
Azərbaycanla ərəb dünyası arasında münasibətlər getdikcə daha dinamik şəkildə inkişaf etməkdə, müxtəli sahələri, o cümlədən iqtisadi-ticari sferanı əhatə etməkdədir. Bu kontekstdə diqqət çəkən məqamlardan biri də Azərbaycan iqtisadiyyatın yatrılan ərəb mənşəli sərmayənin həcmində sürətli artımın qeydə alınmasıdır. Ümumiyyətlə, iqtisadi əməkdaşlıq və maliyyə tərəfdaşlığı da Azərbaycanla ərəb dövlətləri arasında strateji münasibətlərin formalaşmasında mühüm rol oynayır. Bu baxımdan, Azərbaycanın Ərəb Koordinasiya Qrupu ilə əlaqələrinin son illərdə intensivləşməsi xüsusi diqqət cəlb edir, eyni zamanda ölkəmizin beynəlxalq maliyyə institutları ilə əməkdaşlığında yeni mərhələnin başlanmasını özündə xarakterizə edir.
Sözügedən qrupa daxil olan nüfuzlu ərəb maliyyə institutları, o cümlədən İslam İnkişaf Bankı, Əbu-Dabi İxracat Ofisi, Ərəb İqtisadiyyatının İnkişafı üzrə Küveyt Fondu, Əbu Dabi İnkişaf Fondu, Qətər İnkişaf Fondu, Səudiyyə İnkişaf Fondu və digərləri artıq Azərbaycanın sosial-iqtisadi inkişafına dəstək verən vacib tərəfdaşlar qismində çıxış edirlər. Öz növbəsində Azərbaycan Ərəb Koordinasiya Qrupu ilə münasibətlərinin bundan sonra da yüksələn xətt üzrə inkişaf etdirilməsində maraqlı olduğunu ən yüksək səviyyədə bəyan edir. Prezident İlham Əliyevin Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərindən ibarət nümayəndə heyətini qəbul etməsi, aparılan müzakirələr bunu bir daha təsdiq etdi.
Dövlət başçısı Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların xüsusilə indiki dövrdə – Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-tikinti işləri apardığı zaman ölkəmizdə sosial infrastrukturun inkişafı ilə bağlı layihələrə dəstək vermək niyyətini yüksək qiymətləndirib. Azərbaycanda əsas infrastruktur layihələrinin artıq tamamlandığını deyən Prezident İlham Əliyev su, nəqliyyat və digər sahələr üzrə dövlət proqramlarının icra edildiyini və gələcəkdə də müxtəlif istiqamətlər üzrə dövlət proqramlarının qəbul olunacağını vurğulayıb. Söhbət zamanı Azərbaycanla Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumlar arasında uğurlu və səmərəli əməkdaşlığın həyata keçirildiyi qeyd olunub, ölkəmizdə yaradılan əlverişli investisiya və biznes mühitinə toxunulub, əməkdaşlığın perspektivləri müzakirə edilib.
Artıq Bakıda İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Ərəb Koordinasiya Qrupunun Yüksək Səviyyəli Dəyirmi Masası keçirilib. İqtisadiyyat naziri Mikayıl Cabbarov ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühiti barədə məlumat verərək, qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımlar və əldə edilən nəticələr barədə məlumat verib. Həmçinin, işğaldan azad edilmiş ərazilərin bərpası və bu ərazilərin iqtisadi dirçəlişi istiqamətində həyata keçirilən proqramlar, sahibkarlıq fəaliyyətinin təşviqi üçün tətbiq edilən güzəşt və stimullar, Qarabağ və Şərqi Zəngəzurun geniş iqtisadi potensialı qonaqların diqqətinə çatdırılıb. İslam İnkişaf Bankı Qrupunun prezidenti Məhəmməd Süleyman Əl-Casir Azərbaycan və Ərəb Koordinasiya Qrupu arasında möhkəm tərəfdaşlığı qeyd edib. Əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu diqqətə çatdırıb. OPEC Beynəlxalq İnkişaf Fondunun prezidenti Əbdülhəmid Əlxəlifə enerji, nəqliyyat, su təchizatı, kənd təsərrüfatı sahələrində qurulan işbirliyinin böyük əhəmiyyət daşıdığını bildirib. Fondun infrastrukturun inkişafı, ətraf mühitin qorunması, ərzaq təhlükəsizliyi və digər prioritet sahələrdə tərəfdaşlığa önəm verdiyi diqqətə çatdırılıb. Səudiyyə İnkişaf Fondunun baş icraçı direktoru Sultan Əbdülrəhman Əl-Marşad Azərbaycanla dostluq və etimada əsaslanan tərəfdaşlığın mövcud olduğunu qeyd edib. Küveyt Ərəb İqtisadi İnkişaf Fondunun icraçı direktoru vəzifəsini icra edən Valid Əl-Bahar Fondun əsas missiyasının üzv ölkələrin və tərəfdaş dövlətlərin iqtisadi və sosial inkişafına dəstək vermək olduğunu bildirib. Dəyirmi masa çərçivəsində “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Ərəb Koordinasiya Qrupunun üzvləri arasında Niyyət Bəyannaməsi” imzalanıb. Niyyət Bəyannaməsinə əsasən tərəflər “Azərbaycan 2030: Sosial-iqtisadi inkişaf üzrə Milli Prioritetlər” sənədinə uyğun olaraq Azərbaycan Respublikasında infrastruktur layihələrinə Ərəb Koordinasiya Qrupunun üzv qurumları tərəfindən güzəştli maliyyələşmə imkanlarının cəlb olunması istiqamətində əməkdaşlığın genişləndirilməsi niyyətlərini ifadə ediblər.
Bütün bunlar Ərəb Koordinasiya Qrupu xəttilə Azərbaycana yeni sərmayə axının başlanacağını və bunun əsas etibarı ilə işğaldan azad edilən əraziləri əhatə edəcəyini deməyə əsas verir. Onu da xatırlatmaq lazım gəlir ki, Ərəb Koordinasiya Qrupu 1975-ci ildə yaradılıb və əsas məqsədi inkişaf etməkdə olan ölkələrdə infrastrukturun qurulmasına, sosial rifahın yaxşılaşdırılmasına və davamlı iqtisadi artıma dəstək verməkdir. Qrupun üzvləri əsasən ərəb ölkələrinin dövlət maliyyə institutlarıdır və onlar birgə layihələr vasitəsilə müxtəlif regionlarda inkişaf proqramları həyata keçirirlər. Bu qurumun fəaliyyət prinsipi donor koordinasiyası və layihələrin birgə maliyyələşdirilməsi üzərində qurulub. Yəni Ərəb Koordinasiya Qrupu üzvləri müxtəlif ölkələrdə enerji, nəqliyyat, kənd təsərrüfatı, təhsil və səhiyyə kimi prioritet sahələrdə ortaq investisiya proqramları həyata keçirirlər. Azərbaycanla əməkdaşlığın artması da məhz bu məqsədlərə xidmət edir.
Əsas gözləntilər bundan ibarətdir ki, Ərəb Koordinasiya Qrupu ilə əməkdaşlıq Azərbaycanın ilk növbədə qeyri-neft sektorunun inkişafına, xüsusilə kənd təsərrüfatı, yaşıl enerji və rəqəmsal iqtisadiyyat sahələrində layihələrin maliyyələşdirilməsinə yeni böyük imkanlar açacaq. Qeyd edilməlidir ki, Azərbaycanın COP29 konfransına ev sahibliyi etməsi ölkənin qlobal iqlim təşəbbüslərindəki nüfuzunu daha da artırıb. Ərəb Koordinasiya Qrupu isə öz növbəsində yaşıl enerji layihələrinin maliyyələşdirilməsini prioritet istiqamət kimi müəyyən edib. Bu baxımdan, qarşıdakı illərdə Azərbaycanla Ərəb Koordinasiya Qrupu arasında bərpa olunan enerji sahəsində əməkdaşlığın genişlənəcəyi gözlənilir. Xüsusilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yaşıl enerji zonalarının yaradılması istiqamətində Ərəb Koordinasiya Qrupunun investisiya dəstəyi önəmli rol oynayacaq.
O da faktdır ki, Azərbaycanla Ərəb Koordinasiya Qrupu əməkdaşlığı təkcə iqtisadi münasibətləri deyil, həm də diplomatik əlaqələri gücləndirir. Azərbaycan həm İslam Əməkdaşlıq Təşkilatının fəal üzvü, həm də ərəb dünyasının etibarlı tərəfdaşı kimi çıxış edir. Bu çərçivədə, Ərəb Koordinasiya Qrupu ilə münasibətlər İslam həmrəyliyinin möhkəmlənməsinə, beynəlxalq səviyyədə ortaq mövqelərin dəstəklənməsinə xidmət edir. Digər tərəfdən Azərbaycanla ərəb ölkələri arasında qarşılıqlı investisiya mühitinin yaradılması, biznes forumlarının keçirilməsi və birgə maliyyə institutlarının təşkili kimi təşəbbüslər əməkdaşlığı yeni, daha yüksək mərhələyə daşıyır.
MTM Analitik Qrup
