
Prezident İlham Əliyevin himayəsi altında Bakıda keçirilən Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanan müqavilələr, digər razılaşmalar konteksində də sözügedən tədbir xüsusi diqqət çəkir. İlk dəfə baş tutan Forum ölkəmizə xarici investisiya axının yeni dalğası başlanğıcı da hesab oluna bilər. Bunu tədbir çərçivəsində imzalanan və dəyəri milyardlarla ABŞ dollarına çatan yeni razılaşmalar da təsdiq edir. Ümumiyyətlə, Forumun mühüm özəlliyi həm də ondan ibarətdir ki, burada Şərq və Qərbin strateji qovşağında yerləşən ölkələrin investisiya imkanları təqdim edilir, qlobal ticarətin və dayanıqlı təchizat zəncirlərinin gələcəyi formalaşdırılır. Beləliklə də, bu tədbir Azərbaycanla yanaşı, digər iştirakçılar üçün də böyük əhəmiyyət kəsb edir. Bu mənada təsadüfi deyil ki, Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumuna qlobal miqyasda böyük maraq ifadə edilir.
Forumda enerji, nəqliyyat, sənaye, kənd təsərrüfatı, rəqəmsal inkişaf, səhiyyə və daşınmaz əmlak sahələrində regional əməkdaşlıq və investisiya perspektivlərinin diqqət mərkəzində yer alması həmin sferalarda işbirliyinin yeni səhifəsini açır. Ölkəmiz üçün isə bu tədbirin əsas nəticələrindən biri Azərbaycana yönəlik xarici sərmayələrin artımını stimullaşdırmasıdır. Düzdür, buna qədər də Azərbaycanda əlverişli sərmayə mühitinin mövcudluğu ölkəyə böyük miqdarda investisiya axının təmin edib. Forumun iştirakçılarına müraciətində Prezident İlham Əliyev qeyd edib: “Azərbaycanda həyata keçirilmiş sosial-iqtisadi islahatlar və qlobal iqtisadiyyata inteqrasiya aparıcı beynəlxalq şirkətlər üçün ölkəmizdə geniş və əlverişli imkanlar yaratmışdır. Məhz bu səbəbdən 2004-2024-cü illər ərzində iqtisadiyyatımıza 344,4 milyard ABŞ dolları həcmində sərmayə qoyulmuş, bunun əhəmiyyətli hissəsi və ya 213,2 milyard ABŞ dolları qeyri-neft sektorunun inkişafına yönəlmişdir. Bu, xarici investorların Azərbaycana olan etimadı, ölkəmizdə hökm sürən təhlükəsizlik və sabitlik mühitinin bariz göstəricisidir. Hazırda Azərbaycanda minlərlə xarici kapitallı şirkət fəaliyyət göstərir. Bu, ölkəmizdə müasir korporativ idarəetməyə əsaslanan, rəqabətli və dayanıqlı iqtisadiyyatın formalaşmasına mühüm töhfədir. Əldə etdiyimiz etimad sayəsində əksər xarici şirkətlər bu gün də mənfəətlərini ölkə iqtisadiyyatına təkrar investisiya etməyi seçirlər”.
Öz növbəsində Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ölkəmizdə sərmayə mühitinin dünyaya növbəti təqdimatıdır. Bunun uğurlu bir təqdimat olmasını isə tədbirin ilk günündə 5,5 milyard dollar dəyərində müqavilələrin imzalanması da təsdiq edir. Sonrakı gündə imzalanan razılıqlar da ölkəmiz və ümumən digər iştirakçılar üçün böyük önəmə malikdir. Proseslər göstərir ki, qarşıdakı dövrdə Azərbaycana xarici investisiya axınında dinamik artım davam edəcək və burada Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun da özünəməxsus rolu var. Qeyd edilməlidir ki, tədbir çərçivəsində ölkəmizdəki əlverişli sərmayə mühiti bir daha dünyanın diqqətinə çatdırılıb.
İnvestisiya Təşviqi Agentliklərinin Dünya Assosiasiyasının baş direktoru İsmayıl Erşahin tədbirdə vurğulayıb ki, Azərbaycanın iqtisadi potensialı, Qərb ilə Şərq arasında yerləşməsi və hökumətin dünya iqtisadiyyatına inteqrasiya istiqamətində həyata keçirdiyi siyasət onu xarici investisiyalar üçün ən cəlbedici ölkələrdən birinə çevirib. Onun sözlərinə görə, Azərbaycan investisiya üçün bütün zəruri şərtlərə malikdir: “Əlverişli coğrafi mövqe, zəngin təbii ehtiyatlar və sabit iqtisadi siyasət burada biznes və uzunmüddətli əməkdaşlıq üçün unikal mühit formalaşdırır. Neft və qaz, tranzit, nəqliyyat sahələri üçün beynəlxalq əhəmiyyətə malik ifrasrtuktur yaradılıb. İstər xarici, istərsə də yerli investorlar bu infrastrukturlardan istifadə edərək sərmayə yatıra bilərlər. Azərbaycanda həyata keçirilən islahatlar, neft gəlirlərindən səmərəli istifadə buranı investisiyaların yatırılması üçün ən yaxşı ölkəyə çevirib. Çünki strateji mövqe, proqnozlaşdırıla bilən iqtisadi siyasət və zəngin resurs bazası harmonik şəkildə birləşərək biznesin inkişafı və davamlı tərəfdaşlıq üçün şərait yaradır”. Baş nazirin müavini Samir Şərifov da bir daha diqqətə çatıdırb ki, Azərbaycan güclü maliyyə bazasına, makroiqtisadi və makromaliyyə sabitliyinə, əlverişli biznes mühitinə malikdir: “Dünya Bankının “Business Ready” sorğusunun nəticələri, eləcə də aparıcı beynəlxalq kredit reytinq agentliklərinin qərarları göstərir ki, Azərbaycanın mövqeyi son illərdə əhəmiyyətli dərəcədə yaxşılaşıb. “Fitch” və “Moody’s” beynəlxalq reytinq agentlikləri ölkəmizin reytinqini investisiya dərəcəsinə yüksəldib. Həmçinin “Moody’s”in qiymətləndirməsi müraciətsiz aparılıb”. Tədbir çərçivəsində bu qəbildən olan xeyli sayda fikirlərə rast gəlmək mümkündür.
Ölkəmizə qoyulan və bundan sonra da yatırılacaq xarici investisiyalar strateji əhəmiyyət kəsb edir. Çünki sərmayə ölkəyə yalnız maliyyə resursu gətirmir, həm də yeni iş yerlərinin açılmasına, rəqabət mühitinin güclənməsinə, müasir texnologiyaların tətbiqinə təkan verir. Xarici şirkətlər Azərbaycan bazarına daxil olmaqla həm ölkənin resurslarından səmərəli istifadə edir, həm də ixrac imkanlarını genişləndirir. O da bəllidir ki, Azərbaycanın xarici investisiya cəlb etməsində ən böyük rol məhz enerji sektoru oynayıb və oynamaqda davam edir. Neft-qaz sektoruna yönələn sərmayələr təkcə hasilatla məhdudlaşmadı. Bakı-Tiflis-Ceyhan neft kəməri, Cənubi Qaz Dəhlizi kimi iri enerji layihələri Azərbaycanın geosiyasi əhəmiyyətini artırdı və ölkəni Avropanın enerji təhlükəsizliyində mühüm oyunçuya çevirdi. Bu layihələrdə iştirak edən xarici şirkətlər ölkə iqtisadiyyatına həm kapital, həm də müasir texnologiyalar gətirdi. Bunlara paralel olaraq, Azərbaycan hökuməti iqtisadiyyatın şaxələndirilməsi istiqamətində mühüm işlər görür. Bu da xarici sərmayədarların diqqətini qeyri-neft sahələrinə yönəldib. Xüsusilə kənd təsərrüfatı, turizm, nəqliyyat-logistika, informasiya texnologiyaları və bərpa olunan enerji sahələri xarici investorlar üçün cəlbedici hesab olunur. Məsələn, azad iqtisadi zonaların yaradılması, xüsusi vergi və gömrük güzəştləri sərmayədarlara əlavə imkanlar verir. Azərbaycan hökuməti xarici sərmayələrin cəlb olunması üçün qanunvericilik bazasını da təkmilləşdirib. İnvestisiya təşviqi mexanizmi tətbiq edilir, xarici investorların hüquqları dövlət tərəfindən qorunur. Həmçinin, ölkədə rəqəmsal iqtisadiyyatın inkişafı, gömrük və vergi sistemində şəffaflığın artırılması, bürokratik maneələrin aradan qaldırılması da xarici sərmayədarlar üçün əlavə üstünlükdür.
İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpası prosesində də xarici sərmayələrin iştirakı mühüm rol oynayır. Xüsusən də Azərbaycanın “yaşıl enerji zonası” konsepsiyası xarici sərmayələrin buraya cəlb edilməsində mühüm rol oynayır. Ölkənin digər ərazilərində “yaşıl enerji zonası” konsepsiyasının həyata keçirilməsi xarici investorların böyük marağına səbəb olub. Bunu “Masdar” şirkətinin MDB regionu üzrə inkişaf və investisiya şöbəsinin rəhbəri Məryəm əl-Mazrui Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda təşkil olunan “Enerji transformasiyası” mövzusundakı panel müzakirəsində səsləndirdiyi fikirlərdən də görmək olar. O qeyd edib ki, “Masdar” şirkəti ilə Azərbaycan arasında qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri davam edir: “Azərbaycan özünü etibarlı tərəfdaş olduğunu sübut edib. Buna görə də Azərbaycanda bərpaolunan enerji layihələrinin inkişafına 1,2 milyard ABŞ dollarından çox sərmayə yatıracaq. “Masdar” ilə Azərbaycan arasında əməkdaşlığın əsası 2018-ci ildə Energetika Nazirliyi ilə birgə qoyulub. Bu əməkdaşlıq nəticəsində ölkədə ilk böyük bərpaolunan enerji obyekti – 230 MVt gücündə Günəş elektrik stansiyası tikilib və artıq iki ilə yaxındır uğurla fəaliyyət göstərir. 2024-cü ildə Bakı Enerji Həftəsi çərçivəsində “Masdar” və SOCAR 1 GVt həcmində əlavə gücün inkişafına dair mühüm saziş imzalayıb. Bura Biləsuvar və Neftçalada artıq tikintisi başlayan iki Günəş stansiyası, həmçinin quruda 240 MVt gücündə külək parkı daxildir. Beləliklə, Azərbaycana investisiyalarımızın ümumi həcmi təxminən 1,2 milyard ABŞ dolları təşkil edəcək”. Belə nümunələrin sayının artması Azərbaycanda xarici investisiya mühitinin əlverişliliyinin daha bir nümunəsidir və bu hal həm də ölkənin iqtisadi inkişafının mühüm dayaqlarından biridir. Azərbaycanı xarici sərmayədarlar üçün etibarlı və perspektivli məkana çevrilməsi, bu prosesin daha da sürətlənməsi ölkənin qüdrətini yüksəldir, qlobal iqtisadi sistemdə mövqeyini gücləndirir.
MTM Analitik Qrup