AZƏRBAYCANDA BANKLARA GÜZƏŞTLİ İPOTEKA KREDİTLƏRİNİN VERİLMƏSİ ÜÇÜN LİMİTLƏR AYRILIB

Azərbaycan İpoteka və Kredit Zəmanət Fondu (İKZF) tərəfindən 2024-cü il ərzində ipoteka kreditləşməsi prosesinin davam etdirilməsi məqsədilə müvəkkil banklara ipoteka kreditlərinin, o cümlədən güzəştli ipoteka kreditlərinin verilməsi üçün limitlər ayrılıb.

Bu barədə İKZF məlumat yayıb.

“Adi ipoteka kreditləri üzrə müraciətlərin qəbulu fevralın 2-də saat 11:00-dan başlayacaq. Güzəştli ipoteka kreditləri üzrə müraciətlərin qəbulu ilə bağlı əlavə məlumat veriləcək”, – məlumatda deyilir.

İpoteka kreditinin alınması üçün müraciətlərin qəbulu Elektron Hökumət Portalında (www.e-gov.az) mövcud olan “Elektron ipoteka və kredit zəmanət” sistemi vasitəsi ilə real vaxt rejimində həyata keçirilir.

İpoteka kreditlərinin şərtlərinə dair məlumatları Fondun rəsmi internet səhifəsindən (www.mcgf.gov.az/menu/46) əldə etmək mümkündür.