Mayın 24-də Milli Televiziya və Radio Şurasının (MTRŞ) iclası keçirilib. İclasda televiziya və radio yayımı sahəsində mövcud vəziyyət müzakirə olunub.
MTRŞ-dan bildiriblər ki, “Lider TV və Radio-Azərbaycan” MMC-nin müflisləşməsinin məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə təsdiq olunduğunu nəzərə alaraq, Milli Televiziya və Radio Şurası ona ümumrespublika televiziya və radio yayımı üçün verilmiş 2018-ci il 19 yanvar tarixli, 169 qeydiyyat nömrəli lisenziyanın qüvvəsinə xitam verilməsi və “Lider TV və Radio-Azərbaycan” MMC-nin televiziya və radio yayımının 2021-ci il iyunun 1-də saat 00:00-dan etibarən dayandırılması barədə qərar qəbul edib.
İclasda, həmçinin “Kaspi Global” MMC-nin (Dalğa TV) peyk televiziya yayımının ardıcıl olaraq 30 gündən artıq müddətdə həyata keçirilmədiyini, “Mingəçevir” Televiziya və Radio Şirkətinin (Mingəçevir TV) və “Alternativ Tele-Radio” MMC-nin (ARB Ulduz TV) regional televiziya yayımının bir il ərzində 60 gün əsassız həyata keçirilmədiyini nəzərə alaraq, bu televiziya yayımçılarının lisenziyalarına xitam verilməsi barədə müvafiq qərarlar qəbul olunub.