AZƏRBAYCANDA DA ZƏLZƏLƏ OLACAQ? – SEYSMOLOJİ XİDMƏT MƏRKƏZİNDƏN AÇIQLAMA

Son 24 saat ərzində Tacikistanda 4 zəlzələ faktının qeydə alınması ölkəmizdə də vətəndaşlar arasında narahatlığa səbəb olub. Üstəlik, mütəxəssislər tərəfindən 2025-ci ilin seysmik və tektonik aktiv dövr kimi qiymətləndirilməsi insanlar arasında müxtəlif suallar yaradıb. Coğrafi yaxınlığı nəzərə aldıqda, Mərkəzi Asiyadakı seysmik aktivlik Azərbaycana da təsir edə bilərmi?

Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) mətbuat xidmətinin rəhbəri Vüsalə Rafiqqızı mövzu ilə bağlı təhlil.az saytına açıqlamasında bildirib ki, ümumiyyətlə zəlzələni proqnozlaşdırmaq mümkün deyil.

“Sadəcə olaraq, seysmik baxımdan dünyada aktiv bölgələr var və bizim ərazimizdən də aktiv ərazilər mövcuddur. Vaxtaşırı həmin ərazilərdə bəzən zəif, bəzən də güclü zəlzələlər baş verir. Cənub-Şərqi Asiya ölkələrində, Orta Asiyada, eləcə də qardaş Türkiyədə baş verən zəlzələlərin Azərbaycandakı zəlzələ ocaqlarına hər hansı təsiri yoxdur”, – deyə o, qeyd edib.