Aprelin 1-dən 22-dək Azərbaycanda “Frankofoniya 2022” Günləri keçiriləcək.
Fransanın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, Frankofoniya Günləri çərçivəsində kino, natiqlik müsabiqəsi, sərgi, konfranslar, məktəblərdə tədbirlər (teatr, mahnı, rəqs və s.) və hədiyyələr təşkil olunacaq.
Hər il Frankofoniya Günləri bütün dünyada, fransızdilli ölkələrdə, eləcə də fransız dilinin tədris edildiyi və öyrənildiyi ölkələrdə, o cümlədən Azərbaycanda qeyd olunur.
Bu il Frankofoniya günləri Frankofoniyanın gənclərə və onların istəklərinə, xüsusən də sahibkarlıq, rəqəmsal texnologiya və davamlı inkişaf sahələrində dəstəyini vurğulamaq üçün “Gələcəyin frankofoniyası” mövzusu adı ilə qeyd olunur.
Fransız dili Azərbaycanda tədris olunan və öyrənilən üçüncü xarici dildir. Orta məktəblərdə 60 minə yaxın şagird fransız dilini öyrənir və 500-ə yaxın fransız müəllimi var.
Azərbaycan Fransız İnstitutu (IFA) aşağıdakı üç universitetin fransız dili fakültələrinin tələbələri üçün üç natiqlik müsabiqəsi təşkil edir: Azərbaycan Dillər Universiteti, Gəncə Dövlət Universiteti və Naxçıvan Dövlət Universiteti. Bu müsabiqələrin üç qalibi IFA-nın təşkil etdiyi Fransaya mədəni və dilçilik səyahəti hüququ qazanacaq. Bəzi fransızdilli səfirlər münsiflər heyətinin üzvü olacaqlar. Azərbaycan Fransız dili Müəllimləri Assosiasiyası olan APFAZ ölkə üzrə bir sıra məktəblərdə Frankofoniya günləri keçirir və bu günlərdə fransız dilini öyrənən tələbələr fransız dilində hər cür teatr, xor, şeir, mahnılar, rəqslər və s. təqdim edəcəklər. Onlara Fransanın TOTALEnergies şirkəti və Azərbaycan fransız İnstitutu tərəfindən təqdim olunan kitablar və hədiyyələr veriləcək. Azərbaycan fransız dili müəllimlər assosiasiyası (APFAZ), həmçinin UFC (University Foundation Courses) ilə müəllim və tələbələrin həm Azərbaycanda, həm də beynəlxalq aləmdə peşəkar gələcəyinə hazırlaşmaq üçün fransız dilinin üstünlüklərinə həsr olunmuş müsabiqə təşkil edəcək.