AZƏRBAYCAN XİN VAŞİNQTONDA ÜÇTƏRƏFLİ GÖRÜŞÜN KEÇİRİLƏCƏYİNİ TƏSDİQLƏYİB

Yaxın günlərdə Vaşinqton şəhərində Amerika Birləşmiş Ştatlarının dövlət katibi Entoni Blinkenin təşəbbüsü və iştirakı ilə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında görüşün keçirilməsi planlaşdırılır.

Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə məlumat verib.

Onun sözlərinə görə, Azərbaycan tərəfinin bu kimi görüşlərin keçirilməsi ilə əlaqədar açıqlamanın verilməsinə dair yanaşması ondan ibarətdir ki, bu barədə ilk elan bir qayda olaraq görüşə ev sahibliyi edən ölkə tərəfindən verilməlidir.

Qeyd edək ki, bu gün Ermənistan xarici işlər naziri Ararat Mirzoyan parlamentdə çıxışı zamanı yaxın günlərdə Vaşinqtonda Azərbaycanın xarici işlər naziri və ABŞ-ın dövlət katibi ilə üçtərəfli görüşün keçiriləcəyini bildirmişdi.