AZƏRBAYCAN YAŞIL ENERJİ HESABINA DAHA ÇOX TƏBİİ QAZ İXRAC EDƏCƏK

Dünyanın kəskinləşən ekoloji problemlər və artan enerji tələbi ilə üzləşməsi kontekstində yaşıl enerjiyə daha sürətli keçid xüsusilə böyük əhəmiyyət daşımağa başlayır. Bu, təkcə karbon emissiyalarının azaldılması üçün deyil, həm də təbii qaz kimi qiymətli ehtiyatların qorunması baxımından da mühüm perspektivlər vəd edir. Günəş, külək, su, geotermal və digər mənbələr hesabına  əldə edilən bərpa olunan enerji mənbələrinin inteqrasiyası vasitəsilə təbii qaza qənaət etmək bu gün bir çox “mavi yanacaq” hasilatçısı üçün prioritetdir. Lakin heç də bütün hasilatçı ölkələrin sözügedən müstəvidə nailiyyət qazandığını da söyləmək mümkün deyil. Amma Azərbaycan kimi uğur nümunəsi yaradan ölkələr də var.

Yaşıl enerji istehsalının artması Azərbaycan daxilində getdikcə daha çox həcmdə təbii qaza qənaət etməyə, həmin həcmi də ixraca yönəltməyə imkan verir. Təbii ki, burada məsələnin həm də ekoloji tərəfi var. Azərbaycan müvafiq fəaliyyəti ilə iqlim dəyişikliyinə qarşı mübarizəyə də daha böyük töhfələr verir. İlk növbədə o baxımdan ki, təbii qaz uzun müddətdir kömür kimi yüksək emissiyalı qalıq yanacaqlar və daha təmiz enerji gələcəyi arasında “körpü” kimi qəbul edilir. O, istehsal olunan enerji vahidi üçün daha az karbon qazı buraxır. Azərbaycan elektrik enerjisi istehsalında təbii qazdan son illərə qədər daha çox istifadə etsə də, indi bu göstəricini sürətlə azaldır. Əvəzində elektrik enerjisinə tələbin təmin olunmasında bərpa olunan enerji növlərinə daha çox üstünlük verilir. Bu da öz növbəsində təbii qaz ixracının həsminin artmasına, ölkənin valyuta gəlirlərinin çoxalmasına əlavə zəmin yaradır.

Ümumiyyətlə, Azərbaycanın əsas məqsədlərindən biri təbii qazın ixrac həcmini artırmaqdır. Prezident İlham Əliyev Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 30-cu Yubiley “Baku Energy Forum”un rəsmi açılış mərasimində çıxışı zamanı bu xüsusda qeyd edib: “Bizim təbii qaz ixracımız ötən il 25 milyard kubmetrə çatmışdır. Biz hasilatı artırmaq niyyətindəyik, çünki artıq müqavilələr imzalanıbdır və proses getməkdədir. İşlər planlarımıza uyğun getsə, biz 2030-cu ilədək qaz ixracını 8 milyard kubmetrə qədər artıracağıq və o, xarici bazarlara təklif ediləcəkdir”.  Beləliklə, dövlət başçısının qeyd etdiyi dövrdə Azərbaycanın təbii qaz ixrac həcmi 33 milyard kubmetri keçəcək. Bu müdddətdə Azərbaycanda yaşıl enerjinin istehsalında daha böyük nailiyyətlər əldə ediləcək. Artıq bəllidir ki, Azərbaycan 2030-cu ilədək 6,5 qiqavat həcmində istehsal edilə biləcək bərpaolunan enerji gücünə malik olacaq. Bu da ümumi enerji istehsalının  35 faizdən çoxunu təşkil edəcək. Nəticədə Azərbaycanın hansı nailiyyətlər əldə edəcəyini isə Prezident İlham Əliyev belə izah edib: “Bütün bu yaşıl enerji potensialımız sayəsində biz, əlbəttə ki, Azərbaycanın elektrik enerjisinə artan tələbatını təmin edəcəyik, əsasən bərpaolunan enerji hesabına təmin edəcəyik. Bunun nəticəsində bir neçə milyard kubmetr qaza qənaət ediləcəkdir və bu həcm ixrac oluna biləcək”. Azərbaycanın uğurunu şərtləndirən daha bir mühüm faktor odur ki, ölkə qazıntı yanacağı növləri ilə yaşıl enerji arasında olan balansı uğurlu təmin edir. Bununla bağlı da Prezident İlham Əliyev olduqca mühüm bir məqama diqqət edir: “Bəzi ölkələrdə bu gün qazıntı yanacağı növləri ilə yaşıl enerji arasında olan balans nəzərə alınmır. Nəticədə genişmiqyaslı enerji kəsilməsi, enerji sisteminin çökməsi baş verir. Həmçinin burada daha mürəkkəb ssenarilər də baş verə bilər. Yəni, bəzi müəyyən addımları şərtləndirən meyillərə rəğmən həmin balansın qorunması düzgün siyasətdir”.

Ölkədə alternativ mənbələr hesabına elektrik enejisinin hasilatı artdıqca, təbii qazın Azərbaycan daxilində istehlak həcmi də sürətlə azalır. Məsələn, 2023-cü ilin oktyabrında istifadəyə verilən və 230 meqavat gücündə Qaradağ Günəş Elektrik Stansiyası hər il 500 milyon kilovat-saat elektrik enerjisi istehsal edilməklə 110 milyon kubmetr həcmində təbii qaza qənaət etməyə imkan verir. Bu,  atmosferə atılan karbon emissiyasının 200 min ton azaldılması deməkdir. Ölkədə yeni Günəş elektrik, həmçinin külək enerjisinin istehsalı istiqamətində işlər davam etdirilir. Həmçinin, Azərbaycan çoxsaylı xarici tərəfdaşları ilə bu müstəvidə yeni möhtəşəm layihələrin icrasını reallaşdırır, yenilərinin həyata keçirilməsi istiqamətində müvafiq addımlar atır. Elə bu fonda “China Energy Engineering Corporation Limited”in vitse prezidenti Van Bo bildirir ki, təmsil etdiyi şirkət Azərbaycanda dənizdə külək enerjisi ilə bağlı 200 meqavat gücündə layihənin həyata keçirilməsini araşdırır: “İndiyə qədər Azərbaycan Energetika Nazirliyi ilə günəş enerjisi və dəniz külək enerjisi sahəsində investisiyası üzrə əməkdaşlıq edirik. İndi həmçinin Energetika Nazirliyi və digər enerji qurumları ilə Azərbaycanda daha çox bərpa olunan enerji mənbələrini qəbul etmək üçün elektrik şəbəkəsinin təkmilləşdirilməsini müzakirə edirik. İndiyə qədər biz Füzulidə 160 meqavat günəş enerjisi layihəsini irəli sürürük və həmçinin 200 meqavat dəniz külək enerjisini öyrənəcəyik”.

Birləşmiş Ərəb Əmirliklərinin bərpa olunan enerji sahəsində ən iri şirkəti olan “Masdar” da ölkəmizdə yaşıl enerjiyə keçidin əsas istiqamətləri – ofşor külək enerjisi, “yaşıl hidrogen” istehsalı və akkumulyator enerji saxlama sistemlərinin inkişafı üzrə aktiv tədqiqatlar aparır. “Masdar Azerbaijan”ın direktoru Murad Sadıxov bununla bağlı bildirib: “Biz hazırda ofşor külək enerjisi, “yaşıl hydrogen” və enerji saxlama sistemləri sahəsində tədqiqatları davam etdiririk. Naxçıvanda fəaliyyət göstərən törəmə şirkətlərimizdən biri elektrik şəbəkəsinin idarə olunması və akkumulyator texnologiyalarını əhatə edən kompleks araşdırma aparıb. Eyni zamanda, ölkənin müxtəlif bölgələrində də oxşar tədqiqatlar həyata keçirmişik. Bu isə bizə Azərbaycanın enerji balansında bərpa olunan enerji mənbələrinin payının artmasının təsirlərini qiymətləndirməyə imkan verir”.

Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti tərəfindən inşa edilən 240 meqavat gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının qurulması istiqamətində də işlər intensive qaydada davam edir. Stansiyada hər birinin gücü 6,5 meqavat olan 4 turbin quraşdırılıb. 2025-ci il ərzində bütün turbinlərin quraşdırılması və stansiyanın istismara verilməsi gözlənilir. “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının işə düşməsi ilə burada illik 1 milyard kilovat-saata yaxın elektrik enerjisi istehsal olunacaq. Bu da 220 milyon kubmetr təbii qaza qənaət etməyə, 400 min tondan artıq karbon emissiyasının atmosferə atılmasının qarşısını almağa imkan verəcək. “ACWA Power” şirkətinin Azərbaycan və Türkiyə üzrə direktoru Selim Güven qeyd edib ki, şirkət tərəfindən Xəzər dənizi üzərində qurulacaq külək enerji stansiyalarının əraziləri ilə bağlı saziş hazırlanmaq üzrədir. Onun sözlərinə görə, yaxın zamanda bu sazişin imzalanması gözlənilir. Həmçinin “ACWA Power” şirkəti Azərbaycanın külək potensialını müəyyən etmək üçün dəniz üzərində “Offshore Wind” layihəsinin icrasını davam etdirir. Bu və digər layihələr ölkənin ümumi enerji balansında yaşıl enerjinin payını əhəmiyyətli dərəcədə artırır.

Yaşıl enerjiyə keçid uzun müddət ərzində əhəmiyyətli iqtisadi fayda deməkdir. Ekoloji cəhətdən isə onun faydaları daha da cəlbedicidir. Təbii qaza yaşıl enerji ilə qənaət etmək imkanı təkcə həyati deyil, həm də daha yaxşı gələcək üçün zəruridir. “Mavi yanacağı” elektrik enerjisi, istilik, sənaye və digər sahələrdə təmiz, bərpa olunan alternativlərlə əvəz etməklə ekoloji mühitin yaxşılaşması, davamlı, aşağı karbonlu iqtisadiyyat qurulması istiqamətində daha böyük uğurlar əldə etmək mümkündür.

MTM Analitik Qrup