
Dünyanın geosiyasi landşaftında növbəti mühüm dəyişikliklər müşahidə edilməkdə, təhlüksəzilik arxitekturasının yenidən qurulması prosesinin daha intensiv xarakter alması qeydə alınmaqdadır. Baş verənlər bütün dünya ölkələrinə öz təsirini göstərməkdə, onların beynəlxalq münasibətlər sistemində yerlərini yenidən müəyyənləşdirməkdədir. Hadisələrin inkişaf axarı həm də onu göstərir ki, ölkələrin iqtisadi, hərbi, siyasi-diplomatik hazırlıq səviyyəsi kimi faktorlar da onların yeni dünya nizamındakı mövqeyinə bilavasitə təsir edir.
Daha bir mühüm nüans ondan ibarətdir ki, proseslərin hansı məcrada cərəyan etdiyini əvvəlcədən görüb müvafiq addımlar atan ölkələrin artıq dünya miqyasında həlledici mövqe sahiblərindən biri kimi çıxış etməsi özünü qabarıq şəkildə büruzə verir. Özü də burada ölkələrin coğrafi ölçüsü, malik olduğu təbii resurslar artıq hansısa həlledici əhəmiyyt də kəsb etmir. Ərazicə kiçik olan, amma regional, bəzən də qlobal proseslərə təsir göstərə bilən ölkələr amili yeni beynəlxalq münasibətlər sisteminin ərsəyə gəlməsində artıq əsas rollardan birini oynayır. Bunu ən yaxşı nümunələrindən biri Azərbaycandır.
Müasir Azərbaycan ilk növbədə yerləşdiyi regionun lider ölkəsi kimi Cənubi Qafqazın taleyinin müəyyən edilməsində əsas söz sahibidir. Bu, dünya miqyasında qəbul olunur, açıq mətnlə vurğulanır. Ötən ilin mayında Azərbaycanda səfərdə olarkən
Belarus dövlət başçısı Aleksandr Lukaşenko Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata bəyanatında bununla bağlı bildirib: “Burada Azərbaycanın timsalında olduqca güclü, normal lider ölkə mövcuddur. Siz Qafqaz regionunu nəzarətdə saxlamağa qadirsiniz. Bu, artıq təkcə Azərbaycana görə məsuliyyət daşımaq demək deyil, Siz artıq bütün Qafqazdakı vəziyyətə cavabdehsiniz, biz – Qafqazda yaşamayan xalqlar buna çox böyük ümid bəsləyirik. …Zaman Sizi seçib, bizdə belə deyirlər və Siz lider olaraq Qafqaz regionuna görə məsuliyyət daşıyırsınız”.
Nəzərə alınmalıdır ki, Azərbaycanın yerləşdiyi Cənubi Qafqaz, ümumən isə Xəzər hövzəsi tarixən olduğu kimi bu gün də böyük güclərin xüsusi diqqət mərkəzində yer alır. Amma onlar burada siyasətinin formalaşmasında Azərbaycan faktoru xüsusi çəkisini hər keçən gün artırır. Cənubi Qafqazla yanaşı, Azərbaycan türk dünyasının parlayan ulduzu qismində də qəbul olunur. Türk dünyasının birliyi istiqamətində hazırda mühüm addımlar atılır. Avrasiyada mühüm siyasi güc olduğunu təsdiqləyən Azərbaycan bu prosesə zəruri töhfələr verir, qeyd edilən istiqamətdə məqsədyönlü siyasət həyata keçirir.
Ölkəmiz türk dünyasının nüfuz və təsir dairəsinin artmasını zəruri hesab edir, bu istiqamətdə genişmiqyaslı fəaliyyət həyata keçirir. Azərbaycanın yanaşmasına əsasən, türk dövlətləri arasında qarşılıqlı yardım, eyni zamanda, iqtisadi əlaqələrin gücləndirilməsi, siyasi müstəvidə daimi koordinasiya və məsləhətləşmələrin aparılması, təhlükəsizlik sahəsində işbirliyi olduqca vacibdir. Türk ölkələrinin birliyini şərtləndirən daha bir səbəb dünyanın geosiyasi xəritəsində cərəyan edən proseslər, dövrün çağırışlarıdır. Bu çağırışlara adekvat şəkildə cavab verilməsi məhz birlik, inteqrasiya halında daha asandır, daha praqmatik xarakterə malikdir. O da faktdır ki, türk dünyasında ümumi maraq kəsb edən müxtəlif sahələr üzrə əməkdaşlıq əlaqələrinin genişlənməsi bu coğrafiyada yer alan ölkələri daha qüdrətli hala gətirir, onların intibahında yeni mərhələ açır. Eyni zamanda türk dövlətlərinin, o cümlədən də Azərbaycanın fəaliyyəti dünya siyasətinin qlobal proseslərinə birbaşa və ya dolayısı ilə təsir edir. Nəticə etibarı ilə Azərbaycanın yeni qlobal düzəndə yeri və rolu daha da güclənir.
Ölkəmizin beynəlxalq münasibətlər sistemində mövqeyinin daha möhkəm özüllər üzərində dayanmasını təmin edən Azərbaycanın dünya geoiqtisadiyyatında da xüsusi çəkisinin artmasıdır. Bunu şərtləndirən çoxsaylı məqamlar var. Əvvəla, Azərbaycan müəyyən ölkələrin, xüsusən də bir çox Avropa dövlətlərinin enerji təhlükəsizliyinin təmin edilməsində müstəna rol oynayır. Belə ölkələrin sayı qarşıdakı dövr ərzində də artmaqda davam edəcək. İkinci bir tərəfədən Azərbaycan vasitəsilə Qərbə nəql olunan enerji və digər məhsulların da həcmi artır. Bundan başqa, Azərbaycan üzərindən keçən dəhlizlər ölkəmizin önəmini, onun dünya siyasəti və iqtisadiyyatında önəmini daha da yüksəldir. Rusiya və Ukraynda arasında davam edən müharibə, Qırmızı dənizdə mövcud təhdidlər fonunda dünyanın nəqliyyat və logistika xəritəsində mühüm dəyişikliklər qeydə alınır, qeyd olunan kontekstdə Azərbaycanın tranzit imkanları Avrasiya coğrafiyasında həlledici xarakter daşımağa başlayır. Öz növbəsində Azərbaycan əlverişli coğrafi mövqeyindən və imkanlarından istifadə edərək, ölkənin harmonik inkişafına töhfə verən tranzit və nəqliyyat infrastrukturunun yaradılması istiqamətində genişmiqyaslı fəaliyyət həyata keçirir. Eyni zamanda ölkəmiz bu müstəvidə ya beynəlxalq xarakterli təşəbbüslərin müəllifi, ya da fəal iştirakçısıdır. İki qitənin qovşağında yerləşən və bütün nəqliyyat növlərinin inkişafı üçün böyük potensiala malik ölkə olan Azərbaycanın tranzit imkanları ölkənin iqtisadi, siyasi qüdrətini, beynəlxalq proseslərə təsir imkanlarını artırır.
Bu və digər faktorlar fonunda Azərbaycanın Yaxın Şərqdə, Afrikada siyasi-diplomatik, iqtisadi fəallığı da diqqətdən yayınmır. Hətta belə bir yanaşma da hakim olmağa başlayıb ki, Azərbaycan Yaxın Şərqdə bir sıra ziddiyyətlərin çözülməsində həlledici rol oynamaq iqtidarındadır. Məsələn, İsrailin “Haaretz Deyli” nəşri yazır ki, Suriyada İsrail-Türkiyə qarşıdurmasının qarşısını alınmasında Azərbaycanın vasitəçiliyi müstəsna əhəmiyyət kəsb etmək iqtidarındadır. Nəşrdə vurğulanır ki, İsrail Suriyada həm hərbi əməliyyatlarını, həm də diplomatik səylərini gücləndirərək, Dəməşqdəki yeni rejimin himayədarı olan Türkiyə ilə toqquşma təhlükəsinə qədər irəli gedib. Bu toqquşmanın qarşısı isə Azərbaycanın vasitəçiliyi sayəsində alına bilər.
Azərbaycanın Afrika ölkələri ilə sıxlaşan təmasları da ölkəmizə çoxsaylı üstünlüklər vəd edir. İlk növbədə o baxımdan ki, beynəlxalq strukturlarda Azərbaycanı dəstəkləyənlərin sayı artır. İkinci bir tərəfdən, dərinləşən əməkdaşlıq Azərbaycana, Afrika ölkələrinə iqtisadi cəhətdən də müxtəlif nailiyyətlər qazandırır.
Beləliklə, Azərbaycanın beynəlxalq münasibətlər sistemində indi daha güclü mövqe sahibinə çevrildiyi, bu istiqamətdə yeni uğurlara imza atmaqda davam edəcəyi özünü qabarıq formada büruzə verir. Təbii ki, belə vəziyyətdə yeni dünya düzənin qurulmasında da Azərbaycanın iştirakçılıq payı getdikcə yüksəlir, ölkəmizin qüdrət və nüfuzunu daha da artırır.
MTM Analitik Qrup