Sərəncamın icrası nəticəsində müxtəlif təyinatlı texniki vasitələr alınaraq 17 Radio-Televiziya Yayım Stansiyasında quraşdırılmaqla, eyni zamanda, infrastrukturun dayanıqlılığının artırılması və müasirləşdirilməsi həyata keçirilməklə bütün ölkə ərazisində, o cümlədən işğaldan azad edilmiş Qarabağda və Şərqi Zəngəzurda ümumölkə radio yayımçılarının proqramlarının yayımının əhaliyə əlçatanlığı təmin edilib.
Sözügedən Sərəncamda ümumölkə radio yayımçılarına əlavə dəstək kimi 3 illik istismar xərcinin dövlət büdcəsi hesabına ödənilməsi nəzərdə tutulub ki, bu da radioyayımçılara əlavə dəstək tədbiri olaraq həmin müddət ərzində kommersiya fəaliyyətlərini genişləndirmək imkanı verir.
Bildirilib ki, son 5 ildə radio proqramlarında müxtəlifliyin daha yüksək səviyyədə təmin olunması, həmçinin milli radiotezliklərdən səmərəli istifadənin təşkili məqsədilə Audiovizual Şura tərəfindən müsabiqələr təşkil edilib və nəticədə ümumölkə statuslu yerüstü radio kanalların sayı 11-dən 17-dək artıb.
Qeyd olunub ki, Azərbaycanda bu sahədə həyata keçirilən ardıcıl dövlət siyasəti əhalinin informasiya təminatının müasir tələblərə uyğun şəkildə təşkilini, həmçinin ölkənin milli təhlükəsizliyinin gücləndirilməsini təmin edir.
Seminarda yayımçılar arasında özəl kanalların çoxluq təşkil etdiyi bu sahədə dövlət-özəl tərəfdaşlığının davamlı inkişafa səbəb olacağına əminlik bildirilib.