AZƏRBAYCANDA HİMAYƏDAR AİLƏ OLMAQ İSTƏYƏN AİLƏLƏRİN UÇOTU APARILACAQ

Azərbaycanda himayədar ailələrə verilmiş uşaqların və himayədar ailə (himayədar valideyn) olmaq istəyən ailələrin (şəxslərin) uçotu aparılacaq.

Bununla bağlı məsələ Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən Ailə Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb.

Belə ki, bununla bağlı Məcəlləyə yeni maddə əlavə edilir. Yeni maddəyə əsasən, Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) himayədar ailələrə verilmiş uşaqların və himayədar ailə (himayədar valideyn) olmaq istəyən şəxsin (şəxslərin) vahid informasiya bazasını yaratmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi üzərindən dövlət orqanlarının (qurumlarının) apardığı elektron informasiya ehtiyatlarından (məlumat bazaları, məlumat-axtarış sistemləri, reyestrlər və digər informasiya resursları) istifadə etməklə onların vahid uçotunu bu maddənin tələbləri nəzərə alınmaqla elektron formada aparır.