
Azərbaycan Alpinizm Federasiyası tərəfindən Qusar rayonunun Laza kəndi yaxınlığındakı donmuş şəlalələrdə növbəti buzadırmanma festivalı keçirilib.
Azərbaycan Alpinizm Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, festivalda iştirak edən 76 idmançı mürəkkəblik və sürət marşrutları üzrə öz qüvvələrini sınayıb. Festival çərçivəsində buzadırmanma ilə yeni tanış olanlar üçün təşkilatçılar tərəfindən təlim keçirilib.
Azərbaycan Alpinizm Federasiyası tərəfindən alpinizm, buzadırmanma, qayayadırmanma, draytulinq, idman dırmanması, skayranninq və dağ turizmi kimi idman növləri gənclər arasında təbliğ və inkişaf etdirilir.
Beynəlxalq Olimpiya Komitəsi buzadırmanmanı olimpiya növü kimi qəbul edib və Beynəlxalq Alpinizm Federasiyası (UIAA) bu dinamik idman növünün Qış Oyunlarının rəsmi proqramına daxil edilməsi üçün iş aparır.


