AZƏRBAYCANDA PEŞƏLƏRİN TANINMASINA DAİR YENİ QAYDA MÜƏYYƏNLƏŞİB

Peşə tanınması yalnız ali təhsil üzrə kvalifikasiyalara münasibətdə və Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən əmək müqaviləsi bağlanılarkən işçinin əmək funksiyasının xüsusiyyətlərinə uyğun olan peşə hazırlığının və ya təhsilin olması zəruri sayılan hallarda tətbiq edilir.

Bu, Prezident İlham Əliyevin imzaladığı fərmanla təsdiqlənən “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nda əksini tapıb.

Bu qaydaların əlavəsində nəzərdə tutulan peşələrə aid ixtisasların peşə tanınması zamanı ərizəçinin müvafiq kvalifikasiya üzrə peşə kompetensiyalarının Azərbaycan Respublikasında mövcud olan uyğun kvalifikasiya üzrə nəzərdə tutulmuş peşə kompetensiyalarının tələblərinə uyğunluğu müəyyən edilir. Müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə ərizəçinin agentliyin sifarişi ilə Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin (DİM) təşkil etdiyi sınaq imtahanında müvəffəqiyyət qazanması (keçid balının toplanması) tələb olunur.

Sınaq imtahanının məzmunu, vaxtı, imtahan nəticələrinin qiymətləndirilməsi qaydası və keçid balı Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə razılaşdırılmaqla DİM tərəfindən müəyyənləşdirilir. Ərizəçinin bu Qaydaların əlavəsində nəzərdə tutulan tibb və səhiyyə ixtisasları üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müəyyən etdiyi tələblərə uyğunluğu isə bu sahədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi müvafiq qaydaya əsasən müəyyən edilir.

Bu qaydaların tələbləri aşağıdakı kvalifikasiyalara şamil edilmir:

– Azərbaycan gənclərinin dövlət proqramları çərçivəsində xarici ölkələrdə əldə etdikləri ali təhsil üzrə kvalifikasiyalar, Nazirliklə xarici dövlətlərin səlahiyyətli orqanları arasında imzalanmış beynəlxalq müqavilələr əsasında tələbə mübadiləsinə dair hökumətlərarası təqaüd proqramları çərçivəsində əldə edilmiş kvalifikasiyalar, beynəlxalq müqavilələr çərçivəsində Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən xarici ali təhsil müəssisələri tərəfindən verilmiş kvalifikasiyalar və dövlət tərəfindən müəyyən edilmiş təhsil qrantı proqramları və hökümətlərarası təqaüd proqramları çərçivəsində təhsil alacaq əcnəbi və vətəndaşlığı olmayan şəxslərin xarici ölkələrdə əldə etdikləri ali təhsil üzrə kvalifikasiyalar;

– “Times Higher Education World University Rankings”, “QS World University Rankings” və “Academic Ranking of World Universities (Shanghai Ranking)” beynəlxalq reytinq qurumlarının tərtib etdiyi sıralamaların azı birində ərizəçinin qəbul olunduğu ildə ilk 500 pillədə yer alan təhsil müəssisələrindən əldə edilmiş kvalifikasiyalar.

Bu qaydalarda beynəlxalq reytinq qurumlarının tərtib etdiyi sıralamalara istinadən təhsil müəssisələrinin siyahısı agentliyin rəsmi internet səhifəsində yerləşdirilir və mütəmadi olaraq yenilənir. Ərizəçinin kvalifikasiyası ilə Azərbaycan Respublikasında mövcud olan uyğun kvalifikasiya arasında əhəmiyyətli fərq aşkar edilmədikdə və bu Qaydaların 6.2-ci bəndində nəzərdə tutulan peşələr üzrə ərizəçi sınaq imtahanlarında müvəffəqiyyət qazanması və kvalifikasiya üzrə nəzərdə tutulmuş peşə kompetensiyalarının tələblərinə uyğunluğunun təmin olunması barədə DİM-in və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müvafiq məlumatı əsasında, ərizəçinin kvalifikasiyasının peşə tanınması barədə qərar qəbul edilir.