AZƏRBAYCANDA KEÇİRİLƏN NÖVBƏDƏNKƏNAR PARLAMENT SEÇKİLƏRİ UKRAYNA MƏTBUATININ DİQQƏT MƏRKƏZİNDƏ OLUB

Sentyabrın 1-də Azərbaycanın bütün suveren ərazisində keçirilən növbədənkənar parlament seçkiləri Ukrayna mətbuatının diqqət mərkəzində olub.

“Ukrinform”, “Qordon”, “LB.ua” və digər media qurumları ölkəmizdəki parlament seçkiləri ilə bağlı məqalələr dərc edib.

Məqalələrdə qeyd olunur ki, parlament seçkiləri 125 yer uğrunda 6478 seçki məntəqəsində keçirilir. Bu seçki məntəqələrindən 54-ü ölkənin işğaldan azad edilmiş ərazilərində yerləşir ki, burada 42 mindən çox səsvermə hüququna malik vətəndaş yaşayır. Məntəqələrdə ümumilikdə 6,5 milyondan çox seçki bülleteni var.

Həmçinin vurğulanıb ki, Milli Məclisə seçkilərlə bağlı 51 beynəlxalq qurum və 69 ölkəni təmsil edən 598 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib. 112 749 yerli seçki müşahidəçisi qeydə alınıb.

Bundan əlavə, ölkə üzrə 1000 seçki məntəqəsində quraşdırılmış veb-kameralar Mərkəzi Seçki Komissiyasının rəsmi internet səhifəsinə qoşulub. Bu addım səsvermənin şəffaflığını təmin etmək üçün atılıb.