AZƏRBAYCAN YENİ SURİYANIN QURULMASININ ƏSAS İŞTİRAKÇILARINDAN BİRİNƏ ÇEVRİLİR

Bir vaxtlar Yaxın Şərqin siyasi-iqtisadi mənzərəsinin müəyyən edilməsində həlledici rol oynayan ölkələrdən biri olan Suriyada 2011-ci ildən etibarən gərgin, ziddiyyətli atmosfer hökm sürür, toqquşmalar səngimir. Belə vəziyyətdə uzun illər hakimiyyətdə olan BƏƏS partiyasının,  Əsəd ailəsinin yanlış daxili və xarici siyasəti ölkəni daha böyük problemlər məngənəsinə sürükləyib. Ancaq bu yaxınlarda xalq tərəfindən  Bəşər Əsəd iqtidarına son qoyulması Suriya üçün yeni ümid işığı yandırıb. Ölkənin xaosdan inkişaf dövrünə qədəm qoyması üçün yeni imkanlar yaranıb. Ancaq proses heç də asan deyil, müəyyən daxili ziddiyyətlər hələ tam həll edilməyib, bir sıra kənar qüvvələr Suriya daxilində öz məqsədlərini reallaşdırmaq üçün bu ölkənin daxili işlərinə müdaxilə edirlər.

Mövcud vəziyyətdə Suriya xalqı, onun yeni hakimiyyəti yaşanan problemlərin həlli üçün ciddi dəstəyə ehtiyac duyur. Hazırda Suriyanın belə dəstəkçiləri sırasında iki ölkənin – qardaş Türkiyənin və Azərbaycanın adı daha çox hallanır. Elə indiki Suriya hakimiyyəti və bu ölkənin xalqı da  Azərbaycan və Türkiyəyə daha çox güvəndiklərini açıq şəkildə bəyan edirlər. Bunu Prezident İlham Əliyevin Antalyada Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraa ilə görüşü, apardığı müzakirələr kontekstində bir daha görmək mümkündür. Həmin görüş çərçivəsində Azərbaycan bir daha ən yüksək səviyyədə diqqətə çatdırdı ki, Suriyada məlum dəyişikliklərdən sonra Azərbaycan nümayəndə heyəti ən qısa müddət ərzində bu ölkəyə göndərilib və Əsəd rejiminin siyasəti səbəbindən uzun zaman fəaliyyət göstərməyən Azərbaycanın Suriyadakı səfirliyi fəaliyyətini bərpa edib. Prezident İlham Əliyev Suriyada sabitliyin möhkəmləndirilməsi üçün zəruri olan bərpa prosesində Azərbaycanın iştirak etməyə hazır olduğunu qeyd edib.

Qarşı tərəfin səsləndirdiyi fikirlərdən belə bəlli olur ki, Suriyanın Azərbaycanın dəstəyinə böyük ehtiyacı var. Elə bu  kontekstdə Əhməd Əl Şaraa gələcəkdə energetika, infrastruktur, təhlükəsizlik sahələrində Azərbaycanın Suriyaya dəstək göstərməsinin böyük önəmə malik olduğunu vurğulayıb. Suriyada sabitliyin bərpası üçün əlindən gələni etdiyini deyən Əhməd Əl Şaraa bununla belə xarici amillərin bu məsələyə təsirindən narahatlığını qeyd edib. Azərbaycan bu məsələdə də Suriyaya müvafiq köməkliklər göstərməyə hazırdır. Belə bir vaxtda Azərbaycanın diplomatik səyləri və vasitəçiliyi nəticəsində Suriyada Türkiyə və İsrail arasında ziddiyyətlərin, o cümlədən də hərbi toqquşma ehtimalının aradan qaldırılması istiqamətində mühüm addım atılıb. Belə ki, Türkiyə və İsrail nümayəndələri Suriyada iki ölkənin hərbçiləri arasında münaqişənin aradan qaldırılması mexanizmini müzakirə etmək üçün Azərbaycanda ilk dəfə görüşüblər. Türkiyənin “Sabah” nəşrinin yaydığı məlumata əsasən, görüş zamanı rəsmi Ankara İsraili Suriya ərazisinə hücumları dərhal dayandırmağa çağırıb. Öz növbəsində, “Hürriyet” nəşrinin məlumatına görə, Türkiyənin xarici işlər naziri Hakan Fidan bəyan edib ki, Türkiyə tərəfi İsraillə münaqişənin aradan qaldırılması üçün müvafiq mexanizmə ehtiyac duyur. Elə İsrailin də buna ciddi ehtiyacı var. Hakan Fidan qeyd edib ki, bu məqsədə çatmaq üçün ölkələr arasında texniki səviyyədə təmasların olması normaldır.

Türkiyə və İsrail arasında Suriya ərazisində mümkün hərbi toqquşmadan yayınmaq, tərəflərin burada əməkdaşlıq mexanizminin qurulması rəsmi Dəməşq üçün həyati əhəmiyyət kəsb edir. Azərbaycanın vasitəçiliyi sayəsində isə bu istiqamətdə mühüm irəliləyişlər əldə edilib. Bununla yanaşı, ölkəmiz Suriyanın bərpası, burada yaşanan humanitar problemin həllinə də müvafiq töhfələr verməyə hazırdır. Qeyd olunmalıdır ki, Azərbaycan Prezidentinin göstərişinə əsasən, Suriyada humanitar böhrandan əziyyət çəkən əhaliyə yardım məqsədilə artıq ilk humanitar dəstək göndərilib. Ölkəmizin Suriyaya göndərdiyi humanitar yardım Hələb vilayətinin Karaköprü kəndindəki məcburi köçkün düşərgəsində paylanılıb. Azərbaycan bu yardımı davam etdirməyə hazırdır və Suriyanın buna böyük ehtiyacı var.

Ölkənin bərpası da  xarici dəstək olmadan mümkün deyil. Azərbaycan işğaldan azad edilən ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirməsinə baxmayaraq, bu prosesdə Suriyaya da yardım etməyə hazırdır. Təhlükəsizlik sferası da gələcək Azərbaycan-Suriya əməkdaşlığının mühüm tərkib hissələrindən biri ola bilər.  Xatırlatmaq lazım gəlir ki, BMT-nin məlumatına görə, Suriyadakı münaqişə zamanı azı 100 min insan həlak olub, 10 milyon insan qaçqın vəziyyətinə düşüb. Müxtəlif qruplaşmalar arasında indi də toqquşmalar davam edir və xarici təsir cəhdləri vəziyyəti daha da kəskinləşdirir. Bu şəraitdə Suriya daxilində belə problemlərin həllində Azərbaycan qardaş Türkiyə ilə birlikdə sözügedən ölkəyə böyük köməkliklər göstərə bilər. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin Əhməd Əl Şaraa ilə görüşündə Azərbaycan-Suriya-Türkiyə üçtərəfli əməkdaşlıq formatının inkişafı məsələsi də xüsusi diqqət mərkəzində yer alıb.

Burada nəzərə alınmalıdır ki,   Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir. Bu mənada təsadüfi deyil ki, bundan nahat olanların, o cümlədən də Ermənistanın mediasında, ekspert dairələrində Suriyada geosiyasi rəqabətdə Türkiyə ilə yanaşı, Azərbaycanın da qalib olmasına dair fikirlər hakimdir. Belə hesab edilir ki, Yaxın Şərqdə, ümumən Avrasiyada Azərbaycan-Türkiyə tandeminin güclənməsi davam edəcək. O da  nəzərə alınmalıdır ki, Azərbaycan uzun illər erməni terrorundan əziyyət çəkən ölkə kimi bu problemə qarşı mübarizədə böyük təcrübəyə malikdir. Qardaş Türliyə də uzun illərdir ki, terrorla uğurlu mübarizə aparır. Eyni zamanda “Şuşa bəyannaməsi”ndə bu istiqamətdə ölkəmizin Türkiyə ilə birgə mübarizəsi öz əksini tapıb. Bu baxımdan, Azərbaycan və Türkiyə Suriyanın terrora qarşı mübarizədə uğurlu nəticələrə nail olması üçün bu ölkəyə genişmiqyaslı yardım göstərmək gücündədirlər.

Sadalananlarla yanaşı,  Azərbaycan mədəni, iqtisadi, siyasi, diplomatik, humanitar və digər istiqamətlərdə Suriya ilə əməkdaşlıq etməyə, bu sahədə münasibətləri intensiv inkişaf etdirməyə hazırdır. Buna isə qeyd olunduğu kimi Suriyanın böyük ehtiyacı var. Elə bu kontekstdə yeni Suriyanın qurulmasında Azərbaycanın əsas iştirakçılardan biri olacağı qətiyyən şübhə doğurmur.

MTM Analitik Qrup