AZƏRBAYCANDA DÖVLƏT DƏNİZ VƏ LİMAN AGENTLİYİ YARADILIB – FƏRMAN

Prezident İlham Əliyev Dəniz nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

– Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin, habelə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin tabeliyində Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzi ,eləcə də Nəqliyyat və Texniki-Təminat İdarəsi publik hüquqi şəxslərin əsasında Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində “Dövlət Dəniz və Liman Agentliyi” publik hüquqi şəxs yaradılsın.

– “Dövlət Dəniz və Liman Agentliyinin Nizamnaməsi” təsdiq edilsin (əlavə olunur).

– Müəyyən edilsin ki:

-Dövlət Dəniz və Liman Agentliyi (bundan sonra – Agentlik) Azərbaycan Respublikasının ərazisində dəniz nəqliyyatı sahəsində dövlət siyasətinin formalaşmasında, həyata keçirilməsində və inkişafında iştirak edən, bu sahədə tənzimləməni və nəzarəti həyata keçirən, dəniz üzgüçülüyünün təhlükəsizliyi, dənizdə insan həyatının və sağlamlığının qorunması, dəniz ətraf mühitinin mühafizəsi, habelə dənizçilərin hazırlanması sahəsində tədbirlər görən, dəniz limanlarında fəaliyyətin dövlət tənzimlənməsində iştirak edən və dəniz üzgüçülüyünün təhlükəsizliyi ilə bağlı xidmətlər (naviqasiya və mayak, bələdçi, kanal, lövbər və gəmi yığımı) göstərən publik hüquqi şəxsdir;

– Agentlik bu Fərmanın 1-ci hissəsində göstərilən qurumların hüquqi varisidir, onların hüquq və öhdəlikləri, habelə əmlakı Agentliyə keçir;

– Agentliyin fəaliyyətinin təşkili və təmin edilməsi xərcləri dövlət büdcəsinin vəsaiti, fəaliyyətindən əldə olunan vəsait və qanunla qadağan edilməyən digər mənbələr hesabına maliyyələşdirilir;

– Agentliyin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün 4 (dörd) üzvdən – sədr və onun 3 (üç) müavinindən ibarət İdarə Heyəti yaradılır.

– Agentliyin təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:

– Azərbaycan Respublikasının Prezidentinə:

– Agentliyin nizamnaməsinin təsdiq olunması və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onların dəyişdirilməsi;

– Agentliyin idarəetmə orqanlarının yaradılması;

– Agentliyin İdarə Heyəti sədrinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;

– Agentliyin yenidən təşkili və ləğvi;

– Nazirliyə:

– bu Fərmanın 4.1-ci bəndində qeyd edilənlər istisna olmaqla, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.

– Azərbaycan Respublikasının Nazirlər Kabineti:

– Agentliyin yaradılması, habelə dəniz nəqliyyatı sahəsində normativ hüquqi aktların təkmilləşdirilməsi ilə əlaqədar təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

– Agentlik dövlət qeydiyyatına alındığı gündən bir ay müddətində bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulan qurumların balansındakı əmlakın Agentliyin balansına verilməsini təmin etsin;

– Agentliyin 2021-ci ildə saxlanılması xərclərinin bu Fərmanın 1-ci hissəsində göstərilən qurumlar üçün cari ildə dövlət büdcəsində nəzərdə tutulmuş vəsait çərçivəsində maliyyələşdirilməsi, növbəti illərdə isə dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində ayrıca sətirlə nəzərdə tutulması ilə bağlı tədbirlər görsün;

– bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

Nazirlik:

– Agentliyin dövlət qeydiyyatına alınması üçün bu Fərman qüvvəyə mindiyi tarixdən 3 (üç) gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tədbirlər görsün;

– bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

***

Dövlət Dəniz və Liman Agentliyinin NİZAMNAMƏSİ

1. Ümumi müddəalar

1.1. Dövlət Dəniz və Liman Agentliyi (bundan sonra – Agentlik) Azərbaycan Respublikasının ərazisində dəniz nəqliyyatı sahəsində dövlət siyasətinin formalaşmasında, həyata keçirilməsində və inkişafında iştirak edilməsi, bu sahədə tənzimləmənin və nəzarətin həyata keçirilməsi, dəniz üzgüçülüyünün təhlükəsizliyi, dənizdə insan həyatının və sağlamlığının qorunması, dəniz ətraf mühitinin mühafizəsi, habelə dənizçilərin hazırlanması sahəsində tədbirlərin görülməsi, dəniz limanlarında fəaliyyətin dövlət tənzimlənməsində iştirak edilməsi və dəniz üzgüçülüyünün təhlükəsizliyi ilə bağlı xidmətlər (naviqasiya və mayak, bələdçi, kanal, lövbər və gəmi yığımı) göstərilməsi sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir.

1.2. Agentlik Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində fəaliyyət göstərir.

1.3. Agentlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, bu Nizamnaməni, Azərbaycan Respublikası Prezidentinin digər fərmanlarını, həmçinin sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Nazirliyin hüquqi aktlarını və digər normativ hüquqi aktları rəhbər tutur.

1.4. Agentlik öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət və yerli özünüidarəetmə orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

1.5. Agentlik ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur. Agentlik bu Nizamnamədə qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər.

1.6. Agentliyin müstəqil balansı, əmlakı, xəzinə və bank hesabları, üzərində Azərbaycan Respublikası Dövlət Gerbinin təsviri və öz adı həkk olunmuş möhürü, müvafiq ştampları və blankları, loqotipi (emblemi) və xüsusi bayrağı vardır.

1.7. Agentliyin əqdlər bağlamaq, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək hüququ, həmçinin vəzifələri vardır. Agentlik məhkəmədə iddiaçı və ya cavabdeh qismində çıxış edə bilər.

1.8. Agentliyin işçiləri xüsusi xidməti geyim formasına malikdirlər.

1.9. Agentlik Bakı şəhərində yerləşir.

2. Agentliyin fəaliyyət istiqamətləri

2.1. Agentliyin fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.1.1. müvafiq sahədə dövlət siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində iştirak etmək;

2.1.2. müvafiq sahənin inkişafını təmin etmək;

2.1.3. müvafiq sahədə aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, təkliflərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;

2.1.4. müvafiq sahədə Azərbaycan Respublikasının normativ hüquqi aktlarına və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə riayət olunmasına nəzarətin həyata keçirilməsi məqsədilə zəruri tədbirlər görmək;

2.1.5. Azərbaycan Respublikasının ərazi sularında, həmçinin liman akvatoriyasında dəniz üzgüçülüyünün təhlükəsizlik sistemini təşkil etmək və onun fəaliyyətini təmin etmək üçün zəruri tədbirlər görmək;

2.1.6. Azərbaycan Respublikasının ərazisində liman nəzarətinin və Azərbaycan Respublikasının Dövlət Bayrağı altında üzən gəmilərə münasibətdə bayraq nəzarətinin həyata keçirilməsi məqsədilə tədbirlər görmək;

2.1.7. Azərbaycan Respublikasının dəniz limanlarında dövlət nəzarətini həyata keçirmək və limanda nizam-intizamın təmin edilməsi məqsədilə tədbirlər görmək;

2.1.8. Azərbaycan Respublikasının dəniz limanlarının rəqabətqabiliyyətli fəaliyyətinin stimullaşdırılması və onların fəaliyyətinin optimallaşdırılması istiqamətində tədbirlər görmək;

2.1.9. dəniz üzgüçülüyünün təhlükəsizliyi, dənizdə insan həyatının və sağlamlığının qorunması, dəniz ətraf mühitinin mühafizəsi ilə bağlı tədbirlər görmək;

2.1.10. Azərbaycan Respublikasının ərazisində dəniz naviqasiya avadanlıqlarının və qurğularının quraşdırılması, habelə onlara texniki xidmət göstərilməsi üçün tədbirlər görmək;

2.1.11. “Dəniz limanları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dəniz üzgüçülüyünün təhlükəsizliyi ilə bağlı xidmətlər (naviqasiya və mayak, bələdçi, kanal, lövbər və gəmi yığımı) göstərmək;

2.1.12. müvafiq sahədə fəaliyyətin təkmilləşdirilməsi, habelə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə müvafiq tədbirlər görmək, innovativ ideya və layihələri dəstəkləmək;

2.1.13. bu Nizamnamə ilə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərmək.

3. Agentliyin vəzifələri və hüquqları

3.1. Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Agentliyin vəzifələri aşağıdakılardır:

3.1.1. müvafiq sahədə normativ hüquqi aktların, inkişaf konsepsiyalarının və məqsədli proqramların hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;

3.1.2. müvafiq sahədə dövlət nəzarətini həyata keçirmək;

3.1.3. Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə tənzimlənən və Agentliyin səlahiyyətinə aid olan məsələlər üzrə Azərbaycan Respublikasının götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etmək;

3.1.4. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa 3 nömrəli əlavə – “Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı”nın 5 – 7-ci maddələrində nəzərdə tutulmuş icazələri, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda ixrac nəzarətinə düşən mallara (işlərə, xidmətlərə, əqli fəaliyyətin nəticələrinə) ixracına, təkrar ixracına, idxalına, təkrar idxalına və tranzitinə icazə vermək, onların dublikatlarını və əlavələrini vermək, həmin icazələri yenidən rəsmiləşdirmək, dayandırmaq, bərpa və ya ləğv etmək, icazə şərtlərinə riayət olunmasına nəzarəti həyata keçirmək;

3.1.5. müvafiq sahədə inzibati xəta əlamətləri aşkar etdikdə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görmək, cinayət əlamətləri olduqda isə aidiyyəti üzrə məlumat vermək;

3.1.6. Azərbaycan Respublikasının ərazisində liman nəzarətini və Azərbaycan Respublikasının Dövlət Bayrağı altında üzən gəmilərə münasibətdə bayraq nəzarətini təmin etmək;

3.1.7. Azərbaycan Respublikasının ərazi sularında, həmçinin liman akvatoriyasında dəniz üzgüçülüyünün təhlükəsizliyini təmin etmək (kiçikhəcmli gəmilər istisna olmaqla), o cümlədən dəniz üzgüçülüyünün təhlükəsizlik sistemini təşkil etmək və Azərbaycan Respublikasının ərazisində dəniz üzgüçülüyü qaydalarına nəzarəti təmin etmək;

3.1.8. Azərbaycan Respublikasının ərazi sularında və açıq dənizdə gəmilərin uzaq məsafədən tanınmasını və izlənilməsini Beynəlxalq Dəniz Təşkilatının tələblərinə uyğun olaraq həyata keçirmək;

3.1.9. Azərbaycan Respublikasının ərazi sularında, həmçinin liman akvatoriyasında üzən gəmilərin (kiçikhəcmli gəmilər istisna olmaqla) hərəkətini “Dənizdə gəmilərin toqquşmasının qarşısının alınmasına dair 1972-ci il tarixli Beynəlxalq Qaydalar”a uyğun olaraq Hərəkətin Bölünmə Sistemindən istifadə etməklə tənzimləmək;

3.1.10. Azərbaycan Respublikasının ərazisində gəmilərin üzmə rejimini təşkil etmək və həmin rejimə riayət edilməsinə nəzarəti həyata keçirmək, gəmilərin hərəkətini tənzimləmək məqsədilə gəmi sürücülərinə icrası məcburi olan göstərişlər vermək;

3.1.11. gəmilərin hərəkətinin daimi müşahidəsini və gəmilərin təhlükəsiz keçidini təmin etmək, gəmiləri radar vasitəsilə müşayiət etmək;

3.1.12. dəniz yollarında, kanallarda, farvaterlərdə, lövbər dayanacaqlarında və dəniz üzgüçülüyü məqsədləri üçün istifadə edilən digər dəniz ərazilərində naviqasiya təminatını həyata keçirmək, Azərbaycan Respublikasının ərazi sularında Gəmilərin Hərəkətini İdarəetmə Sisteminin (GHİS) və gəmilərin hərəkətini idarəetmə xidmətinin fəaliyyətini təşkil etmək;

3.1.13. gəmilərin hərəkətinin idarə olunmasını, habelə gəmilərin müəyyən etdiyi marşruta, sürətə və ara məsafəsinə riayət olunmasını təmin etmək;

3.1.14. lövbər dayanacaqlarında yerləşdirilməsi üçün gəmilərin mövqeyini müəyyən etmək və onların müşahidəsini təşkil etmək;

3.1.15. gəmilər və limanlar tərəfindən Azərbaycan Respublikasının ərazi sularında üzmə qaydalarının tələblərinə riayət olunmasını təmin etmək;

3.1.16. Azərbaycan Respublikasının ərazi sularına daxil olan gəmiləri aşkar etmək, onlarla rabitə əlaqəsini yaratmaq, hər bir gəmi haqqında məlumatları toplamaq;

3.1.17. gəmilərin hərəkətinin müasir idarəetmə sistemlərini və rabitə xidmətlərini təşkil etmək, onlara naviqasiya, meteoroloji, əməliyyat və digər məlumatların ötürülməsini təmin etmək;

3.1.18. gəmilərə dənizdə yaranmış təhlükəli vəziyyətlərdən çıxılması üçün məsləhət və tövsiyələr vermək;

3.1.19. texniki nasazlıq səbəbindən və ya pis hava şəraiti ilə əlaqədar dənizdə köməksiz vəziyyətdə olan gəmilərə yedəklə və ya digər yardımçı gəmilərlə kömək göstərilməsini təşkil etmək;

3.1.20. bələdçi xidmətinin fəaliyyətini təşkil etmək, Azərbaycan Respublikasının ərazi sularında, həmçinin liman akvatoriyasında bələdçi xidməti göstərmək və onun həyata keçirilməsinə nəzarət etmək;

3.1.21. Azərbaycan Respublikasında təsnifat cəmiyyətlərinin fəaliyyət göstərməsinə razılıq vermək və onların fəaliyyətinə nəzarət etmək;

3.1.22. dəniz üzgüçülüyünün təhlükəsizliyi ilə bağlı xidmətlər (naviqasiya və mayak, bələdçi, kanal, lövbər və gəmi yığımı) göstərmək və bununla əlaqədar müəyyən olunmuş tariflərə əsasən yığımları toplamaq;

3.1.23. dənizdə batmış üzmə vasitələrinin (əmlakı ilə birlikdə) çıxarılmasını təşkil etmək və onların mühafizə olunması üçün tədbirlər görmək;

3.1.24. Azərbaycan Respublikasının Dövlət Bayrağı altında üzən gəmilərin (kiçikhəcmli gəmilər istisna olmaqla) dövlət qeydiyyatını və gəmi reyestrlərini aparmaq, habelə gəmilərdə texniki müayinə aparmaq, gəmilərdən tonnaj yığımını təmin etmək və gəmi sənədlərini vermək;

3.1.25. gəmilərə və ya inşa edilməkdə olan gəmilərə mülkiyyət hüququnu, gəmilərin və ya inşa edilməkdə olan gəmilərin və onlar üzərində hüquqların ipotekasını dövlət qeydiyyatına almaq və müvafiq sənədlər vermək;

3.1.26. Azərbaycan Respublikasının ərazisində yerləşən limanlarda və dəniz nəqliyyatı obyektlərində liman kapitanlarının və gəmilərin nəzarət yoxlamasını həyata keçirən müfəttişlərin işini təşkil etmək;

3.1.27. gəmilərin nəzarət yoxlaması və digər yoxlamaların nəticələrinə dair məlumatların mərkəzləşdirilmiş qaydada qeydiyyatının aparılması məqsədilə tədbirlər görmək;

3.1.28. gəmilərin nəzarət yoxlaması zamanı aşkar olunan nöqsanları təhlil etmək və həmin nöqsanların aradan qaldırılması üçün tədbirlər görmək;

3.1.29. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq konvensiyaların tələblərinə uyğun olaraq gəmi sənədlərini, ixtisas şəhadətnamələrini (diplomları), xüsusi hazırlıq şəhadətnamələrini, habelə onların təsdiqnamələrini, dənizçinin şəxsiyyət sənədlərini və dənizçinin qeyd kitabçalarını vermək və onları yoxlamaq;

3.1.30. dəniz nəqliyyatı sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq gəmi jurnallarını, gəmi və liman planlarını yoxlamaq, habelə onları təsdiq etmək;

3.1.31. gəmilərə çağırış siqnallarının, gəmi radiostansiyasının fərdi çağırış nömrələrinin və gəmi peyk rabitə stansiyasının identifikasiya nömrələri də daxil olmaqla müvafiq sənədlərin verilməsi üçün tədbirlər görmək;

3.1.32. Agentlik tərəfindən verilən sənədlər itirildikdə, zədələndikdə və ya yararsız hala düşdükdə onların dublikatını vermək;

3.1.33. müvafiq sahəyə aid obyektlərdə (limanlar, yükaşırma terminalları, yanalma körpüləri, dəniz əməliyyatları bazaları, hidrotexniki qurğular da daxil olmaqla) qəza hallarını araşdırmaq və onların qeydiyyatını aparmaq;

3.1.34. dəniz yollarının naviqasiya-hidroqrafik təminatını həyata keçirmək;

3.1.35. gəmilərin konstruksiyasında dəyişikliklərlə, gəmidə aparılan modifikasiya, layihələndirmə və təmir işləri ilə bağlı layihələrə razılıq vermək;

3.1.36. gəmilərin təsnifat sənədlərinin və tərsanə təmiri müddətini artırmaq, habelə dəniz nəqliyyatı sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərindən istisnanın verilməsi məqsədilə tədbirlər görmək;

3.1.37. dəniz yollarını, habelə naviqasiya avadanlıqlarının və qurğularının quraşdırılması yerlərini müəyyən etmək, onların quraşdırılmasını və istismara hazır vəziyyətə gətirilməsini, habelə onlara texniki xidmət göstərilməsini təmin etmək;

3.1.38. dəniz yollarında, kanallarda, farvaterlərdə, lövbər dayanacaqlarında və dəniz üzgüçülüyü məqsədləri üçün istifadə edilən digər dəniz ərazilərində dərinliyin yoxlanılması və dib dərinləşdirmə işlərinin icrası məqsədilə tədbirlər görmək;

3.1.39. dəniz nəqliyyatı sahəsinə aid olan obyektləri, gəmiləri, texniki gəmi avadanlıqlarını və digər qurğuları Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən edilmiş tikinti, istismar, təmir və təchizat tələblərinə və dəniz nəqliyyatı sahəsində beynəlxalq müqavilələrə uyğun olaraq qiymətləndirmək;

3.1.40. müvafiq sahəyə aid olan obyektlərin (limanlar, yükaşırma terminalları, yanalma körpüləri, dəniz əməliyyatları bazaları, hidrotexniki qurğular da daxil olmaqla) inşasının, yenidən qurulmasının və texniki baxımdan müasirləşdirilməsinin texniki göstəricilərini yoxlamaq və rəy vermək, habelə Nazirliklə razılaşdırmaqla limanda inşaat işlərinin, hidrotexniki və digər işlərin görülməsinə razılıq vermək;

3.1.41. dəniz üzgüçülüyünün təhlükəsizliyinin təmin edilməsi və gəmilərin dayanması üçün nəzərdə tutulmuş mühəndis-texniki qurğuları yoxlamaq və onların uçotunu aparmaq;

3.1.42. limanların dövlət reyestrinin aparılmasını təmin etmək;

3.1.43. limanların fəaliyyətə başlamağa hazırlıq səviyyəsini yoxlamaq;

3.1.44. limanların müvəqqəti bağlı elan edilməsinə dair qərar qəbul etmək;

3.1.45. limanların bağlı elan edilməsinə dair Nazirliyə vəsatət vermək;

3.1.46. limanlarda və yanalma körpülərində dəniz üzgüçülüyünün təhlükəsizliyi, dənizdə insan həyatının və sağlamlığının qorunması, dəniz ətraf mühitinin mühafizəsi ilə bağlı tədbirlər görmək, icrası məcburi olan göstərişlər vermək;

3.1.47. gəmilərdə və limanlarda “Gəmi və Liman Vasitələrinin Mühafizəsi haqqında Beynəlxalq Məcəllə”yə uyğun olaraq yoxlamalar aparmaq və həmin Məcəllədə nəzərdə tutulmuş sənədlərin verilməsini təmin etmək;

3.1.48. gəmilərdə və dənizçilik şirkətlərində “Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə”yə uyğun olaraq yoxlamalar aparmaq və həmin Məcəllədə nəzərdə tutulmuş sənədlərin verilməsini təmin etmək;

3.1.49. limanlarda asayişin qorunması, qanunsuz müdaxilə aktlarının aşkara çıxarılması və onların qarşısının alınması, habelə liman hidrotexniki qurğularının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tədbirlər görmək;

3.1.50. limanlarda və dəniz nəqliyyatı obyektlərində gəmi tullantılarının qəbulu qurğularının adekvatlığını qiymətləndirmək;

3.1.51. liman akvatoriyasında radiorabitə vasitələri ilə danışıqlar aparılmasını təşkil etmək;

3.1.52. Agentliyin balansında olan dəniz nəqliyyatı vasitələri üçün yanacaq və ehtiyat hissələrinin alınmasını təşkil etmək, habelə onları yanacaqla və ehtiyat hissələri ilə təmin etmək;

3.1.53. mülkiyyət növündən və milli mənsubiyyətindən (Dövlət bayrağından) asılı olmayaraq, gəmilərdən və obyektlərdən neft və neft məhsullarının, eləcədə digər zərərli maddələrin dənizə axıdılmasının qarşısını almaq üçün tədbirlər görmək, habelə onların dağılmasının nəticələrinin aradan qaldırılmasında iştirak etmək;

3.1.54. Xəzər dənizinin Azərbaycan Respublikasına məxsus sektorunda qəzaya uğramış insanların axtarışı və xilas edilməsi üçün Azərbaycan Respublikasının, eləcə də xarici dövlətlərin axtarış və xilasetmə işlərinə məsul olan dəniz və aviasiya qəza-xilasetmə xidmətlərinin həyata keçirdiyi zəruri tədbirlərdə iştirak etmək;

3.1.55. qəza-xilasetmə, dib dərinləşdirmə, yedək əməliyyatları zamanı koordinasiyanı təşkil etmək;

3.1.56. gəmilərin bələdçi ilə keçirilməsinin məcburi rayonlarını müəyyən etmək;

3.1.57. gəmi və dəniz nəqliyyatının digər obyektləri ilə kriptoqrafik rabitənin təşkilində iştirak etmək;

3.1.58. ixrac neft və boru kəmərlərinin və onların infrastruktur obyektlərinin, sualtı kabellərin təhlükəsizliyinin təmin olunmasında iştirak etmək;

3.1.59. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada malları satın almaq, habelə xidmətlər göstərilməsi üzrə sifarişləri həyata keçirmək;

3.1.60. su nəqliyyatı vasitələri sərnişinlərinin fərdi qəza sığortası ilə bağlı “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icbari qaydada sığortalanmasına nəzarət etmək;

3.1.61. dövlət orqanlarının ( qurumlarının), yerli özünüidarəetmə orqanlarının, hüquqi və fiziki şəxslərin müvafiq sahə üzrə fəaliyyətini əlaqələndirmək;

3.1.62. fəaliyyət istiqamətləri üzrə elektron xidmətləri “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına uyğun olaraq təşkil etmək;

3.1.63. Agentliyin fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək;

3.1.64. kargüzarlığı və vətəndaşların qəbulunu müvafiq normativ hüquqi aktların tələblərinə uyğun təşkil etmək, Agentliyin əməkdaşlarının əlavə təhsili və peşəkarlığının yüksəldilməsi üçün tədbirlər görmək;

3.1.65. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin etmək;

3.1.66. Agentliyə ayrılan büdcə vəsaitindən, kredit, qrant və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;

3.1.67. dövlət və kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunması üçün tədbirlər görmək;

3.1.68. Agentliyin informasiya təminatını təşkil etmək və onun təhlükəsizliyini təmin etmək;

3.1.69. Agentliyin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı Nazirliyə təkliflər vermək;

3.1.70. qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla, müvafiq sahədə elmi-texniki nailiyyətlərin tətbiqini təmin etmək;

3.1.71. müvafiq sahədə peşəkar mütəxəssislərin hazırlanması və tədris proqramlarının tərtibi ilə bağlı təkliflər vermək və onların həyata keçirilməsində iştirak etmək;

3.1.72. bu Nizamnamə ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

3.2. Öz vəzifələrini yerinə yetirmək üçün Agentliyin aşağıdakı hüquqları vardır:

3.2.1. müvafiq sahədə normativ hüquqi aktın layihəsinin qəbul olunması, aktda dəyişikliklər edilməsi, aktın şərh edilməsi, qüvvəsinin dayandırılması və ya ləğv edilməsi haqqında Nazirliyə təkliflər vermək;

3.2.2. müvafiq sahədə beynəlxalq müqavilələrə Azərbaycan Respublikasının tərəfdar çıxması barədə Nazirliyə təkliflər vermək;

3.2.3. beynəlxalq təcrübənin tətbiqi imkanlarının araşdırılması məqsədilə beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək;

3.2.4. müvafiq sahədə yoxlamalar aparmaq, icrası məcburi olan göstərişlər vermək və bundan irəli gələn digər tədbirlər görmək;

3.2.5. dənizçilik sahəsində xidmətlərə və ya hüquqi hərəkətlərə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumu tutmaq;

3.2.6. dənizçilik sahəsində xidmətlərə və ya hüquqi hərəkətlərə görə tutulan dövlət rüsumunun “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən hissəsini əldə etmək;

3.2.7. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, Azərbaycan Respublikasının ərazisində mülkiyyət növündən və milli mənsubiyyətindən (Dövlət bayrağından) asılı olmayaraq bütün dəniz gəmilərinə, liman və digər dəniz nəqliyyatı obyektlərinə maneəsiz daxil olmaq;

3.2.8. gəmi heyəti üzvlərinə verilmiş şəhadətnamələri (diplomları) və onların təsdiqnamələrini ləğv etmək və ya onların qüvvədə olmasını dayandırmaq;

3.2.9. xarici dövlətin bayrağı altında üzən gəmilər vasitəsilə kabotaja icazə verilməsi məsələlərini həll etmək;

3.2.10. sahil zonasının çirkləndirilməməsinə dair tələblərin pozulması ilə bağlı tədbirlər görmək;

3.2.11. dəniz üzgüçülüyünün təhlükəsizliyinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının ərazi sularında hərəkət edən gəmini dayandırmaq və yaxud onu təyin olunmuş yerə istiqamətləndirmək;

3.2.12. müvafiq sahədə müqavilə əsasında ödənişli əsaslarla hazırlıq kursları, gəmi agenti kursları, təlimlər təşkil etmək;

3.2.13. dəniz üzgüçülüyünün təhlükəsizliyi, dənizdə insan həyatının və sağlamlığının qorunması, dəniz ətraf mühitinin mühafizəsi ilə əlaqədar gəminin limana daxil olmasını və ya limandan çıxmasını qadağan etmək;

3.2.14. dəniz və digər nəqliyyat növləri arasında nəqliyyat qovşaqlarında yük sahibləri ilə, operatorlarla, ekspeditorlarla, digər hüquqi şəxslərlə qarşılıqlı münasibətlərin təkmilləşdirilməsinə dair aidiyyəti üzrə təkliflər vermək;

3.2.15. fəaliyyət istiqamətləri ilə bağlı hüquqi və fiziki şəxslərlə müqavilələr bağlamaq, onların yerinə yetirilməsinə nəzarət etmək;

3.2.16. Azərbaycan Respublikasının ərazisində mövcud dəniz naviqasiya avadanlıqlarının və qurğularının yenilənməsi ilə bağlı layihələr hazırlamaq və Nazirliyə təqdim etmək;

3.2.17. Agentliyin maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində tədbirlər görmək, habelə bu Nizamnamə ilə müəyyən edilmiş vəzifələrin icrasının təmin olunması məqsədilə zəruri dəniz nəqliyyatı vasitələrinin alınmasına dair təklifləri Nazirliyə təqdim etmək;

3.2.18. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı araşdırmalar aparmaq, işçi qruplar və komissiyalar yaratmaq;

3.2.19. dövlət orqanlarına (qurumlarına), yerli özünüidarəetmə orqanlarına, hüquqi və fiziki şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

3.2.20. fəaliyyət istiqamətləri üzrə rəy və təkliflər vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq;

3.2.21. müstəqil ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb etmək;

3.2.22. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı konfranslar, müşavirələr, seminarlar keçirmək və digər tədbirlər təşkil etmək;

3.2.23. Agentliyin əməkdaşlarını dövlət təltiflərinə və digər mükafatlara təqdim etmək, onların həvəsləndirilməsi üçün tədbirlər görmək;

3.2.24. Nazirliyin razılığı ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, təsərrüfat cəmiyyətləri yaratmaq və ya onlarda iştirak etmək;

3.2.25. xüsusi bülletenlər, gəmi jurnalları və digər nəşrlər buraxmaq;

3.2.26. bu Nizamnamə ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

4. Agentliyin idarə olunması

4.1. Agentlik öz fəaliyyətində və idarəetmədə mütərəqqi korporativ idarəetmə standartlarını tətbiq edir.

4.2. Agentliyin idarəetmə orqanı onun İdarə Heyətidir.

4.3. Agentliyə ümumi rəhbərliyi və nəzarəti İdarə Heyəti həyata keçirir. İdarə Heyətinin sədrini Azərbaycan Respublikasının Prezidenti vəzifəyə təyin və vəzifədən azad edir. İdarə Heyəti sədrinin Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin vəzifəyə təyin və vəzifədən azad etdiyi 3 (üç) müavini vardır.

4.4. İdarə Heyətinin sədri müvəqqəti olmadıqda, onun səlahiyyətlərini İdarə Heyəti sədrinin müəyyən etdiyi onun müavinlərindən biri icra edir.

4.5. İdarə Heyətinin vəzifələri aşağıdakılardır:

4.5.1. təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi üçün Nazirliyə təkliflər vermək və sənədlər (o cümlədən Agentliyin maliyyə hesabatını və fəaliyyətinə dair illik hesabatı) təqdim etmək;

4.5.2. Agentliyin inkişaf istiqamətləri ilə bağlı Nazirliyə təkliflər vermək, strateji məqsəd və planlarını müəyyən etmək;

4.5.3. Agentliyin fəaliyyətini təşkil etmək və ona nəzarət etmək;

4.5.4. Agentliyin strukturunun, əməyin ödənişi fondunun, işçilərin say həddinin və onların əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğinin təsdiq edilməsi, o cümlədən Agentliyin əldə etdiyi vəsait (dövlət büdcəsindən və dövlətə məxsus digər fondlardan ayrılan vəsait istisna olmaqla) hesabına işçilərə əlavə ödənilən həvəsləndirmə sisteminin müəyyənləşdirilməsi ilə bağlı Nazirliyə təkliflər vermək;

4.5.5. Nazirliyin razılığı ilə Agentliyin təsərrüfat cəmiyyətlərinin yaradılması və ya onlarda iştirak barədə, həmçinin idarə, filial və nümayəndəliklərinin yaradılması barədə qərar qəbul etmək;

4.5.6. Agentliyin maliyyə planlaşdırmasını və büdcəsini Nazirliklə razılaşdırmaqla təsdiq etmək;

4.5.7. Agentliyin fəaliyyətinə dair daxili qaydaları (o cümlədən maraqlar münaqişəsinin istisna olunması qaydasını), habelə idarə, filial və nümayəndəliklərinin əsasnamələrini, təsərrüfat cəmiyyətlərinin nizamnamələrini Nazirliklə razılaşdırmaqla təsdiq etmək;

4.5.8. Agentliyin fəaliyyətinə dair illik hesabatı dinləmək;

4.5.9. Agentliyin kənar auditorunu təyin etmək və audit hesabatını qəbul etmək;

4.5.10. kənar auditorun yoxlamalarının, habelə digər yoxlamaların nəticələrinə dair tədbirlər görmək;

4.5.11. Agentlikdə daxili audit bölməsinin fəaliyyətinə nəzarət etmək və fəaliyyətinə dair hesabatlar almaq, habelə onun üzvlərini vəzifəyə təyin və vəzifədən azad etmək;

4.5.12. Agentliyin xalis aktivlərinin dəyərinin 25 (iyirmi beş) faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri Agentliyin aktivlərinin 5 (beş) faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanmasına dair Nazirliyə təkliflər vermək;

4.5.13. aidiyyəti şəxslə dəyəri Agentliyin aktivlərinin 5 (beş) faizədək hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul etmək;

4.5.14. Agentliyin strateji məqsəd və planlarının, habelə büdcəsinin icrasına nəzarət etmək;

4.5.15. bu Nizamnamənin 3.1.66-cı yarımbəndində nəzərdə tutulan vəsaitdən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;

4.5.16. İdarə Heyəti üzvlərinin müraciətlərinə baxmaq və qərar qəbul etmək;

4.5.17. bu Nizamnamənin 3.1.1-ci və 3.2.1-ci yarımbəndlərində nəzərdə tutulmuş məsələlərin həlli üçün tədbirlər görmək;

4.5.18. İdarə Heyəti sədrinin səlahiyyətlərinə aid edilməyən bütün digər məsələlər barədə qərar vermək.

4.6. İdarə Heyətinin sədri ayda azı bir dəfə İdarə Heyətinin iclaslarını çağırır və iclaslara sədrlik edir. İdarə Heyətinin iclaslarının keçirilməsi təşəbbüsü ilə İdarə Heyətinin üzvü çıxış edir. İdarə Heyətinin iclasları üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. İdarə Heyətinin iclasında, hər üzvün bir səsi olmaqla, qərarlar sadə səs çoxluğu ilə qəbul edilir. Səsvermə zamanı üzvlərin bitərəf qalmasına icazə verilmir. Səslərin sayı bərabər olduqda, iclasa sədrlik edənin səsi həlledicidir.

4.7. İdarə Heyətinin üzvlərinə, habelə İdarə Heyətinin iclaslarına dəvət olunan şəxslərə İdarə Heyətinin iclaslarının keçiriləcəyi yer və vaxt, habelə gündəliyə daxil edilmiş məsələlər barədə iclasa azı 3 (üç) iş günü qalmış, zəruri sənədlər əlavə edilməklə, yazılı məlumat verilir.

4.8. İclasın gündəliyinə İdarə Heyətinin hər hansı üzvünün maraqlarına toxunan məsələ çıxarıldıqda, həmin üzv bununla bağlı maraqları haqqında ətraflı məlumat verməli, bu məsələnin müzakirəsində və həmin məsələyə dair səsvermədə iştirak etməməlidir.

4.9. Gündəliyə daxil edilməmiş və ya tələb olunan aidiyyəti sənədləri iclasdan qabaq təqdim edilməmiş məsələlər barədə, bütün iştirakçı üzvlərin razılıq verdiyi hallar istisna olmaqla, qərar qəbul edilə bilməz.

4.10. İdarə Heyətinin sədri:

4.10.1. Agentliyin cari fəaliyyətinə rəhbərlik edir və onu təmsil edir;

4.10.2. İdarə Heyətinin fəaliyyətini təşkil edir, iclaslarının gündəliyini müəyyənləşdirir və iclaslarına sədrlik edir;

4.10.3. öz təşəbbüsü ilə və ya İdarə Heyətinin digər üzvünün təşəbbüsü ilə İdarə Heyətinin iclaslarını çağırır;

4.10.4. öz təşəbbüsü ilə, habelə İdarə Heyətinin hər hansı bir üzvünün xahişi əsasında digər şəxsləri İdarə Heyətinin iclasında iştirak etməyə dəvət edir;

4.10.5. Agentliyin fəaliyyətinin təşkili ilə əlaqədar icrası məcburi olan daxili sərəncam və əmrlər verir;

4.10.6. dəniz nəqliyyatı sahəsində çalışan mütəxəssisləri “Donanmanın fəxri işçisi”, “Uzaq səfərlər kapitanı” və “Birinci dərəcəli mexanik” döş nişanı ilə təltif edir;

4.10.7. Agentliyin fəaliyyət istiqamətlərinə dair qəbul olunmuş aktların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir;

4.10.8. özünün və Agentliyin struktur bölmələrinin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;

4.10.9. müəyyən edilmiş struktur, əməyin ödənişi fondu və işçilərin say həddi daxilində Agentliyin Aparatının və digər struktur bölmələrinin strukturunu, ştat cədvəlini və xərclər smetasını Nazirliklə razılaşdırmaqla təsdiq edir;

4.10.10. Agentliyin işçilərinin vəzifə maaşlarının, vəzifə maaşlarına əlavələrin, mükafatların və digər ödənişlərin verilməsini əməyin ödənişi fondu çərçivəsində təşkil edir;

4.10.11. bu Nizamnamə ilə müəyyən edilmiş hallar istisna olmaqla, Agentliyin, o cümlədən onun idarə, filial və nümayəndəliklərinin, habelə tabeliyindəki digər qurumların işçilərinin (Agentliyin idarə, filial və nümayəndəliklərinin, habelə tabeliyindəki qurumların və təsərrüfat cəmiyyətlərinin yalnız rəhbərlərini Nazirliklə razılaşdırmaqla) vəzifəyə təyin və vəzifədən azad edilməsi, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi barədə qərarlar qəbul edir;

4.10.12. Agentliyin əmlakından bu Nizamnamədə nəzərdə tutulmuş məqsədlərə uyğun istifadə olunmasına nəzarət edir;

4.10.13. bu Nizamnamə ilə müəyyən edilmiş səlahiyyətlər çərçivəsində Agentliyin adından əməliyyatlar aparır, müqavilələr bağlayır və onların yerinə yetirilməsini təmin edir;

4.10.14. Agentliyin fəaliyyət istiqamətləri ilə bağlı məşvərətçi komitələr və işçi qruplar yaradır;

4.10.15. Agentliyin fəaliyyət istiqamətləri üzrə dövlət sirrinin və məxfilik rejiminin, habelə qanunla qorunan digər məlumatların mühafizəsi üçün zəruri tədbirlər görür;

4.10.16. Agentlikdə kargüzarlıq və arxiv işinin aparılmasını təmin edir;

4.10.17. Agentlikdə müraciətlərə baxılmanı və vətəndaşların qəbulunu təmin edir.

4.11. İdarə Heyətinin üzvləri:

4.11.1. İdarə Heyətinin səlahiyyətlərinə aid məsələlərin həllində iştirak edirlər;

4.11.2. İdarə Heyətinin iclasının gündəliyi ilə və baxılması nəzərdə tutulmuş materiallarla əvvəlcədən tanış olurlar;

4.11.3. İdarə Heyətinin qəbul ediləcək qərarlarına dair fikir bildirirlər;

4.11.4. İdarə Heyətinin səlahiyyətlərinə aid məsələlərə onun iclaslarında baxmaq barədə təkliflər verirlər;

4.11.5. İdarə Heyətinin qərarları ilə, iclas protokolları ilə və digər sənədlərlə tanış olurlar.

4.12. İdarə Heyətinin üzvləri onun iclaslarında baxılan məsələlərə qərəzsiz yanaşmalı, İdarə Heyəti üzvünün adına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməlidirlər, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-cu maddəsində müəyyən edilmiş digər tələbləri yerinə yetirməlidirlər.

5. Agentliyin nizamnamə fondu, əmlakı və maliyyə fəaliyyətinin əsasları

5.1. Agentliyin nizamnamə fondunun məbləği 6 228 052 (altı milyon iki yüz iyirmi səkkiz min əlli iki) manatdır.

5.2. Agentliyin əmlakı nizamnamə fondundan, təsisçinin verdiyi əmlakdan, həmçinin dövlət büdcəsindən ayrılan vəsaitdən, fəaliyyətindən əldə olunmuş gəlirdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla qadağan edilməyən digər vəsaitdən formalaşır.

5.3. Agentlik öz əmlakından yalnız bu Nizamnamə ilə müəyyən olunmuş məqsədlərə uyğun istifadə edir. Agentlik balansında olan dövlət əmlakına münasibətdə səlahiyyətlərini “Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə müəyyən edilmiş qaydada həyata keçirir.

5.4. Agentlik qanunla nəzərdə tutulmuş vergiləri və digər məcburi ödənişləri müəyyən edilmiş qaydada ödədikdən sonra Agentliyin, onun idarə, filial, nümayəndəliklərinin və təsərrüfat cəmiyyətlərinin, habelə tabeliyindəki digər qurumların fəaliyyətindən əldə edilmiş vəsait üzərində müstəqil sərəncam vermək hüququna malikdir.

5.5. Agentliyin mənfəəti bu Nizamnamədə nəzərdə tutulmayan məqsədlər üçün yalnız Nazirliyin qərarı ilə dövlət büdcəsinə köçürülür.

5.6. Agentlik dənizçilik sahəsində xidmətlərə və ya hüquqi hərəkətlərə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumu tutur.

5.7. Agentliyin tutduğu dövlət rüsumunun “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən hissəsi Agentliyin fəaliyyətinin maliyyələşdirilməsi məqsədilə Agentliyin hesabına köçürülür.

5.8. Agentliyin “Dəniz limanları haqqında” Azərbaycan Respublikası Qanununun 15.3-cü maddəsində göstərilən dəniz üzgüçülüyünün təhlükəsizliyi fəaliyyəti ilə bağlı xidmətlərin qiymətləri (tarifləri) tənzimlənən qiymətlərə (tariflərə) aiddir.

6. Agentliyin fəaliyyətinə nəzarətin forması və əhatə dairəsi

6.1. Agentliyin fəaliyyətinə nəzarəti Azərbaycan Respublikasının Prezidenti, Nazirlik, həmçinin bu Nizamnamə ilə müəyyən edilmiş qaydada İdarə Heyəti həyata keçirirlər.

6.2. Agentliyin fəaliyyətinə dair illik hesabat Nazirliyə təqdim edilir.

7. Agentlikdə uçot və hesabat

7.1. Agentlik “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə publik hüquqi şəxslər üçün müəyyən edilmiş qaydada mühasibat uçotu aparır, maliyyə hesabatlarını tərtib, təqdim və dərc edir.

7.2. Agentlik “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq statistik hesabatları tərtib və təqdim edir.

7.3. Agentlik idarə, filial, nümayəndəlik və təsərrüfat cəmiyyətlərinin, habelə tabeliyindəki digər qurumların maliyyə təsərrüfat fəaliyyətinin yoxlanılmasını təmin edir.

7.4. Agentlik öz fəaliyyətinin müstəqil surətdə yoxlanılması üçün kənar auditor cəlb edir.

8. Agentliyin ləğvi və yenidən təşkili

Agentliyin ləğvini və yenidən təşkilini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.