AZƏRBAYCANDA MİNA QURBANLARINA HƏSR OLUNMUŞ DƏYİRMİ MASA KEÇİRİLİB

“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin təşkilatçılığı ilə oktyabrın 24-də Azərbaycanda mina qurbanlarına həsr olunmuş dəyirmi masa keçirilib.

Çıxışında “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanov Azərbaycanda mina qurbanlarının sayına diqqət çəkib: “Təəssüf ki, Azərbaycanda mina qurbanlarının sayı artmaqda davam edir. Avropa ölkələri, beynəlxalq təşkilatlar Azərbaycanın mina probleminə etinasız yanaşırlar”.

O qeyd edib ki, bu istiqamətdə maarifləndirmə tədbirlərinin sayı artırılmalıdır: “Mina qurbanlarının böyük bir qismi qanunda nəzərdə tutulan hüquqlarından xəbərsizdir.

İctimai Birliyimiz ölkənin bir çox bölgələrində maarifləndirici tədbirlər, seminarlar keçirir. Bu, mina qurbanlarının öz hüquqlarından xəbərdar olması istiqamətində vacib addımdır”.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) idarə rəisi Ramil Əzizov işğaldan azad edilən bölgələrin minalardan təmizlənməsi ilə bağlı statistikanı açıqlayıb: “Vətən müharibəsindən bu zamana qədər 168 min hektar ərazi minalardan təmizlənib. Mina partlayışı səbəbindən dünyasını dəyişən insanların sayı ötən illərlə müqayisədə 60 faiz azalıb. Ancaq təəssüf ki, hələ də mina partlayışı səbəbindən dünyasını dəyişən insanlar var”.

Respublika Reabilitasiya Mərkəzinin direktoru Nabat Abdulova mərkəzdə mina terrorundan əziyyət çəkən şəxslərin ailə üzvlərinə də dəstək göstərildiyini deyib.

Dəyirmi masada minalara qarşı fəaliyyəti həyata keçirən və mina qurbanlarına yardım edən Azərbaycan Respublikasının rəsmi qurumlarının nümayəndələri, o cümlədən Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA), Milli Məclis üzvləri, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, “YAŞAT” Fondunun, Ombudsman Aparatının nümayəndələri, minadan zərərçəkənlər, QHT-lərin nümayəndələri minalanmış ərazilərin təmizlənməsi istiqamətində əldə olunan naliyyətlər və qarşıda duran vəzifələrlə bağlı müzakirələr aparıblar.