AZƏRBAYCANDA MİLLİ RƏQƏMSALLAŞMA REYTİNQ SİSTEMİ İSTİFADƏYƏ VERİLƏCƏK

Yaxın vaxtlarda Azərbaycanda “Polyhedron-Digital radar of Azerbaijan” milli rəqəmsallaşma reytinq sistemi istifadəyə veriləcək.

Bu məlumatı İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi İdarə Heyətinin sədr müavini Şahin Əliyev “Kağızsız hökumət: rəqəmsallaşma və innovasiyanın ətraf mühitə təsiri” adlı beynəlxalq tədbirdə verib.

Onun sözlərinə görə, dünyada ölkələrin rəqəmsallaşma vəziyyətini qiymətləndirən bir neçə reytinq indeksi var: “Biz istəyirik ki, Azərbaycan bu hesabatlarda yüksək yer tutsun. Bununla belə, biz özümüzə sual verdik ki, ehtiyaclarımıza uyğun olaraq ölkəmizin rəqəmsallaşma vəziyyətini necə daha əhatəli ölçə bilərik? Nəticədə biz milli qiymətləndirmə metodologiyasını formalaşdırmışıq. “Polihedron” adlı ölçmə yanaşması 3 sütunu və digər fundamental məsələləri özündə birləşdirən rəqəmsal inkişaf konsepsiyamıza tam uyğundur”.

Ş.Əliyev qeyd edib ki, “Polyhedron” 9 müxtəlif komponent üzrə qiymətləndirmə apara biləcək. O əlavə edib: “Biz bu yanaşma və metodologiyanı digər ölkələr və təşkilatlarla paylaşa bilərik. Yaxın vaxtlarda bu platformanı ictimaiyyətə təqdim edəcəyik”.