AZƏRBAYCANDA İDMAN USTASI VƏFAT EDİB

Azərbaycanın tanınmış idman mütəxəssisi, Əməkdar bədən tərbiyəsi və idman xadimi Camal Yaqubov dekabrın 13-də, 89 yaşında vəfat edib.

Camal Cəlal oğlu Yaqubov 1932-ci il dekabrın 10-da Gəncə şəhərində anadan olub.

Güləş üzrə SSRİ çempionatının bürünc mükafatçısı olub. “İdman ustası”, “Respublikanın və SSRİ-nin maarif əlaçısı”, “Fəxri bədən tərbiyəsi və idman işçisi” fəxri adlarına layiq görülüb.

1975-1980-cı illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının “Güləşmə və onun metodikası” kafedrasının müdiri, 1981-1986-cı illərdə idman fakultəsinin dekanı, 1987-1992-ci illərdə isə idman işləri üzrə prorektoru vəzifələrində çalışıb. Uzun müddət Akademiyanın “Güləşmə və onun metodikası” kafedrasının dosenti olub.

30 ildən artıq elmi-pedoqoji fəaliyyəti, idman və tədris işləri üzrə təşkilatçı, Güləş federasiyasının üzvü. Azərbaycan Milli İdman Növləri Assosiasiyası İcraiyyə Komitəsinin üzvü olub.

Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2010-cu il tarixli Sərəncamı ilə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adına layiq görülüb.